"Azərbaycanda seçkiqabağı mühit tam normal səviyyədədir. Ölkəmizdə azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar və şərait vardır. Bu mənada, qanunvericiliyə uyğun olaraq Azərbaycanın istənilən vətəndaşı, siyasi partiyalar qarşıdan gələn prezident seçkilərində iştirak edə bilər". Bu fikirləri YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.
N.Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub.
"Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Eyni zamanda, bu qələbələr xalqın partiyamıza olan inamının, dəstəyinin göstəricisidir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün dövlət qurumlarında, cəmiyyətin bütün sferalarında təmsil olunur, öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar. Hazırki prezident seçkiləri kampaniyasında da partiyamızın üzvləri, o cümlədən qadınlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər"- deyə, N.Əliyeva qeyd edib.
yap.org.az