PDF Oxu

Siyasət

  • 9

Ölkə iqtisadiyyatının dinamik inkişafı, uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyənləşir

Ölkə iqtisadiyyatının dinamik inkişafı, uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyənləşir

238 məzunun qızıl medala layiq görülməsi təhsilimizin uğurlu göstəricisidir

Müasir dövrümüzdə Azərbaycanın sürətli inkişafı yeni kadr potensialının yüksək səviyyədə olmasını tələb edir. Azərbaycanda elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin öncül istiqamətlərindən biridir. Bu baxımdan təhsilə ayrılan xərclərin həcmi Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsinə çəkilən xərclərdən heç də az deyildir. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi təhsilin qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir.

Təbii ki, xalqın, millətin tərəqqisi təhsildən başlayır. Təhsil millətin tərəqqisinə, inkişaf və yüksəlişə təkan verən amildir. Əbəs deyil ki, təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda belə təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir.

Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilə yüksək qayğı və diqqət göstərməsi, bu sahənin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etməsi son illər müstəqil respublikamızda elm və təhsilin hərtərəfli inkişafına yönəlib. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaratdı. Bu gün Heydər Əliyevin maarifçilik ideyaları uğurla həyata keçirilir.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi, təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun təşəbbüsü ilə hər il yüzlərlə məktəbli yeni tədris ilinə yeni sinif otağında qədəm qoyur. Bu gün təhsilə qayğı varsa, demək, Azərbaycan inkişafdadır. Çünki həyat təhsildən başlayır.

XXI əsr sürət, kompyüter - dünyaya çıxış əsridir. Belə bir zamanda təhsil müəssisələrinin sinif otaqlarının kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Məktəblərdə yaradılmış kompyuter kabinetlərində müasir kompyuterlər quraşdırılmışdır. Kompyuterlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompyuterlər lazımi proqramlarla təchiz edilmişdir.

Bütün bu reallıqlar göstərir ki, müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir. Məzunların qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbulu, dünyanın xarici dövlətlərinin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaları elə Azərbaycanda təhsilə dövlət qayğısının, eləcə də yaradılan şəraitin məntiqi nəticəsidir.

Təhsil nazirliyinin "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında" əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq XI sinif məzunlarının qızıl və gümüş medalla təltif olunması da təhsildə olan irəliləyişlərin uğurları sırasındadır. Qeyd edək ki, 1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılmışdı. Uzun fasilədən sonra - 2011-ci ildən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. Şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən verilir. Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. 2012-2013-cü tədris ilinin nəticələri ürəkaçan olub. Belə ki, 2012-2013-cü tədris ilinin orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirib. 238 məzunun qızıl medala layiq görülməsi, əlbəttə ki, kifayət qədər uğurlu göstəricidir.

Qızıl medal alanların sayı ötən tədris ili ilə müqayisədə artıb. 2011-ci ildə Azərbaycanda 53 şagird qızıl və gümüş medal almışdı. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülmüşdü. 2012-ci ildə isə 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurmuşdu. Onların 118-i qızıl, 20-si gümüş medal almışdı.

Bu il isə daha yüksək göstəricinin əldə edilməsi təhsilimiz inkişafında nailiyyətdir. Qızıl medala layiq görülmüş məzunların adı təhsil aldıqları məktəbin "Şərəf kitabı"na yazılacaq.

Vurğulayaq ki, qızıl medala layiq görülən 238 məzun arasında Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin də adı var. Məzunlara bu məxsusi yanaşma, qızıl medalın verilməsi təkcə onların tədris olunan dərslərdə yüksək qiymət alması deyil, eyni zamanda, həmin namizədlər nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərdir. Azərbaycan belə məzunlarından qürurlanır. Gələcəyinə nikbin baxır.

Göründüyü kimi, ölkəmizdə iqtisadi, mədəni-sosial sahələrdə aparılan islahatlar təhsilə təsirini göstərməkdədir. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkib Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına, intellektinin daha da yüksəlməsinə gətirib çıxarır.

NƏZAKƏT

Digər xəbərlər