PDF Oxu

Siyasət

  • 11

Vətəndaşlar bu ölkədə yaşamaqdan qürur duyurlar

Vətəndaşlar bu ölkədə yaşamaqdan qürur duyurlar

İlham Əliyev: "Əsrlər boyu Azərbaycan dövləti bu qədər müstəqil olmayıb"

Məlum olduğu kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Artıq ölkəmizin, xüsusilə regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) başa çatmaq üzrədir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.

Bütövlükdə, son 9 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə, dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.

Dövlət başçısının regionlara sistemli və davamlı xarakterli səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.

Ölkəmizdə həyata keçirilən islahatlar vətəndaşların daha da yaxşı yaşamasına xidmət edir

Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərində də məqsəd insanları düşündürən məsələləri yerindəcə öyrənmək, həlli yollarını müəyyənləşdirməkdir: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət və sabitlik- budur bizim inkişafımızı şərtləndirən amillər". Məhz 10 il müddətində dünya birliyində analoqu olmayan ÜDM-in 3 dəfə artması, sənaye istehsalı 3 dəfə artan ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulması da deyilənləri təsdiqləyir. Ötən il sərmayə qoyuluşunun 22 milyard dollardan çox olması, həmin vəsaitin 13 milyard dollarının yerli investisiyalar hesabına formalaşması da müsbət təcrübə kimi diqqət çəkir. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanda davam edən quruculuq işlərini, infrastruktur layihələrinin həyata keçirilməsini dəyərləndirməsi, ölkəmizin kredit reytinqini artırması bir daha təsdiqləyir ki, bütün sahələrdə müşahidə olunan inkişaf təkcə statistik rəqəmlərlə ölçülmür. Bu, əhalinin davamlı olaraq şahidi olduğu həqiqətdir.

Düşünülmüş iqtisadi strategiya

Bu gün Azərbaycanın inkişafının da əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Sabitliyin möhkəm olmasının isə əsas göstəricisi xalqla iqtidar arasında olan birlikdir. Yəni, hökumətin apardığı siyasət xalq tərəfindən dəstəklənirsə, iqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə, sosial vəziyyətlərinə cavab verirsə, onda xalq-iqtidar birliyi möhkəm olur, qarşılıqlı səmimiyyət tellərinə əsaslanaraq güclənir. Azərbaycanda qeyd etdiyimiz kimi bütün bu amillər tam mövcuddur. Xalqla iqtidar arasında çox güclü birlik var. İnsanlar hökumətin həyata keçirdiyi siyasəti dəstəkləyərək ilbəil sürətlənən inkişafın nəticələrini öz həyatlarında hiss etdiklərindən iqtidara inanırlar.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə gedən bu cür genişmiqyaslı işlərin əsas məqsədi insanların yaxşı yaşamaları, xoş rifah halının yüksəlməsi üçündür: "Biz hamımız istəyirik ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, güclənsin və bunu etmək üçün bütün imkanlar vardır. İlk növbədə xalqla iqtidar arasında birlik vardır. Bu birliyi heç kim sarsıda bilməz, heç kim buna zərbə vura bilməz. Bizim təşəbbüslərimiz Azərbaycanın gələcəyinə yönəlib. Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi sabitliyi böyük dəyərimizdir". Dövlət başçısı hər bir vətəndaşın sosial probleminə çox həssaslıqla yanaşaraq onlara xidmət etməyi əsas işi olduğunu bildirməklə, bir daha xalqa xidməti başlıca prinsip hesab etdiyini təsdiqləmiş olur. Cənab İlham Əliyevin xalqa xidmət etməsi, bütün işlərdə xalqa arxalanması öz növbəsində qarşı tərəfin güclü dəstəyinə söykənir. Dövlət başçısının özünün vurğuladığı kimi əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı: "Bu, Azərbaycan dövlətinin siyasətidir, öz vətəndaşına olan münasibətidir və bir daha göstərir ki, Azərbaycan sosial dövlətdir".

"Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır"

Göründüyü kimi ölkəmizin bugünkü inkişafının, regionda güclü mövqeyə sahib olmasının başlıca səbəbi xalqla dövlət arasında olan güclü birlikdir. Hər şey göz qabağındadır, Azərbaycanın dövlət başçısı atdığı bütün addımlarla vətəndaşlara xidmət etdiyini açıq şəkildə göstərmiş olur. Məhz bu uğurların nəticəsidir ki, Azərbaycan 22 ildir ki, müstəqil ölkə kimi uğurlu inkişaf yolu keçir. Ölkə Prezidenti Cənab İlham Əliyev bu tarixi YENİ TARİX adlandırmış və qeyd etmişdir ki, bu tarixi hamı, xüsusilə də gənclərimiz bilməlidir: "Biz öz tariximizi bilirik, bilməliyik. Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsil müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir. Bu layihələr, əlbəttə ki, ancaq müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan xalqının dövlətidir və müstəqil Azərbaycanın siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır". Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər