PDF Oxu

Siyasət

  • 15

İlham Əliyev: “Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir”

İlham Əliyev: “Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qax rayonuna gəlib. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevə abidə ətrafında görülmüş abadlıq-quruculuq və tikinti işləri barədə məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak edib.

Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qaxda da geniş vüsət almışdır. Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulmuşdur. Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.

Yolun keçdiyi Kürmük çayı üzərində nəhəng körpü də inşa olunmuşdur. Dörd aşırımdan ibarət körpü Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü ilə diqqəti cəlb edir. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün inşasına 2012-ci ilin yanvarında başlanmışdır. Körpüdə avtomobillərin hərəkət hissəsi 11,5, piyadaların hərəkət hissəsi isə 1,5 metrdir. Körpünün çay səviyyəsindən hündürlüyü 8 metrdir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan və rahatlaşdıran bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının ardıcıl və davamlı xarakterinə daha bir sübutdur. Ümumiyyətlə, yol boyu 21 körpü vardır.

Diqqətə çatdırıldı ki, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir. Avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcəkdir. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Avqustun 16-da Prezident İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnmişdir. Bütün bunlar isə, ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaqdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter almışdır. Bu sırada Qax Olimpiya İdman Kompleksi də mühüm əhəmiyyəti ilə seçilir. Regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır. Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırmışdır. Məlumat verildi ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılmışdır. Universal idman zalında Danimarkanın "Junkers" firmasının istehsalı olan xüsusi döşəmə salınmışdır. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılmışdır. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları vardır. Diqqətə çatdırıldı ki, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.

Məlumat verildi ki, kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilmişdir. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları vardır.

Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident qeyd edib ki, artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır: "Bu gün mən digər tədbirlərdə də iştirak edəcəyəm. Bu tədbirlər də rayonun ümumi inkişafını göstərir. Rayonda turizmin potensialı çox böyükdür. Bu potensialdan səmərəli istifadə etmək üçün əlbəttə ki, kompleks tədbirlər lazımdır. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını da qeyd etdik. Bu yol, ilk növbədə, insanların rahatlığı üçün tikilmişdir. Eyni zamanda, məsafə böyük dərəcədə qısalır. Beləliklə, turizmin inkişafı, Bakı ilə Qax arasındakı məsafəni azaltmaq üçün çox gözəl imkanlar vardır. Bu, böyük investisiya layihəsidir və tamamilə yeni bir yol çəkilmişdir. Beləliklə, Qaxa gediş-gəliş daha da rahat olacaqdır. Yolun açılışında növbəti təklif də verildi ki, biz Qax-Zaqatala yolunu da tikək. Bu imkanlar vardır. Onu da biz yəqin ki, gələn ilin investisiya proqramına salacağıq. Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır. Bu gün, biz eyni zamanda, içməli su layihəsinin də istifadəyə verilməsini qeyd edəcəyik. Yəqin ki, bütün başqa rayonlarda olduğu kimi, Qaxda da içməli su problemi insanları narahat edirdi. Son bir həftə ərzində bir neçə şəhərdə içməli su layihələri həyata keçirildi. Kürdəmirdə, İsmayıllıda, Oğuzda, bu gün isə Qax rayonunda. Yəni, iki həftə ərzində dörd şəhərin onilliklər boyu yığılıb qalmış problemi öz həllini tapıb. Bu problemin həlli də Azərbaycan dövlətinin gücünü göstərir, Azərbaycan hökumətinin sosial siyasətini əks etdirir. Çünki mən həmişə qeyd edirəm ki, bu layihələrə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, ümumiyyətlə, ölkəmizdə gedən inkişaf bizə imkan verir ki, bu layihələri icra edək.

İçməli su layihəsi deyə bilərəm ki, infrastruktur layihələri arasında ən vacib məsələdir. İçməli su həyat deməkdir, sağlamlıq deməkdir. Qaxa verilən içməli su bütün yüksək standartlara cavab verir. Xatırlayıram ki, keçən dəfə Qaxda olarkən biz bu böyük layihənin təməl daşını qoymuşduq. O vaxt demişdim ki, biz bu layihənin istifadəyə verilməsini bərabər qeyd edəcəyik. Çünki ölkəmizin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün içməli su məsələləri, əlbəttə ki, ən vacib yer tutur. Azərbaycan dövləti daim öz vətəndaşının maraqlarının keşiyindədir. Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş verdikdə Azərbaycan dövləti öz vətəndaşını darda qoymur, onun problemlərini həll edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, vətəndaşlar üçün dövlət hesabına evlər tikir. Zəlzələ zamanı, zəlzələdən sonra burada olarkən mən demişdim ki, dövlət daha yaxşı evlər, binalar tikəcəkdir və belə də oldu. Bax, bu zonada - Zaqatalada, Qaxda, Balakəndə, Şəkidə zəlzələyə məruz qalmış evlər təmir olunur. Demək olar ki, onların mütləq əksəriyyəti artıq yenidən tikilmişdir. Bu da Azərbaycan reallıqlarıdır. Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Belə gözəl obyektlərin tikintisi də bu məqsədi güdür. Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində olacaqdır. Sizi bir daha salamlayıram və bu hadisə münasibətilə təbrik edirəm." Rayon idmançıları adından çıxış edən əlbəyaxa döyüş üzrə dünya çempionatının finalçısı Ramil Məmmədli Azərbaycan idmanın inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Ölkəmizin hər yerində olduğu kimi, qaxlılar da ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünmüşdür. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir. Burada Azərbaycanın müasir tarixini, iqtisadi və sosial inkişafını əks etdirən filmlər nümayiş olunur. Prezident İlham Əliyev zalda Qax rayonunun elektron xəritəsinə, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələrə baxdı. Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ingilis, yapon və rus dilləri sinfi vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir. Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi. Prezident İlham Əliyev həmin gün Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısı Qax şəhərinin su təchizatı sistemlərinin baş planını və şəhərin 1 nömrəli su anbarının görüntülərini əks etdirən stendlərə baxdı. "Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi barədə məlumat verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, kompleksin təməli dövlətimizin başçısının iştirakı ilə 2011-ci il noyabrın 17-də qoyulmuşdur.

Qeyd edildi ki, Qax şəhərinin su təchizatı sistemi 1960-cı illərin sonlarında yaradılmışdır. Yeni layihənin icrasına qədər şəhər sakinləri Kürmük və Qumçay çaylarının, həmçinin subartezian quyularının sularından istifadə edirdilər. Mövcud 25 kilometr magistral və 52 kilometrlik paylayıcı su xətləri istismara yararsız vəziyyətdə olduğundan əhalinin içməli su təchizatında fasilələr yaranırdı. Qax şəhərinin 13 min sakininin 9 mini mərkəzləşmiş qaydada gün ərzində 4-6 saat olmaqla cədvəl əsasında içməli su ilə təchiz edilirdi. Mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə isə əhali tələbatını fərdi qaydada ödəmək məcburiyyətində idi.

Layihəyə əsasən İlisu kəndinin yaxınlığındakı bulaqlardan Qax şəhərinə gətirilən su həm yeni qurulmuş, həm də mövcud şəbəkə vasitəsilə əhaliyə verilir. Bunun nəticəsidir ki, artıq şəhər yeni mənbədən 100 faiz fasiləsiz su ilə təmin olunur. Bulaq sularının toplanması məqsədilə ərazidə məhsuldarlığı saniyədə 80 litr olan suqəbuledici qurğu tikilmiş və buradan Qax şəhərinə qədər 6,7 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu min kubmetr olan altı anbar tikilmişdir. İnşası nəzərdə tutulan 119 kilometrlik şəhərdaxili su şəbəkəsinin 90 kilometrlik hissəsində işlər yekunlaşmış, iki mindən artıq ünvan şəbəkəyə qoşulmuşdur. İçməli sudan istifadənin dəqiq uçotunun aparılması məqsədilə "smartkart" tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyədək 5,9 min abunəçinin 1500-ü sayğacla təmin olunmuşdur.

Diqqətə çatdırıldı ki, yeni layihə həyata keçirilənədək Qax şəhərində kanalizasiya şəbəkəsi, ümumiyyətlə, mövcud olmamışdır. Layihəyə uyğun olaraq Qax şəhərində ilk dəfə kanalizasiya sistemi yaradılır. Bu məqsədlə 17 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilmiş, 89,5 kilometrlik kanalizasiya şəbəkəsinin 35 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Bildirildi ki, "Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 14 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, Qaxbaş və Qaxingiloy kəndlərində isə 7,5 min nəfərin içməli su təchizatının yaxşılaşmasına hesablanmışdır. Dövlətimizin başçısı Qax şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonra Prezident İlham Əliyev "Azərsu" ASC-nin əməkdaşları və inşaatçılarla görüşdü.

Prezident İlham Əliyev həmçinin Qaxda "El Resort" otelinin Konfrans Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı Konfrans Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Son illərdə respublikamızda turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm obyektlərinin inşası geniş vüsət almışdır. Qax rayonunda da turizm potensialının inkişafı diqqət mərkəzində saxlanılır. Bu baxımdan 2011-ci il noyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "El Resort" otel kompleksi də mühüm əhəmiyyət daşıyır. Məlumat verildi ki, Konfrans Mərkəzinin tikintisinə 2011-ci ildə başlanmışdır. Müasir layihə əsasında tikilən mərkəzin ərazisi üç min kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilmişdir. Konfrans Mərkəzinin mətbəxində quraşdırılmış avadanlıq İtaliyanın "Zanussi" firmasının istehsalıdır. Mərkəzin ikinci mərtəbəsindəki zallarda da yüksək səviyyəli xidmətin göstərilməsi mümkündür. Zallar ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir. Mərkəzin ərazisində 100 avtomobillik dayanacaq inşa olunmuşdur. Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur. Prezident İlham Əliyev Konfrans Mərkəzi ilə tanışlıqdan sonra "El Resort" otelinin tikintisi davam etdirilən "Şimal" blokunun sxemlərinə və fotostendlərinə baxdı. Məlumat verildi ki, beşmərtəbəli binanın tikintisinə 2012-ci ilin noyabr ayında başlanmışdır və işlərin 2013-cü ilin sonunda yekunlaşdırılması planlaşdırılmışdır. Kompleksin ümumi ərazisi 2,7 hektar, tikinti sahəsi isə iki min kvadratmetrdir. "Şimal" blokunun birinci mərtəbəsində boulinq mərkəzi, bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərəcəkdir. Binada 82 nömrə olacaqdır. Yeni kompleksdə 60 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonunda səfərdə olub. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycanda mədəniyyətin inkişafına göstərilən qayğı daha da artmış, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Mədəniyyətin və incəsənətin inkişafına diqqət yeni mədəniyyət ocaqlarının inşasında da özünü büruzə verir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət almışdır. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılmış, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilmişdir. Balakəndə inşa olunan Mədəniyyət Mərkəzi də bu sırada mühüm yer tutur.

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanmışdır. İnşaat işləri yüksək səviyyədə aparılmışdır. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Bunun nəticəsində mərkəzin binası rayonun gözəlliyini daha da artırmışdır.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətin inkişafına diqqət və qayğılarını əks etdirən fotostend yaradılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzin 260 yerlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da vardır. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri və müəllimlər otaqları vardır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib ki, Azərbaycanın bölgələrində bəlkə də ən böyük istirahət parkı Balakəndədir. Çox gözəl, möhtəşəm parkdır. Həm böyük rəmzi məna daşıyır, eyni zamanda, insanların rahat istirahəti üçün də çox gözəl imkanlar vardır:

" Balakəndə iqtisadi sahədə işlər yaxşı gedir, yeni müəssisələr, iş yerləri açılır. Əlbəttə ki, bu da çox vacibdir. Çünki ölkəmizin uğurlu inkişafı üçün, ilk növbədə, iqtisadiyyat inkişaf etməlidir. Deyə bilərəm ki, bu istiqamətdə son illərdə bütün bölgələrdə nəticələr yaxşıdır, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatır. Proqram artıqlaması ilə yerinə yetirilibdir və gələn ilin əvvəlindən üçüncü proqram icra edilməyə başlayacaqdır. Beləliklə, növbəti beş il ərzində bu günə qədər həll edilməmiş problemlər də öz həllini tapmalıdır. Burada iqtisadi inkişaf, sosial məsələlərin həlli, gözəllik, abadlıq işləri məni sevindirir. Əlbəttə, Balakən çoxmillətli diyardır. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir. Tədbirlərin keçirilməsi özlüyündə vacib bir hadisədir. Eyni zamanda, o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə - Avropada, Orta Şərqdə, müxtəlif bölgələrdə dini və milli dözümsüzlük hökm sürür. Bu, zəmanənin mənfi əlamətidir və bu proseslər kəskinləşir. Yəni, əfsuslar olsun ki, dünyada qarşıdurmaya aparan bəzi siyasətçilərin, siyasi qrupların fəaliyyəti fəlakətlərə gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz internet dövründə yaşayırıq, hər bir məlumatı televiziya vasitəsilə əldə etmək üçün bütün imkanlar vardır. Əlbəttə ki, bu, bizi çox narahat edir və üzür. Çünki belə olmamalıdır. Bütün xalqlar, bütün dinlərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşamalıdırlar. Bütün xalqlar bir-birinə hörmət əsasında yaşamalıdırlar. Yəni, dünyada gedən proseslər əlbəttə ki, bizi narahat etməlidir. Çünki biz təcrid edilmiş vəziyyətdə, adada yaşamırıq. Biz çalışırıq ki, Azərbaycanda yaradılmış müsbət təcrübə artıq hüdudlarımızın kənarına çıxsın və Azərbaycan təcrübəsi daha geniş şəkildə öyrənilsin, bizdə mövcud olan gözəl ab-hava və qardaşlıq iqlimi dünyaya, heç olmasa, bölgəyə yayılsın.

Ölkəmizə gəldikdə isə, Azərbaycanda milli məsələlər ən yüksək səviyyədə həll olunur. Bəlkə də bu barədə çox danışılmır. Buna ehtiyac da yoxdur. Ancaq cəmiyyətimizin inkişafı, cəmiyyətdə mövcud olan həyat tərzi, bizim milli dəyərlərimiz, ümumbəşəri dəyərlərin Azərbaycanda geniş şəkildə tətbiq edilməsi bu vacib sahədə də müsbət nəticələrə gətirib çıxarmışdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bunun təməlində əlbəttə ki, düşünülmüş siyasət və cəmiyyətin bu məsələlərə münasibəti dayanır. Çünki bu məsələlər təkcə dövlət siyasəti ilə tənzimlənə bilməz. Dövlət əlbəttə ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, vəziyyətə nəzarət edir, çatışmayan bütün məsələləri həll etməyə çalışır və həll edir.

Ancaq, eyni zamanda, bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu gözəl qardaşlıq ab-havası yaşanır və güclənir. Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, sadəcə gözəl sözlər deyil, bu, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər.

Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, bu tədbirlərdə səslənən fikirlər, o cümlədən dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir. Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir. Bu dəyərlər üzərində müasir, müstəqil dövlət qurulmuşdur və bu dövlət gündən-günə güclənir. Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır. Regional inkişaf proqramlarının qəbul edilməsi məhz bu məqsədi güdürdü. Çünki əvvəlki Balakəni indiki Balakənlə müqayisə etmək mümkün deyil. Bundan əvvəl demək olar ki, burada görüləsi işlər çox idi. Yadımdadır, ilk dəfə buraya gələrkən demişdim ki, əminəm, inkişaf olacaq və Azərbaycan dövləti bu bölgənin inkişafına öz dəstəyini verəcəkdir. Bu gün bu bölgə cənnətə çevrilib. Bakıdan başlayaraq Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən - bütün bu zona canlanır, turizm mərkəzinə çevrilir, beynəlxalq tədbirlər, sammitlər keçirilir. Əlbəttə ki, bu, Azərbaycanın inkişafını göstərir.

Hər bir bölgənin uğurlu inkişafı nəticədə ölkəmizin inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar aparılır və bu ilin 7 ayının göstəriciləri də çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən 11 faiz artmışdır. Bu da dünyada rekord göstəricidir. Bütün maliyyə, iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda bəzi başqa ölkələrdən fərqli olaraq düşünülmüş siyasət aparılır və heç vaxt lazımsız borclanma siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq, müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə güclənir və iqtisadi müstəqilliyi nəticəsində siyasi müstəqilliyini də təmin edir." Rayon ictimaiyyəti adından çıxış edən Səbuhi Alqayev Balakənə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib. Dövlətimizin başçısı bütün bölgələrimiz kimi, Balakənin inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Avqustun 17-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Yeni Azərbaycan Partiyası Vətənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir və fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə qazandığı böyük nüfuzun nəticəsidir. Ümumi amallar naminə göstərilən uğurlu fəaliyyətdə partiyanın rayon təşkilatlarının rolu danılmazdır. Bu gün Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən yeni inzibati binalar müasirliyi ilə diqqəti çəkir. Bu binalarda ən yüksək şərait yaradılır. Belə binalardan biri də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasıdır. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanmışdır. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq salınmışdır. Tikinti işləri yüksək keyfiyyətlə görülmüş və qısa müddətdə başa çatdırılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Foyedə Yeni Azərbaycan Partiyasının yaranma tarixini əks etdirən guşə yaradılmışdır. Burada Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və partiyanın sədri, Prezident İlham Əliyevin siyasi fəaliyyətləri ilə bağlı yaradılan fotostend də böyük maraq doğurur. Binadakı akt zalında da hər cür şərait vardır. Müasir akustika sistemi və digər zəruri avadanlıqla təchiz edilən 100 yerlik zalda istər partiyanın fəaliyyəti, istərsə də rayonun ictimai-siyasi həyatında baş verən əlamətdar hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür. Diqqətə çatdırıldı ki, binada 15 nəfərlik konfrans zalı da vardır. Bütün inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün belə müasir binaların tikilməsi, ilk növbədə, işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə geniş imkanlar açır.

Binanın eyvanından şəhəri seyr edən dövlətimizin başçısına Balakəndə görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Prezident İlham Əliyev binada yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak edib. Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızda sahibkarlığın inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, indi bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olanların sayı artır. Bu, yeni soyuducu anbarların yaradılmasında da özünü göstərir. Belə soyuducu anbarlardan biri də Balakən rayonunun Katex kəndində inşa olunmuşdur.

Dövlətimizin başçısı Katex soyuducu anbar kompleksinin texniki və texnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxdı. Bildirildi ki, kompleks bütün zəruri avadanlıqla təchiz edilərək müasir səviyyədə yaradılmışdır. Belə layihələrin reallaşması qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün fermer-sahibkarlar və kənd təsərrüfatı istehsalçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə soyuducu anbar kompleksinin onların ixtiyarına verilməsi də bunun əyani təzahürüdür. Diqqətə çatdırıldı ki, kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmışdır. Tikinti işləri ən müasir standartlara uyğun olaraq görülmüşdür. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Kompleksdə quraşdırılan avadanlıq Almaniyanın və Hollandiyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada hər birinin tutumu 1417 kubmetr olan 12 saxlama kamerası vardır. Soyuducu kompleksin ümumi tutumu isə 17 min kubmetr və ya 4,5 min tondur. Burada Balakən rayonunun və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə və tərəvəzin uzun müddət və itkisiz saxlanılması nəzərdə tutulur. Bu kompleksin istifadəyə verilməsi ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcəkdir. Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə saldı. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlib. Dövlətimizin başçısı Zaqataladakı Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verdi ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində "Tumurcuq" uşaq bağçasının açılışında iştirak edib. Hazırda uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində də əsas yer tutur. Zaqatala rayonundakı "Tumurcuq" uşaq bağçası da Fondun dəstəyi ilə inşa edilmişdir. Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, uşaq bağçası binasının inşasına ötən ilin mayında başlanılmışdır. Bağçanın ümumi sahəsi 785 kvadratmetr, həyətyanı sahəsi isə yarım hektardır. Yüz yerlik bağçada altı qrup fəaliyyət göstərəcəkdir. Burada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Binanı daimi isti su ilə təchiz etmək üçün əlavə qazanxana inşa olunmuşdur. Burada yanğın əleyhinə xüsusi sistem, təhlükəsizlik kameraları quraşdırılmışdır. Bildirildi ki, uşaqların təlim-tərbiyəsi, əyləncələri üçün hər cür şəraitin yaradıldığı bağçanın həyətyanı sahəsində də abadlıq və quruculuq işləri görülmüş, xüsusi istirahət guşələri yaradılmışdır. Binanın və ərazinin işıqlandırma sistemi müasir səviyyədə qurulmuşdur. Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən razılığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, Mərkəzin tikintisinə bu ilin aprelində başlanmışdır. Ən müasir standartlar səviyyəsində inşa olunan Mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin dərnək otaqları və kafe yaradılacaqdır. Binada daş-hörgü işləri başa çatdırılmışdır. Hazırda dam örtüyü quraşdırılır və suvaq işləri görülür. Binanın həyətində 2 min 500 kvadratmetr əraziyə tamet piltə döşənəcək, 4 min 700 kvadratmetr ərazidə isə yaşıllıq salınacaqdır. Burada, həmçinin fəvvarəli üç hovuzun tikintisi nəzərdə tutulur. Mərkəzin binasında tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır. Heydər Əliyev Mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaqdır. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan hazırkı Dədə Qorqud meydanını, Qala düzü pilləkənlərini, Heydər Əliyev prospekti və "28 May" küçəsinin bir hissəsi daxil olmaqla, təxminən 6,2 hektar ərazini əhatə edir.

Azərbaycan Prezidenti şəhərin tarixi mərkəzində aparılan yenidənqurma və bərpa işlərini, eləcə də Zaqatala qalasını əks etdirən stendlərə baxdı. Dövlətimizin başçısı Dədə Qorqud meydanını gəzdi. Bildirildi ki, burada yenidənqurma işlərinə 2012-ci ilin aprelində başlanmışdır. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılaraq memorial kompleks tikilmişdir. Burada 6 bürc, fəvvarəli 4 hovuz, 6 giriş-çıxış qapısı quraşdırılmışdır. Meydanda mindən çox dekorativ ağac və gül kolu əkilmişdir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Tarixi mərkəzdə 50-dən çox fərdi evin, ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev prospekti əsaslı surətdə təmir olunmuşdur. Bundan başqa, səkilərə və meydana 5 min kvadratmetrə qədər tamet piltə döşənmiş, 400 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınmışdır. Hazırda Heydər Əliyev prospektində, Dədə Qorqud meydanının ətrafında olan yaşayış və ictimai binaların fasadlarının tarixi görkəminin bərpası işləri davam etdirilir. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak edib. Azərbaycan dövləti regionlarda əhalinin güzəranı və rifah halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı üçün yeni imkanların yaradılması baxımından sosial problemlərin həllinə diqqəti artırır. Bu baxımdan ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır. Dövlətimizin başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əlamətdar hadisə münasibətilə onları təbrik edən Prezident İlham Əliyev bildirib ki, bu layihənin icra edilməsi əlbəttə ki, ilk növbədə rayon sakinləri üçün bir hədiyyədir: "Yəqin ki, başqa yerlərdəki kimi, burada da su fasilələrlə verilirdi. Gündə bəlkə də bir neçə saat. Özü də o qədər də keyfiyyətli deyildi. Amma indi 24 saat keyfiyyətli su verilir. İndi görülən işləri bizə təqdim edəcəklər. Çox gözəl hadisədir. Çox böyük məna daşıyır. Sosial məna daşıyır. Eyni zamanda, ölkəmizin ümumi inkişafını göstərir. Həmçinin mən bu gün Zaqatalanın yeni layihələri ilə də tanış oluram. Görürəm ki, quruculuq işləri aparılır. Binalar bərpa olunur. Binaların tarixi görkəmi qaytarılır. Bu park tamamilə yenidən qurulubdur. Gözəl istirahət zonasıdır.

Digər layihələr icra edilir. Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. İçməli su layihəsinin icrasından sonra qazlaşdırma olacaqdır. Hələ ki, lazımi səviyyədə deyildir. Biz çalışmalıyıq ki, Zaqatalanın qazlaşdırılmasını təqribən 90-95 faiz təmin edək. Yəqin ki, növbəti bir il ərzində biz buna da nail ola biləcəyik. Kənd yollarının tikintisi gedir. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Bundan sonra da ayıracağıq. Çünki bu layihələr hər bir şəhərdə, hər bir rayonda icra edilir. Ona görə də vəsait məsələsi vardır. Ancaq çalışırıq ki, hər bir rayonda heç olmasa bir-iki layihə tezliklə icra edilsin və sonra təbii ki, biz bu layihələrin geniş vüsət almasına nail olacağıq. Zəlzələdən sonra burada bərpa işləri uğurla gedir, 20-yə yaxın məktəb yenidən tikilir. Bəziləri tikilib və yaxud da indi tikinti gedir. Binalar bərpa edilir. İndi mənə verilən məlumata görə, 3388 ev tikilibdir. Özü də bir il ərzində. İnanılmaz bir nailiyyətdir. Bir ildə demək olar ki, böyük bir qəsəbə, şəhər boyda işlər görülübdür bir rayonda. Özü də qonşu rayonlarda da bu işlər görülür - Balakəndə, Qaxda, Şəkidə. Düzdür, Zaqatala daha çox dağıntılara məruz qalmışdır. Ona görə də burada bu işlər gedir və əminəm ki, yaxın zamanlarda qalan evlər də ya təmir olunacaq, ya da yenidən tikiləcək ki, vətəndaşlar tezliklə yeni evlərə köçsünlər. Sosial dövlət o deməkdir ki, dövlətin siyasətinin mərkəzində insan dayanır. Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır və biz bunu Zaqatala rayonunun timsalında da görürük."

Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə müəllim Vəfa Süleymanova rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını çatdırıb. Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxdı. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, layihənin icrasına 2010-cu ilin noyabrında başlanmış, birinci mərhələ üzrə işlər yerinə yetirilmişdir. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir. Qeyd edildi ki, layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdir. Rayonda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcəkdir. Bildirildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcəkdir ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə içməli su ilə tam təmin edilməsi deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir. Stendlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm sahə dövlət siyasətinin prioritetləri sırasındadır. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin ən yüksək standartlar səviyyəsində qurulmasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi xüsusi qeyd edilməlidir. Fondun bu kompleks proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən təhsil müəssisələrindən biri də Zaqatala rayonunun Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbidir. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev informatika otağında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, bütün kompyuterlər internetə qoşulmuşdur. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılmışdır. Məktəbdəki inzibati otaqlar da rahatlığı ilə diqqəti cəlb edir. Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Kitabxanada üç mindən çox vəsait toplanmışdır. Məktəbin həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılmış, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili təmin olunmuşdur. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da vardır. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

Digər xəbərlər