"Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Ölkəmiz həm dinlərarası, həm də mədəniyyətlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkandır. Azərbaycan dövləti səviyyəsində və dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) olaraq tərəfimizdən bu istiqamətdə böyuk işlər görülür". SİA-nın məlumatına görə, bu fikirləri İordaniyada səfərdə olan QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Əhl-əl-Beyt" Kral Fikir Müəssisələri Akademiyasının təşkil etdiyi konfransdakı çıxışı zamanı səsləndirib.QMİ sədrinin sözlərinə görə, Azərbaycan müsəlman həmrəyliyi məsələsini hər zaman prioritet kimi dəyərləndirir: "Müstəqillik qazandıqdan sonra biz öz dini dəyərlərimizə qayıdış imkanı qazandıq. Dini mərkəz olaraq, rəhbərlik etdiyim Qafqaz Müsəlmanları İdarəsi bu proses üçün bütün səy və imkanlarını səfərbər etdi. Lakin o dövrdə problemlərin həlli yalnız dövlət dəstəyi olacağı təqdirdə mümkün idi. Şükürlər olsun ki, Azərbaycanda belə bir siyasi iradə sahibi Heydər Əliyev hakimiyyətə gəldi və mənəvi irsimizin himayədarı oldu, məscidə gələrək xalqla birlikdə olmaq, Ramazan İftarlarında iştirak kimi ənənələrin başlanğıcını qoydu. Azərbaycan bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu bir nümunədir. Dövlət rəhbərimizin qarantı olduğu etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir. Dövlət başçımızın təşəbbüsü ilə "Bakı prosesi" həyata keçirilir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin əməkdaşlıqlarını ehtiva edən Bakı prosesi mədəniyyətlərin yaxınlaşması yolunda ən real addımlardan biridir. Ümumən, Azərbaycan dövlətinin lideri İslam həmrəyliyi məsələlərinə böyük önəm verir, dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində səy göstərir".Şeyx qeyd edib ki, İslam dini dəyərlərinə sadiq, demokratik, dünyəvi dövlət olan Azərbaycan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu, sabit vətəndaş cəmiyyətinin mövcud olduğu öz nümunəvi dövlət modelini qloballaşan dünyaya təqdim etməkdədir.
sia.az