PDF Oxu

Siyasət

  • 10

Uğursuz yolun çıxılmaz labirinti

Uğursuz yolun çıxılmaz labirinti

Mübariz Qurbanlı: "Müxalifət anlamalıdır ki, onların qatarı gedib"

Aydın Mirzəzadə: "Bunun başlıca səbəbi cəmiyyətin həmin təşkilatlara sosial sifarişinin olmaması ilə bağlıdır"

Ərəstun Oruclu: "Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü ola bilməzlər"

Məlum olduğu kimi, öz siyasi ömrünü çoxdan başa vurmuş dağıdıcı müxalifət, hər seçki öncəsində olduğu kimi, bu dəfə də iflasa məhkum olduğu qabaqcadan aydın görünən qurumlarla gündəmdə qalmaq istəyiblər. Məsələn, "İctimai Palata", "Ziyalılar Forumu" kimi qurumlar nəinki adlarını doğrultmadılar, xalqın dəstəyini qazana bilmədilər, ümumiyyətlə, vətəndaşların çoxunun bu qurumların mövcudluğundan xəbəri belə yoxdur, hətta normal fəaliyyət göstərən kiçik bir təşkilat səviyyəsinə də yüksələ bilmədilər. İddialı səslənən "El" hərəkatı isə heç dağıdıcı müxalifətdəki ünsürləri belə, öz ətrafında tam cəmləşdirə bilmədi. Reneqat Eldar Namazovun radikal müxalifət daxilindəki parçalanmadan yararlanaraq, üzə çıxmaq cəhdləri bir fayda vermədi.

O səbəbdən ki, 1993-cü ildən ötən 20 il ərzində müxalifətin çoxlu sayda birlikləri, siyasi və ya seçki blokları ən müxtəlif adlarla mövcud fəaliyyət göstərmiş və son nəticəsi uğursuzluq olub.

Göbələk təşkilatlar

Yağışdan sonra çıxan göbələklərlə bir-birinin ardınca çoxalan bu qurumları xatırlatmaq yerinə düşər: "Demokratik Konqres", "Demokratik Blok", "Seçki İslahatı və Demokratik Seçki Uğrunda Hərəkat" ("SİDSUH"), "Bizim Azərbaycan" bloku, "Yeni Siyasət" seçki bloku, "Azadlıq" (əvvəlcə seçki, daha sonra siyasi blok kimi), "Məşvərət Məclisi", "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı", "İctimai Palata" və ... "Ziyalılar Forumu", "EL" hərakatı, "Milli Şura"... Siyahını uzatmaq da mümkündür. Xüsusilə vurğulayaq ki, bunlar əsas müxalifət partiyalarının yaratdıqları nisbətən iri birliklərdir. 2, yaxud 3 və ya 5 partiyanın birləşərək çoxsaylı birlik yaratması da yaxın siyasi tariximizin gerçəkliyidir.

Bəs son 20 il ərzində yaradılan bu göbələk təşkilatların aqibəti niyə bu cür sonluqla yekunlaşıb? Onların uğursuzluğa düçar olmasının səbəbi nədir? Bu suallarla müraciət etdiyimiz siyasətçilərimiz bunun başlıca səbəbinin cəmiyyətin həmin təşkilatlara sosial sifarişi olmadığı ilə əlaqələndirdilər.

Mübariz Qurbanlı: "Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur"

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının dediyinə görə, müxalifətin həmişə seçkiöncəsi yaratdıqları yeni qurumların ictimaiyyətin diqqətində qalması üçün hay-küy qaldırırlar: "Milli Şura" deyilən qurum haqqında da mənasız hay-küy qaldırmağın mənası yoxdur. Əvvəla, deyim ki, belə bir qurum yarandı-yaranmadı, bu, Azərbaycanın ictimai rəyinə heç bir təsir göstərməyəcək. Baxın, nəticəsi də gözqabağındadır. Bir də müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur. İstəyir, adını "Milli Şura" qoysunlar, istəyir, "Milli Birlik" qoysunlar, "EL" qoysunlar, istəyir, əvvəllər qoyduqları adları qoysunlar, bu da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq".

O bildirib ki, "bu müxalifətdə bir şeyi anlamırlar ki, əgər sizin sosial dayağınız yoxdursa və əhali tərəfindən müdafiə edilmirsinizsə, sizin hansı ad qoymağınızın heç bir əhəmiyyəti yoxdur. Anlamalıdırlar ki, onların qatarı gedib, onların hay-küylərinə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək və hakimiyyət üçün bu qurumun heç bir mənası yoxdur. Sizi inandırıram ki, bizim üçün onların hansı ad altında birləşməsinin heç bir əhəmiyyəti yoxdur. Deyirlər, hakimiyyət bunun yaranmasından narahatdır. Nədən narahatdır? Niyə narahatdır? Hakimiyyətin yürütdüyü siyasət bütün hallarda əksəriyyət tərəfindən müdafiə olunur, Prezident İlham Əliyevin reytinqi bu gün Azərbaycan cəmiyyətində ən yüksək səviyyədədir, beynəlxalq miqyasda aparıcı liderlərin sırasındadır. Biz niyə narahat olmalıyıq ki, kimlərsə birləşib hansısa ad altında nəsə quracaqlar. Qursunlar, yaratsınlar, seçkilərə də gəlsinlər, biz azad və demokratik ölkəyik və seçkilərdə də onlara sübut edəcəyik ki, biz onlardan qat-qat üstünük və cəmiyyət də Prezident İlham Əliyevin xəttini müdafiə edir".

Aydın Mirzəzadə: "Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən bir siyasi partiyadır"

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan müxalifəti cəmiyyətə vaxtaşırı müxtəlif birliklər və strukturlar təqdim edir. Ancaq bu birlik və strukturların hamısı birmənalı olaraq uğursuzluqla nəticələnir: "Bunun başlıca səbəbi odur ki, cəmiyyətin həmin təşkilatlara sosial sifarişi yoxdur. Onlar hamısı şəxsi təşəbbüslə, şəxsi maraqlar, yaxud birlik yaratmaq məqsədilə deyil, digərinin sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır. Bu gün iqtidar öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün cəmiyyət də iqtidarı dəstəkləyir. Cəmiyyətin iqtidarın dəyişilməsində marağı yoxdur. Müxalifət isə o vaxt güclü olur ki, iqtidar işləmir, zəif olur. Bu zaman cəmiyyətin böyük bir hissəsi müxalifəti dəstəkləyir, onun şüarlarının, siyasi xəttinin arxasınca gedir. Yaradılan həmin birliklər də üstdən yaradılan, cəmiyyətin daxilində sosial kökləri olmayan, cəmiyyətin istəyi ilə yaradılmayan strukturlardır. Kiçik bir qrupun onları dəstəkləməsi isə hələ sosial baza demək deyil. Reallıq milli qüvvənin Yeni Azərbaycan Partiyası olmasından ibarətdir. Cəmiyyətin böyük bir hissəsini öz sıralarında birləşdirmək, Azərbaycanın bütün coğrafiyası üzrə güclü ərazi təşkilatlarına malik olmaq, cəmiyyətin bütün problemlərinin həlli üzrə səmərəli fəaliyyət proqramlarını təqdim etmək bir reallıqdır. Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən bir siyasi partiyadır. 21 il ərzində bu təşkilat müxalifətdən iqtidaradək gəlib çıxıb. Eyni zamanda, artıq 20 ildir ki, hər seçkidən-seçkiyə qalib gəlir. Bu, sözün əsil mənasında, güclü, nüfuzlu cəmiyyətin onun mövcudluğunda marağı olan böyük bir qüvvədir".

Ərəstun Oruclu: "Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü olmur, ola da bilməzlər"

"Şərq-Qərb" Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bildirib ki, müxalifətin birlik modellərinin uğursuzluğa düçar olmasının səbəbi fərdlər üzərində qurulmasıdır: "Nə qədər ki, müxalif koalisiyalar dəyərlər, prinsiplər, hədəflər, mövqelər üzərində deyil, fərdlər, partiyalar, qruplar üzərində qurulub, mən şəxsən bundan heç bir nəticə gözləmirəm. Çünki hər kəs siyahıdan başlayır. Sizə misal gətirəcəm. Azərbaycanda prezident seçkilərinə 4 ay qalıb. On nəfərə qədər adam artıq prezidentlik postu uğrunda mübarizə aparacağını bəyan edib. Bu günə qədər heç birinin seçki platforması, proqramı ortada yoxdur. Nə qədər ki, bu birliklər fərdlər üzərində yaranıb və onun mübahisəsi gedirsə ki, kim sədr olsun, ya olmasın, bu qrupun kvotası pozuldu və sair, bu şeylərin perspektivi sıfırdır. Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü olmur, ola da bilməzlər".

R.Hüseynova

Digər xəbərlər