"Azərbaycan üçün ABŞ-ın ATƏT-in Minsk qrupuna yeni təyin etdiyi həmsədr Ceyms Uorlik Əfqanıstan və Pakistan üzrə mütəxəssis deyil. O, Azərbaycan üçün Əfqanıstandan yükdaşımalar və Nabucco üzrə mütəxəssisdir". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri Qarabağ siyasəti ilə ölçülərsə, ölkəmizin xeyrinə müəyyən qədər dəyişiklik var: "Azərbaycan Avropanın qaz nəqlində çox vacib dövlətdir. C.Uorlik Azərbaycanla münasibətləri Ermənistandan dəfələrlə üstün tutur. ABŞ ATƏT-in Minsk qrupuna Ceyms Uorliki həmsədr təyin etməklə Azərbaycanın yanında olduğunu nümayiş etdirdi". "ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibəti göz qabağındadır. Mən də daxil olmaqla, bəzən cəmiyyətdə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeni tənqid edirik. Amma onu da qeyd edim ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qədər Dağlıq Qarabağ məsələsinin həll olunması ilə əlaqədar iş görən olmayıb. Azərbaycanda işləyən səfirlər, diplomatlar içərisində münaqişənin həlli ilə bağlı ən böyük dəyişikliyi Riçard Morninqstar edib. ABŞ Dövlət Katibi Con Kerri kimi qatı ermənipərəsti Azərbaycanpərəst edən məhz ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstardır", - deyə M.Əhmədoğlu sözlərinə əlavə edib.
sia.az