"Amerikalı (ABŞ) həmsədrin ATƏT-in Minsk qrupuna yeni təyinatından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəallığının artacağı istisna deyil. Bu haqda Qərb və Amerika mətbuatı da dəfələrlə yazılar dərc edib". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupunun həmsədrlərinin sentyabrda regiona növbəti səfərinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, sentyabrda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin regiona səfərində bir sıra görüşlərin keçirilməsi gündəmdə ola bilər: "Bildiyiniz kimi, sentyabrda Azərbaycan artıq ikinci dəfə BMT TŞ-na sədrlik edəcək. Hesab edirəm ki, bunların hər biri münaqişənin həlli ilə bağlı prosesə müəyyən intensivlik verə bilər. Biz ümumiyyətlə bu sahədə intensivlikdən və kəmiyyətdən heç zaman şübhə edə bilmərik. Prezidentlər səviyyəsində 46 dəfə görüş keçirilib. Amma ATƏT-in həmsədrlərinin regiona mütəmadi səfər etmələrinə baxmayaraq, hələ də ortalıqda konkret nəticə yoxdur. Bu mənada hesab edirəm ki, Azərbaycan tərəfi daha çox Ermənistan tərəfinin mövqeyində konstruktiv dəyişikliklərin baş verməsini gözləyir. Amma bu da bir faktdır ki, qarşı tərəf hələ də öz köhnə oyununu oynamaqdadır".
Elman Nəsirli Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunmasına və BTC-nin beynəlxalq arenada oynayacağı rola da toxunub: "Rusiya prezidenti Vladimir Putinin Azərbaycana sayca dördüncü səfəri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına daha da təkan verdi. Belə ki, bu səfər enerji təhlükəsizliyi sahəsində müəyyən pozitiv addımların atılmasına imkan yaratdı. Hətta Rusiya tərəfinin TAP layihəsində iştirakı ilə bağlı da məlumatlar var. Hesab edirəm ki, rəsmi Moskva bu kimi layihələrdə iştirak edərsə, bu son nəticədə Xəzərin statusu ilə bağlı problemin həllinə də təkan verə bilər. Eyni zamanda Rusiyanın bu layihələrdə iştirakı onun beynəlxalq statusunu daha da yüksəltmiş olacaq. Bir sözlə bu, Rusiya üçün daha çox faydalıdır".
sia.az