PDF Oxu

Siyasət

  • 9

Sosial rifahın təminatı uğurlu gələcəyin sübutudur

Sosial rifahın təminatı uğurlu gələcəyin sübutudur

İlham Əliyev: "Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır"

Davamlı inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında əhalinin sosial rifah halının təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətin əsas trendidir. Bu məqsədlə son dövrlər sosial sektorda gücləndirilmiş tədbirlər, xüsusilə də, müəssisə və təşkilatlarda işləyənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təxirə salınmaz tədbirlər mühüm əhəmiyyət kəsb edir. 2013-cü ilin birinci yarımilində insanların yaşayış imkanlarının yaxşılaşmasına təkan verən sosial siyasətin həyata keçirilməsi ölkəmizin ümumi sosioiqtisadi imkanlarının artmasını şərtləndirir.

Tarazlaşdırılmış iqtisadi-sosial siyasət

Azərbaycan hökuməti iqtisadi və sosial proqramları güclü koordinasiya olunmuş vahid strategiya əsasında icra edir ki, bu da, hər iki sahənin artımı fonunda ümumi inkişafa töhfə verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik: "Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır".

Həyata keçirilən praqmatik və nikbin proqnozlaşdırılmış və tarazlaşdırılmış iqtisadi-sosial siyasətin nəticəsidir ki, bu günlərdə ölkə Prezidenti İlham Əliyevin ardıcıl olaraq əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaradıb. İnsanların aylıq gəlirləri, əmanətlərinin həcmi 10 faizdən cox, pul gəlirləri isə 7 faizdən çox artıb. İnflyasiya isə cəmi 2 faiz təşkil edib ki, bu da, insanların real gəlirlərinin nominal dəyərinin istehlak bazarında 3,5 dəfə artımı deməkdir. Ölkədə orta əməkhaqqı 520 dollar səviyyəsində, orta pensiya 200 dollar səviyyəsində təşkil edir ki, bu da Azərbaycanın MDB məkanında orta aylıq maaş və pensiyanın göstəricisinə görə 3-cü yeri tutduğunu göstərir. Ümumiyyətlə, cari ilin yarımillikdə iqtisadi artım və sosial dinamika, orta aylıq əmək haqqının artımının müqabilində insanların sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Ümumiyyətlə isə, 2003-cü ildən ötən 10 ildə Azərbaycanda bütün sahələrin yüksək inkişafı diqqət çəkir. Belə ki, ötən 10 ilin nəticələri də bir daha onu göstərir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı bildirmişdir ki, son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsil mənasında sürətli inkişaf dövrünü yaşayıb: "Bu 10 ildə problemlərin böyük hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret proqramlar icra edilir. Onların bir çoxu artıq başa çatmışdır. Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır".

İqtisadi rəqəmlərin müqayisəli təhlili Azərbaycanın ötən 10 ildə hansı inkişaf trayektoriyasını əldə etdiyini daha aydın göstərir. Azərbaycanda 2012-ci ilin yekunlarına görə, əhalinin pul gəlirləri 13,8 faiz artıb. 2013-cü ilin birinci rübündə isə bu rəqəm 6 faiz olub. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələyib, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 398,1 manat təşkil edib, keçən ilin yanvar ayına nisbətən 8,1 faiz yüksəlib. Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilir.

Prezident İlham Əliyev sosial siyasətlə bağlı strateji xəttin uzunömürlü olduğunu real atılan addımlarla sübut edir, davamlı şəkildə sosial rifaha hesablanana məzmunlu və konkret tədbirlər görür. Dövlət başçısı yaxın günlərdə bütün sosial bölmələrdə əməkhaqqı və müavinətlərin, pensiyaların artırılacağını bildirib: " Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər".

Ümumiyyətlə, Prezident İlham Əliyev sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, həm zəngin dövlət, varlı vətəndaş prinsiplərinə gətirib çıxarmaqdadır. Çünki dövlət başçısı İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər