PDF Oxu

Siyasət

  • 12

RUSİYA AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏDƏ

RUSİYA AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏDƏ

İlham Əliyev: "Rusiya Qarabağ münaqişəsinin nizamlama prosesində mühüm rol oynayır"

Əvvəla qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı işğal altında olan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub və Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki: "Rusiya Qarabağ münaqişəsinin nizamlama prosesində mühüm rol oynayır". Azərbaycan Prezidenti Cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bildirərək, münaqişənin tezliklə tarixi ədalət əsasında həllinin vacibliyini bəyan edib.

Bununla yanaşı, dövlət başçısı Bakıda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan torpaqlarının 20 ildən artıqdır işğal altında olmasını, işğal olunmuş ərazilərdə tarixi və memarlıq adidələrinin "dağıdılması mümkün olan hər şeyin dağıdıldığını" vurğulayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi ilə çıxış edib. Eyni zamanda bu kimi qətnamələrin hələ də kağız üzərində qaldığını da bildirib. Bu münaqişənin tezliklə həllinin regionda sabitliyə və əməkdaşlığa gətirib çıxaracağını və Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməli olduğunu bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynayır. Buna əsasən, Cənab İlham Əliyev Azərbaycanla Rusiyanın möhkəm baza üzərində qurulmuş dostluq və mehriban qonşuluq münasibətlərinin xalqlarımızın tarixinə, eyni taleyə sahib olmasına və qarşılıqlı maraqlara əsaslandığını və iki dövlət arasındakı siyasi əlaqələrin günü-gündən inkişaf etdiyini bildirib: "Beynəlxalq təşkilatlarda dost və tərəfdaş kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və gələcəkdə də bu siyasətimizi davam etdirəcəyik".

Ən əsası isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan və Rusiya arasında mühüm sənədlər imzalanıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında sazişinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya" "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri"nə baxılıb və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə "Neftyanaya kompaniya" "Rosneft" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin müqavilə imzalayıblar.

Eyni zamanda, "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı"nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzalayıblar. Bununla yanaşı, "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar. "Rusiya-Azərbaycan dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş"i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.

Qeyd edək ki, "2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalayıblar. İki ölkəarası əməkdaşlıq və mühüm müqavilə və sazişlərin imzalamasından sonra, Rusiya prezidenti V.Putinin Azərbaycana gəlişi daha mühüm hadisə ilə də yadda qaldı. Belə ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlardan sonra bildirib: "Azərbaycan hərbi gəmiləri bu ilin axırına qədər Rusiyaya dostluq səfərinə gedəcəklər. Bu, cavab səfəri olacaq". Bundan başqa, Rusiya prezidenti dedi: "Xarakterik haldır ki, bizim Bakıya bu dostcasına səfərimizi Rusiyanın Xəzər donanmasının gəmiləri müşayiət edir. Bu dəstənin tərkibinə "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi daxildir. İlin sonunda azərbaycanlı dənizçilər də Həştərxana cavab səfərinə çıxmağı planlaşdırırlar".

Xatırladaq ki, avqustun 13-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatıb. AzərTAcın verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Ülkər Musazadə

Digər xəbərlər