PDF Oxu

Siyasət

  • 10

Göyçayda Prezident seçkilərinə ciddi hazırlıq işləri görülür

Göyçayda Prezident seçkilərinə ciddi hazırlıq işləri görülür

Oktyabrın 9-da keçiriləcək Prezident seçkilərinə ölkəmizin hər yerində olduğu kimi, Göyçayda da ciddi hazırlıq işləri görülür.

AzərTAc xəbər verir ki, hazırda rayondakı seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi üçün lazımı tədbirlər həyata keçirilir. Seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri aparılır, məntəqələr lazımı texniki avadanlıqlarla təchiz edilir, rabitə və elektrik sistemi qaydaya salınır.

Hazırda məntəqələrə səsvermə kabinələri, təbliğat nümunələri, onların asılması üçün lövhələr, dəftərxana ləvazimatı, inventar və texniki avadanlıqlar paylanılır. Məntəqə seçki komissiyalarının sədr və üzvlərinin maarifləndirilməsi məqsədi ilə kurslar təşkil edilir, məntəqələrdə seçici siyahıları dəqiqləşdirilir, hərbi xidmətdən qayıtmış gənclər, yeni ailə quranlar və yaşayış yerini dəyişənlər müəyyənləşdirilir.

Qeyd edək ki, 88 saylı Göyçay seçki dairəsi üzrə 42 məntəqədə 40 min 214 seçici, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə isə 34 məntəqədə 37 min 944 nəfər seçici qeydiyyatdadır. Rayondakı 88 saylı seçki dairəsinə aid olan 5 seçki məntəqəsində, eləcə də 89 saylı Göyçay-Ağdaş seçki dairəsinə aid olan 12 seçki məntəqəsində webkameralar quraşdırılacaqdır.Ləkçiplaq kəndindəki 24 saylı seçki məntəqəsində də bu sahədə cədvələ uyğun tədbirlər həyata keçirilir. Seçki məntəqəsi kənddəki 1 nömrəli məktəbdə yerləşir. Məntəqənin yerləşdiyi binada cari təmir işləri aparılmış, elektrik xətti yenilənmiş, telefon çəkilmişdir. Səsvermənin keçiriləcəyi otaq səliqəyə salınmış, xüsusi guşədə seçki ilə bağlı lazımi vəsaitlər, təlimatlar və hüquqi sənədlər yerləşdirilmişdir. Müvafiq dairə seçki komissiyasının üzvləri vaxtaşırı məntəqədə olur, işlərin gedişi və seçkilərə hazırlığın vəziyyəti ilə yaxından maraqlanır, çatışmazlıqların aradan qaldırılmasına kömək göstərirlər.

Məntəqədəki məlumat guşəsində seçkilərin azad və şəffaf keçirilməsinə şərait yaradan qanunvericilik aktları, seçicilərin hüquq və vəzifələrini, seçkilərin gedişi zamanı qanun pozuntusuna görə məsuliyyəti əks etdirən materiallar qoyulmuşdur. Məntəqədə seçki kabinələrinin quraşdırılması başa çatdırılmış, məlumat guşəsində məntəqə üzvlərinin siyahısı, vəzifə bölgüsü, gündəlik növbətçilik cədvəli və protokollar yerləşdirilmişdir. Məntəqənin qarşısında isə seçiciləri məlumatlandıran lövhə asılmışdır.

Ümumiyyətlə, 24 saylı seçki məntəqəsində seçkilərə hazırlıqla bağlı bütün tədbirlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq mütəşəkkil şəkildə aparılır. Bu məntəqədə də şəffaflığın təmin olunması üçün webkamera quraşdırılacaqdır. Məntəqə üzrə qeydiyyata alınmış seçicilərin sayı 1392 nəfərdir və onlardan 61-i ilk dəfə səs verəcəkdir.

AzərTAc

Digər xəbərlər