Cənab Prezident İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı fəaliyyətə başlayıb. "president-az.com" adlı yeni portalda Prezident İlham Əliyevin ötən 10 ili əhatə edən hakimiyyəti dövründə bütün sahələri – iqtisadiyyat, siyasət, beynəlxalq siyasət, sosial təminat, ordu quruculuğundan, elm, təhsil, mədəniyyət, idman və digər bölmələr barədə məzmunlu məlumatlar yerləşdirilib. Azərbaycan, ingilis, rus, türk, alman, fransız və ispan dillərində təqdim olunan saytda Azərbaycanın dövlət başçısının genişsahəli fəaliyyəti çox orijinal və sistemli şəkildə təqdim edilir. Azərbaycan Prezidentinin çoxşaxəli, zəngin fəaliyyətinin əks etdirən internet resursunun yaradılması real ictimai-siyasi proseslərin fonunda ictimai tələbin zərurətindən irəli gəlir, yeni informasiya resurslarının genişləndiyi bir dövrdə ölkə ictimaiyyətinin öz Siyasi Lideri barədə daha dolğun və əhatəli bilgilər əldə etməsini şərtləndirir.
Internet portalı ictimai tələb və təklifinin, sosial-siyasi ehtiyacların ödənilməsində bir vasitədir. Məlumat üçün onu xatırlatmaq gərəkdir ki, Azərbaycan Prezidentin rəsmi internet saytı fəaliyyət göstərir, amma yeni portalın əsas qayələrindən biri internet və multimedia texnologiyalarının ən son nailiyyətlərinə əsaslanaraq dövlət başçısının ötən 10 ildə gördüyü işləri sadə dildə, eyni zamanda faktlara, statistik göstəricilərə əsasında ölkə və beynəlxalq ictimaiyyətə ətraflı təqdim etmək missiyasıdır.
Bir sözlə, internet saytı Azərbaycanın Siyasi Liderinin çoxminli uğurlarının real fakt və arqumentlərlə təqdimindən başqa, Azərbaycanın ümumi inkişaf göstəriciləri haqqında dərin təhlillərin aparılması üçün zəngin baza yaratmış olur.
Sayt Azərbaycanın dövlət başçısının qətiyyətli, uğurlu, praqmatik və uzaqgörən siyasi xəttinin bir çox komponentlərini, yürütdüyü daxili və xarici siyasətin mühüm detallarını özündə əks etdirməklə ictimaiyyətdə ölkəmizin ötən 10 il ərzində əldə etdiyi nailiyyətlər barədə geniş təsəvvür yaradır. Internet portalı Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyev siyasi akademiyasında yetişmiş və müasir dövlət idarəetmə sisteminin banisi zirvəsinə ucalmış şəxsiyyət obrazının bütün çalarlarını canlandırır. Bu, bir reallıqdır ki, İlham Əliyev 10 il əvvəl siyasi düzənin arxitekturasını formalaşdıraraq Azərbaycanın siyasi mənzərəsində tamamilə yeni keyfiyyət dəyişiklilərinin əsasını qoydu. 2003-cü ildən sonrakı dövrü Azərbaysanın siyasi, iqtisadi, sosial, ictimai, humanitar, elmi-mədəni həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövrdür və bu mərhələ ölkə iqtisadiyyatında yeniləşmə və keyfiyyət dəyişikliklərinin baş verdiyi bir mərhələ hesab olunmaqla, qarşıda modernləşmə üçün geniş imkanların astanasının başlanğıc tarixi kimi də səciyyələndirilə bilər. Ümummilli lider Heydər Əliyevin yaratdığı milli inkişaf doktrinasını yeni dövrün iqtisadi meyarları əsasında zənginləşdirən Prezident İlham Əliyev ölkəmizin uzunmüddətli tərəqqisi üçün kompleks islahatlar kursunun həyata keçirilməsi üçün prinsipial addımlar atıb.
Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasi kursunu, iqtisadi doktrinasını yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirə biləcək ictimai xadim, siyasi Lider kimi yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun yeni konturlarını müəyyən edib. Bu uzaqgörən doktrina ötən 10 ildə reformaların miqyasının daha da genişlənməsinə təkan verib, ölkə iqtisadiyyatında liberalizmin dərinləşdirib, sosioekonomik inkişafın və demokratik cəmiyyətin möhkəmliyini təmin edib, eyni zamanda, azad biznes və maliyyə-kredit institutlarının statusunu gücləndirib.
Cənab İlham Əliyev xalq hakimiyyətinin bütün prinsip və metodlarını nəzərə alaraq ilk növbədə, xalqın, ictimai fikrin tələblərinə uyğun, onların istək və arzularına xidmət edən və xalqın maddi və mənəvi ehtiyaclarını ödəyən, vətəndaş həmrəyliyinin möhkəmlənməsini təmin edən, insanların dövlətə dərin inam və etibarını gücləndirən fəaliyyət institutu yaratdı. Bu demokratikləşmə prosesinin əsas avanqardına çevrilməklə ölkədə milli birliyin, vətəndaş cəmiyyətinin möhkəm bazalarını daha da gücləndirib.
2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də inkişaf meyarları baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu illər ərzində respublikamızın bütün regionlarının simasının dəyişməsi, böyük infrastruktur şəbəkələri yaradılması, iqtisadiyyatın modernizasiyasının reallaşması ölkənin ümumi siyasi və sosial mənzərəsini dəyişdirib.
Xüsusilə qeyd edilməlidir ki, saytda iqtisadiyyatın ayrı-ayrı sahələri ilə bağlı bölmələr üzrə yer alan məsələlər diqqət çəkir. Misal olaraq "Çoxşaxəli iqtisadiyyat" bölməsində qeyri-neft sektorundakı əldə olunmuş 2,7 dəfə artım, qeyri-neft sektoruna qoyulan yatırımların işsizliyin aradan qaldırılmasına xidmət etməsindən, eyni zamanda "Holland sindromu" barəsində səslənən fikirlərin alt-üst olmasından, ixrac potensialının dəfələrlə artımından və analoji aradıcıllıqla aid olan sahələrdəki inkişaf səlis şəkildə təqdim olunur. Bundan əlavə portalın "Makroiqtisadi göstəricilər" bölməsində ölkəmizdə adambaşına düşən ümumi daxili məhsulun 7 dəfədən çox artımından, 1 milyon 200 mindən artıq yeni iş yerinin açılmasından, yoxsulluq səviyyəsinin 44 faizdən 4 faizə endirilməsi, büdcə gəlirlərində 16 dəfədən çox artım, strateji valyuta ehtiyyatlarındakı 30 dəfədən çox olan artım, orta aylıq əmək haqqının 6 dəfədən çox artımı və digər zəruri prinsiplərin icra edilməsi ölkə iqtisadiyyatının ümumi göstəricilərinə mühüm amil kimi qiymətləndirilir.
Saytdan da göründüyü kimi Azərbaycanın regionda lider dövlət kimi siyasi nüfuzunun, iqtisadi qüdrətinin, geocoğrafi mövqeyinin artması uğurlu fəaliyyətinin birinci mərhələsidir. Bu mərhələdə respublikamız ölkə daxilində iqtisadi-siyasi məqsədlərə çatmaqla bərabər, xarici əlaqələrin, beynəlxalq əməkdaşlığın dərinləşməsinə və məzmunca yeni çalarlar almasına nail ola bilib. Məhz bu fəaliyyətin əsas istiqamətlərini şərtləndirən amillər sırasında neft siyasəti başlıca yerə malikdir.
Bu baxımdan da 2003-2008-ci illər Azərbaycan iqtisadiyyatının ən surətli dovru hesab olunur. Bu beşillikdə Azərbaycan tarixə iqtisadi cəhətdən ən surətlə inkişaf etmiş olkə kimi daxil olub. Bu dövr ərzində iqtisadiyyatın inkişafı 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi 3–4 dəfə aşağı düşüb, büdcə xərcləri 10 dəfədən çox yüksəlib. Eyni zamanda, cənab Prezidentin ilk beşillik fəaliyyəti dövründə növbəti beşillik üçün yeni iqtisadi meyarlar müəyyən olunub, qarşıdakı mərhələdə inkişafın sürətlənməsini təmin edə biləcək möhkəm zəmin yaradıldı. Azərbaycan 2008-ci ildə dunyada iqtisadi inkişaf tempinə gorə, lider dovlət kimi adını tarixə yazdırdı. Bu inkişaf davamlı oldu və 2009-cu ildə də respublikamız inkişaf göstəricilərinin səviyyəsinə görə regionda liderliyini qoruyub saxladı. Həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatı üçün uğurlu yekununu təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin memarı, təşəbbüskarı, Azərbaycanın neft strategiyasının təşəbbüskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lideri Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin istismara verildi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ardınca Bakı-Tbilisi- Ərzurum qaz kəməri istifadəyə verildi ki, bu da Azərbaycanın qaz ixracatçısı kimi mövqeyini gücləndirdi.
Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsinin ardından regionda daha yeni bir nəhəng trans-kommunikasiya marşrutunun yaradılması üçün qətiyyətli addım atıldı. Bu, Azərbaycanı dünyaya bağlayacaq strateji nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti idi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz ötən əsrin ortalarında həyata keçirilən uğurlu neft strategiyasının məntiqi davamıdır. Bəyan edildiyi kimi, Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən neft-qaz kəmərləri layihələrinin – Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Supsa, sonra Bakı-Tbilisi-Ceyhan, daha sonra Bakı-Tbilisi-Ərzurum layihələrinin məntiqi nəticəsidir.
2003-2013-cü illər ərzində olkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib, büdcənin potensial maliyyə tutumunu genişləndirib. Qeyd olunan illər ərzində umumi daxili məhsulun həcmi 3,2 dəfə artıb. 2003-2013-cü illər ərzində əhalinin sosial mudafiəsinin gucləndirilməsinə yonəldilmiş budcə xərcləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 4,2 dəfə, əhalinin gəlirləri 4,7 dəfə, minimum pensiyanın məbləği 7 dəfə, minimum əməkhaqqı 10 dəfə çoxalıb. Yoxsulluq həddi 2003-cu ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2013-cüildə 119 manata catıb. Yoxsulluq səviyyəsi isə bu muddətdə 44,7%-dən 5%-ə enib. Ölkənin iqtisadi təhlukəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 48 milyard dolları ötüb. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 85 faizlik hissəsinə malikdir.
Azərbaycanın ötən illər ərzində əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı düşdüyü halda "Standart & Poor's" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq "BBB-" səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə "sabit" saxlayıb.
İnternet portalında Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olması, modernləşmənin əsas fəlsəfəsi barədə həm statistik, həm də analitik materiallar da diqqəti cəlb edir. Göründüyü kimi respublikamız keçid dövrünə son verməsinə və yeni innovativ inkişaf mərhələsinə qədəm qoymasına nail oldu. Azərbaycan üçün postsovet ölkəsi şkalasından çıxaraq yeni modern formada yüksək inkişaf proqnozları ilə irəliləyən güclü statusa malik ölkə kimi səciyyələndirmək daha düzgündür. Keçid iqtisadiyyatı ilə yeni əsrin ilk onilliyində vidalaşan bu ölkənin tərəqqi və milli inkişafının istiqamətlərini müəyyən edən iqtisadi modelin tətbiqi prosesi də uzaqgörən bir siyasi taktika ilə həyata keçməyə başlayıb.
Azərbaycanın dövlət başçısının müəyyən etdiyi iqtisadiyyatın çoxşaxəli inkişafı ilə bağlı strateji xəttə uyğun olaraq hökumət zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub. Neft gəlirlərinin daxili sərmayələrə yönəldilməsi son illər ərzində iqtisadi və sosial bölmələrdə inkişaf meyillərinin yaranmasında mühüm rol oynayıb. Neftdən daxil olan resursların, həmçinin, digər sahələrə - alternativ enerji mənbələrinin əldə olunmasına və ekoloji layihələrə də xərclənməsi nəzərdə tutulur ki, bu da iqtisadiyyatın diversifikasiyası üçün daha geniş imkanlara yol açır.
Azərbaycan milli məhsulda elm və təhsilin çəkisinin artırılması və kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi strateji addımlar atmaqdadır. Ölkəmizdə zəngin sərvətlərin insan zənginliyinə, kapitalın intellektual mülkiyyətə transformasiyası təmin edilməklə strateji bir ideyanın - İnsan Kapitalı Fondunun yaradılması təmin edilib. "President-az.com" saytında həmçinin, Azərbaycanın qarşıdakı inkişaf hədəfləri, iqtisadi-sosial həmlələri də yer alıb. Hədəflər, 2020-ci ilə hesablanmış ana trendlər bütün təfərrüatiı ilə ictimai rəydə gələcəyin obrazını təsəvvür etməyə imkan verir. Real mənzərə budur: Azərbaycan milli inkişaf iyerarxiyasının üçüncü frazasına daxil olub. Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək etapına qədəm qoyaraq davamlı inkişaf dialektikasının qanunauyğunluqlarına rəğmən öz milli intibah modeli ilə irəliləməkdədir. Azərbaycan yaxın onillikdə möhkəm siyasi sabitliyin, iqtisadiyyatın məzmununu, sosial islahatların keyfiyyətini və ümumilikdə, ictimai-sosial yaşayış formulunu dəyişməklə ən yüksək keyfiyyətli həyat şəraiti təmin edən makrosivil cəmiyyətin qurulmasını strateji hədəflərə çevirib. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zəruridir.
Azərbaycan yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır.Yeni onillikdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi hədəflənmiş sahələrdir.
Aydın Hüseynov
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,
Qaradağ rayon təşkilatının sədri
yap.org.az