PDF Oxu

Siyasət

  • 10

Bəxtiyar Sadıqov: “Müxalifət öz biyabırçılığını Cəmil Həsənlinin başında çatlatmaq istəyir”

Bəxtiyar Sadıqov: “Müxalifət öz biyabırçılığını Cəmil Həsənlinin başında çatlatmaq istəyir”

"Müxalifət hər zaman seçki prosesinə qədər Ana müxalifət adı uğrunda mübarizə aparıb. Həmin insanlar digərlərinin labüd cəhətlərini qabartmaqla sübut etməyə çalışıblar ki, onlar heç vaxt bu səbəblərə görə Ana müxalifət ola bilməz". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Milli Şura" daxilində baş verən proseslərə (gərginliyə, siyasi, böhrana, vahid namizədlik və s.) münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, radikal düşərgənin üzvləri cəmiyyətdə öz imkanlarını şişirtməklə "Ana müxalifət mənəm" deyə, ismarıc verməyə çalışır: "Yəni, seçkiyə qədər olan dövrdə bu didişmə hər zaman pərdəli şəkildə davam edib. Seçki dövründə isə həmin insanlar görüntü yaratmaq üçün "öz qüvvələrini birləşdirərək hakimiyyətə gəlmək" iddiası ilə çıxış edərək süni fikir formalaşdırırlar. Çünki bu insanlar digərlərinin fikrini həzm edə bilmir. Həmin insanlar nə qədər zahiri görüntü yaratsalar da, əslində daxildə tamam başqadırlar. Bunlar heç vaxt xalqın rəyinə istinad etməyiblər. Həmin insanlar heç cürə düşünmürlər ki, xalq onları prezidentliyə layiq bilir, yoxsa yox! Azərbaycanın aqressiv, dağıdıcı müxalifəti iqtidarda olduğu müddətdə elə əməllər törədiblər ki, bu da onların cəmiyyət arasında gözdən düşmələrinə səbəb olub. Bunlar seçkiqabağı "EL", "Milli Şura" və s. adlı qurumlar yaradaraq xaricdən, bizlərə düşmən olan dövlətlərin adamlarının maliyyələşdirdikləri qurumlardan qrant almağa və pul çəkməyə çalışırlar. Bunlar üçün ən müqəddəs şey puldur. Radikal düşərgə üzvləri növbəti illərdə də müxalifətdə oturub yenə yaxşı yaşamaq, villalar almaq, xaricdə bahalı evlər alıb, öz övladlarını orada yaşatmaq üçün indidən seçki adı ilə pullar qopartmaq istəyirlər".

Bəxtiyar Sadıqov hesab edir ki, bu gün "Milli Şura" ömrünü artıq başa vurub: "Çünki, Rüstəm İbrahimbəyov artıq ölkəyə qayıtmayacaq. Ümumiyyətlə, İbrahimbəyov Azərbaycan xalqının əksər hissəsinin tanımadığı, heç bir sosial bazası olmayan bir elm adamıdır. Məhz buna görə də həmin insanlar öz kartlarını açaraq, artıq didişməyə keçiblər. Birləşmiş müxalifət əgər seçkilərdə 0.1 faiz səs toplasa, bu, onlar üçün görünməmiş nailiyyət sayıla bilər".

Müxalifətin alternativ namizəd kimi Cəmil Həsənlini ortaya atmasına da toxunan deputat deyib ki, ola bilər ki, müxalifətin vahid namizədlərindən bir qismi oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməsin: "Bu insanlar öncədən də bilirlər ki, artıq məğlubdurlar. İndi müxalifət alternativ namizəd kimi Cəmil Həsənlini qurban olaraq ortaya atıb. Bu da təbii ki, onların məğlubiyyətlərini ört-basdır etməyə hesablanıb. Beləcə, həmin biyabırçılığı Cəmil Həsənlinin başında çatlatmaq istəyirlər".

sia.az

Digər xəbərlər