YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin genişmiqyaslı tədbirlər planına uyğun olaraq növbəti treninqi keçirilib.
YAP Gəncə şəhər təşkilatının gənclər birliyinin sədri Fərid Dünyamalıyev treninqin məzmun və mahiyyəti barədə məlumat verərək bildiribdir ki, ekoloji mühitin saflığı hər şeydən əvvəl insanların yüksək əhval-ruhiyyəsi, gümrahlığı deməkdir. Bu mühiti qorumaq və ekologiyanın təmizliyində vacib amil sayılan yeni yaşıllıqların salınmasına, dekorativ ağacların, gül-çiçəklərin əkilməsinə, təmizlik və abadlıq işlərinə diqqətlə yanaşılması hər bir vətəndaşın borcudur: "Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclər də yaşıllığı qorumalı,abadlıq və quruculuq işlərinin fəal iştirakçıları olmalıdırlar".
Tədbirdə gənclər birliyinin fəallarından ibarət işçi qrupu yaradılıb. Gənclərdən GDU-nun tələbəsi Təranə Abbasova, ADAU-nun tələbəsi Çingiz Hüseynov və başqaları çıxış edərək, bütün gənclərə örnək olacaq işlər görəcəklərini, həyatımızın vacib sahəsi olan ekologiyanın qorunmasına çalışacaqlarını bildiriblər.
Ekoloji mühitin qorunması ilə əlaqədar görüləcək işlərə dair tədbirlər planı geniş müzakirə olundu və qərar qəbul edildi. Sonda YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev gənclərin bu təşəbbüsünü dəstəklədi və təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı, həmçinin gənclərə dəyərli tövsiyələrini verdi.
Süsən Tağıyeva,
YAP Gəncə şəhər təşkilatının üzvü