PDF Oxu

Siyasət

  • 8

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr gündən-günə inkişaf edir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr gündən-günə inkişaf edir

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şarca əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Şarca polis baş komandanı, general Həmid Məhəmməd Əl-Hədidi ilə görüşmüşdür.

Baş konsulluqdan AzərTAc-a bildirmişlər ki, görüşdə P.İsmayılzadə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək BƏƏ-yə daxil olan əmirliklərlə ikitərəfli əməkdaşlıq əlaqələrinin də gündən-günə inkişaf etdiyini diqqətə çatdırmışdır.

P.İsmayılzadə BƏƏ-nin aparıcı əmirliklərindən biri olan və azərbaycanlıların Dubaydan sonra ən çox məskunlaşdıqları Şarca bölgəsi ilə əlaqələrin böyük önəm daşıdığını bildirmişdir. Baş konsul mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə ötən il Azərbaycanın Dubay və Şarca şəhərlərində baş konsulluğunun təsis edildiyini söyləmişdir.

Görüşdə Şarcada yaşayan həmyerlilərimizin üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi də aparılmışdır. P.İsmayılzadə Şarcada kütləvi şəkildə məskunlaşmış azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Şarca Polis Baş Komandanlığının fəaliyyətini təqdir etmişdir.

H.Əl-Hədidi isə öz növbəsində azərbaycanlıların bütün qanunlara riayət etdiklərini, həmyerlilərimizin indiyədək Şarcada heç bir ciddi cinayət hadisəsi törətmədiklərini qeyd etmişdir.

Bu görüşün indiyədək Azərbaycan rəsmisi ilə ilk görüşü olduğunu bildirən H.Əl-Hədidi rəhbərlik etdiyi qurum tərəfindən həmyerlilərimizin problemlərinin operativ şəkildə araşdırılması, cinayət məsuliyyətinə cəlb olunmuş vətəndaşlar barəsində məlumat mübadiləsi istiqamətində və digər əlaqədar məsələlərdə baş konsulluğa hər cür kömək göstəriləcəyinə söz vermişdir.

Görüşdə H.Əl-Hədidi qardaş Azərbaycan xalqına hörmət və rəğbət hissi bəslədiyini bildirərək gələn il ölkəmizə işgüzar səfər etmək arzusunda olduğunu söyləmişdir.

AzərTAc

Digər xəbərlər