PDF Oxu

Siyasət

  • 6

Pekində çin dilində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabının təqdimatı olmuşdur

Pekində çin dilində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabının təqdimatı olmuşdur

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Pekində səfərdə olmuşdur.

Səfər ərəfəsində SAM-ın direktoru Fərhad Məmmədov Çin Xalq Respublikasının (ÇXR) Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutunda çinli ekspert auditoriyası qarşısında "Azərbaycanın Qafqaz regionunda rolu" mövzusunda çıxış etmişdir.

SAM-dan AzərTAc-a bildirmişlər ki, sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha sonra SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov tərəfindən tərcümə olunan "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdur.

Pekin Dünya Mədəniyyət Mərkəzində SAM və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dən çox qonaq, o cümlədən ÇXR-in rəsmi nümayəndəsi, elm xadimləri, iş adamları, yerli KİV rəhbərləri, Rusiya və Qırğızıstanın bu ölkədəki səfirləri, Türkiyə, Venesuela, Moldova və Ukraynanın diplomatları iştirak etmişlər.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov tədbiri açaraq demişdir ki, Azərbaycan artıq iyirmi ildən çoxdur ki, müstəqillik şəraitində yaşayır. Bu dövr heç də sadə olmamışdır, xüsusilə onun son on ili. Müdrik şəxslər deyirlər ki, müstəqilliyi əldə etmək çətindir, lakin onu qoruyub saxlamaq daha çətindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti də məhz bu istiqamət də olmuşdur. SSRİ dağıldıqdan sonra bütün təsərrüfat əlaqələri pozulmuş, bir çox müəssisələrin fəaliyyəti dayanmış, onların istehsal etdiyi məhsullara isə heç bir tələbat qalmamışdır. Bir ictimai quruluşdan başqa bir ictimai quruluşa keçilməsi, cəmiyyətin bazis və üstqurumunun yaradılması, yeni dövlət institutlarının təsis edilməsi, iqtisadiyyatın yeni strukturunun yaradılması, həmçinin respublikanın ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi tələb olunurdu. Dahi Çin mütəfəkkiri Konfutsi deyirdi ki, heç kəsə dəyişikliklər dövründə yaşamağı arzu etməzdim. Biz isə məhz belə dövrdə yaşadıq. İndi inanmaq çətindir ki, 2000-ci illərin əvvəlində Azərbaycan qaz və elektrik enerjisi idxal edirdi, o dövrlərdə mövcud olan enerji böhranı isə Azərbaycandakı vəziyyəti daha da ağırlaşdırırdı. Lakin qısa müddət ərzində Prezident İlham Əliyev keçid dövrünün çətin vəzifələrini həyata keçirməyə müyəssər olmuşdur. Sözün əsl mənasında Azərbaycan iqtisadiyyatının yeni strukturu yaradılmışdır. Bu gün biz nəinki daxili tələbatımızı ödəyirik, həmçinin qaz və elektrik enerjisi ixrac edir, xarici bazarlarda satırıq. Bu dövr ərzində XX əsrin iki mühüm enerji layihəsi həyata keçirilmişdir. Bakı-Tbilsi-Ceyhan neft, Bakı-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və bu Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına imkan yaratmışdır. Bu il isə Qərblə Şərqi birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istismara verilməsi nəzərdə tutulur. Bu gün Azərbaycan tamamilə öz tələbatını ödəyən bir dövlətdir. Adam başına düşən milli gəlir 7000 ABŞ dollarından çoxdur, ölkənin valyuta, qızıl ehtiyatları isə 50 milyarda yaxındır. Bu gün Azərbaycan başqa ölkələrin iqtisadiyyatına investisiya qoyan mühüm donor ölkələrdən birinə çevrilmişdir. Bütün bu nailiyyətlər yalnız daxili imkanlar hesabına və düzgün, səmərəli neft strategiyası əsasında əldə olunmuşdur.

Xarici siyasət sahəsində də uğurlarımız böyükdür. Bütün istiqamətlər üzrə qarşılıqlı, faydalı əməkdaşlıq əsasında xarici siyasətimizin çoxvektorluluğu və balanslaşdırılması təmin olunmuşdur. Bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və dünyada sülhün və stabilliyin qorunmasına böyük töhfə verir. Bu Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi xalqımızın nailiyyətidir.

Səfir qeyd etmişdir ki, təqdimatı keçirilən kitab Azərbaycanı daha yaxından tanımaq üçün imkan yaradacaqdır.

Daha sonra Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse prezidenti Fın Çon Pin, Etnik Universitetin professoru, türkoloq Xu Cen Xua və SAM-ın direktoru Fərhad Məmmədov çıxış etmişlər.

Fərhad Məmmədov demişdir ki, dövlətlər, xalqlar arasında münasibətlərin qurulmasında, möhkəmləndirilməsində liderlərin təbii və müstəsna rolu vardır. Müasir Azərbaycan ilə Çin arasında səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkələrimizin rəhbərlərinin səyləri nəticəsində bu əməkdaşlıq ən müxtəlif sahələrdə inkişaf etdirilir və real nəticələrini verir.

Kitabın əhəmiyyətindən danışan F.Məmmədov vurğulamışdır ki, bu kitab da bizim dostluq əlaqələrimizin nümunəsidir. Kitab dövlətimizin başçısı İlham Əliyevin 2003-2013-cü illər ərzində uğurlu prezidentlik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətlərə, onun dünya birliyinə inteqrasiyasına, ölkəmizin üzləşdiyi problemlərinə həsr olunmuşdur. Əminəm ki, bu kitab dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımız bir-birini daha yaxşı tanımasına yardımçı olacaqdır.

Bildirilmişdir ki, Azərbaycanın ötən on il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişaf yolu keçmişdir. Həmin müddət ərzində ölkənin iqtisadi və siyasi potensialı artmış, əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Təsadüfi deyildir ki, 2011-ci ildə dünya birliyi Azərbaycan Respublikasının namizədliyini dəstəkləyərək onu BMT-nin Təhlükəsizlik Şurasına üzv seçmişdir.

Bundan başqa, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Neft strategiyası Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi məsələlərində fəal iştirakını göstərməklə, həm də regiondakı iqtisadi, siyasi mənzərəni dəyişmiş, inteqrasiya prosesini sürətləndirmişdir. Məsələn, on il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 48 milyard, dövlət büdcəsinin gəlirlərinin həcmi isə 25 milyard ABŞ dolları həddini ötmüşdür. Dünyanın 144 dövləti sırasında milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə ölkəmiz ilk 50, makroiqtisadi sabitliyə görə isə ilk 20 dövlət sırasında mövqeyini möhkəmləndirmişdir. Ötən on il ərzində ölkə iqtisadiyyatına 137 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuş, dövlət büdcəsinin həcmi 19 dəfə artmışdır. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün yönəldilən vəsaitin 49 faizini dövlət, 51 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11,1 dəfə artaraq təqribən 60 milyard dollar təşkil etmişdir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. Hazırda iqtisadi fəal əhalinin sayı 7,2 faizə, məşğul əhalinin sayı isə 11,9 faizə yüksəlmiş, işsizliyin səviyyəsi 5 faizə enmişdir.

Bundan başqa, ölkədə 1,2 milyon yeni iş yerləri açılmışdır. Əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9 dəfə çoxalmışdır. Əhalinin gəlirləri ötən dövrlərlə müqayisədə 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə, pensiyaların həcmi isə 8,6 dəfə yüksəlmiş, ölkədə yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.

Sizə də yaxşı məlumdur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazilərinin 20 faizi işğal edilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmışdır. İşğal altıda qalan torpaqlarımızı azad edilməsi bu gün Azərbaycan dövlətinin ən mühüm vəzifələrindəndir. Bununla belə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Ötən dövr ərzində bu insanların məskunlaşdıqları 7 çadır şəhərciyi və 12 müvəqqəti qəsəbə ləğv edilmiş, 23,5 min evlik 57 müasir qəsəbə və məhəllə salınmışdır.

Ölkəmizdə kosmik sənayenin təməlinin qoyulması da Azərbaycan rəhbərliyinin elmə qayğısının təzahürlərindəndir. Elm və qabaqcıl texnologiyanın inkişafı sahəsində bu il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.

Qeyd edilmişdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi-2012" hesabatında Azərbaycan "İKT-nin inkişafı" indeksi üzrə əvvəlki göstəricilərini xeyli yaxşılaşdıraraq, 155 ölkə arasında 68-ci yeri tutmuş, dünyanın on "Ən dinamik inkişaf edən ölkələr" qrupunda mövqeyini möhkəmlətmişdir.

Bildirilmişdir ki, müasir dünyada sivilizasiyalararası qarşıdurmaların, etimadsızlığın aradan qaldırılmasına yönəlmiş səylər dövrün aktual vəzifələrindən biridir. Mədəniyyətlərarası dialoqu yeni inkişaf mərhələlərinə qaldırmaq, xalqlar, dövlətlər, dinlər arasında qarşılıqlı anlaşmanı və birgəyaşayış prinsiplərini tanıtmaq bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsidir. Azərbaycanda tarixən bərqərar olmuş tolerantlıq, xalqların, din və mədəniyyətlərin birgəyaşayış modeli bu gün başqalarına da nümunə olaraq göstərilməkdədir. Bu modelin dünyaya tanıdılması məqsədilə 2011-ci ildən etibarən ölkəmizdə Ümumdünya mədəniyyətlərarası dialoq forumları müntəzəm təşkil edilir. 2009-cu ildə İslam Konfransı Təşkilatı çoxmillətli Bakı şəhərini "İslam mədəniyyətinin paytaxtı" elan etmişdir.

F.Məmmədov çıxışını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur klamı ilə bitirmişdir: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Konfransdan sonra qonaqların şərəfinə ziyafət verilmişdir.

AzərTAc

Digər xəbərlər