Azərbaycanda başqa dövlətlərlə müqayisədə gənclərin işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dünya dövlətləri görülən bu işləri yüksək qiymətləndirir. Azərbaycan Prezidenti, dövlətimiz gənclərin təhsilinə xüsusi diqqət yetirir. Ali məktəblərə imtahanlarda yüksək bal toplamış gənclərə yüksək təqaüdlər verilir, Dövlət Proqramına əsasən gənclərimiz dünyanın ən qabaqcıl ölkələrində təhsil alırlar.
Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında demişdir. S.Mehbalıyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin fəaliyyətinin səmərəliliyini artırmaq üçün bir sıra önəmli layihələr həyata keçirir. Bundan başqa, ölkəmizin regionlarında da gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində Prezident İlham Əliyev tərəfindən böyük işlər görülür. Artıq bölgələrin bir çoxunda Gənclər mərkəzləri, Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilmişdir. Görülən bütün bu işlər gənclərimizin savadlı, sağlam və vətənpərvər ruhda yetişməsinə xidmət edir.
yap.org.az