Dünən Binəqədi rayon icra hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, "İrəli" İctimai Birliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə "Sağlam Gənclik - 10 il" mövzusunda tədbir keçirildi.
Tədbir başlamazdan öncə toplantı iştirakçıları YAP Binəqədi rayon təşkilatının qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini böyük ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirakçıları salamlayaraq, təşkilatçılara minnətdarlığını bildirdi. O, qeyd etdi ki, sağlam gənclik mövzusu gündəmdə olan ən aktual mövzulardan biridir:"Müstəqillik əldə etdiyimiz vaxtdan inkişaf dövründəyik. Biz yeni əxlaq qaydalarımızı köhnə əxlaq qaydaları üzərində formalaşdırırıq. İnsan iki cəhətdən sağlam olmalıdır - fiziki və mənəvi sağlamlıq. Ən böyük faciə isə mənəvi sağlamlığı itirməkdir.". R.Göyüşov vurğuladı ki, müasir dövrümüzdə gənclərimizin mənəvi və fiziki sağlamlığına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir və ardıcıl oaraq Dövlət Proqramları hazırlanıb həyata keçirilir: "Bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycanın bütün bölgələrində idman qurğuları və idman komplekləri yaradılıb. Dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın dəstəyi ilə milli-mənəvi dəyərlərimiz qorunub saxlanılır, idmana xüsusi önəm verilir. Binəqədi rayonunda da idmana böyük diqqət göstərilir".
Rayon təşkilatının sədri bildirdi ki, sağlam həyat tərzi keçirmək üçün Binəqədi rayonunda müxtəlif idman komplekləri fəaliyyət göstərir: "Gənclərimiz sağlam həyat tərzi keçirməlidir. Bugünkü tədbirin məqsədi də elə budur: sağlamlığımızın rəhni olan idman həyatımızın ayrılmaz hissəsidir".
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bu gün ən böyük problemlərdən birinin sağlam həyat tərzi olduğunu diqqətə çatdırdı. Rayon gəncləri olaraq hər il yeni tədris ilində rayon orta ümumtəhsil məktəblərinə gedərək, orada görüşlər keçirildiyini, mövcud vəziyyətlə maraqlandığını bildirən Q.Bayramov dövlət tərəfindən idmana böyük qayğı göstərildiyini qeyd etdi: "Dövlət proqramları çərçivəsində geniş tədbirtlər həyata keçirilir. Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksləri olan "Bakı Tennis Akademiyası", "Respublika Stend Atıcılığı İdman Kompleksi", "Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı", "Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksi", "Binəqədi İdman Sağlamlıq Kompleksi", "Bakı" Futbol Klubunun Təlim-Məşq Bazası fəaliyyət göstərir".
Q.Bayramov rayonda bu yaxınlarda "Gənclər evi"nin tikilib başa çatacağını qeyd edərək gənclərin fiziki sağlamlığının və istirahətinin yküsək səviyyədə təşkilinə zəmin yaradacaq məkanın maddi-texniki bazasının yüksək səviyyədə qurulacağanı nəzərə çatdırdı.
Tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev Binəqədi rayonu ilə bağlı təəssüratlarını bölüşdü və Azərbaycanın dinamik inkişaf dövrünü yaşadığını vurğulayaraq, iqtisadi nailiyyətlərə imza atdığını nəzərə çatdırdı: "Bu gün Azərbaycanın sağlam gələcəyinə böük ehtiyac duyulur. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində tədbirlər planı həyata keçirilir. Azərbaycan gəncliyinə və təhsilə böyük qayğı göstərilir. Gələcəyin təminatçısı olan gənclərin dövlət hesabına xarici dövlətlərdə təhsil alması dövlətin gənclərə olan diqqətidir. Bu gün Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur, geniş miqyasda layihələr reallaşır. 2012-ci ildə Azərbaycanda keçirilən "Evrovision-2012" Mahnı Müsabiqəsi dövlətmizin dünya arenasında daha yaxından tanıdılmasında uğurlu addım oldu. Bakıda keçiriləcək 2015-ci il Avropa Olimpiya Oyunları ölkəmizin idman ölkəsi kimi tanıdılmasında növbəti uğuru olacaq. İdman sağlamlığı və cəmiyyətin inkişafını təmin edən ən vacib amildir. İdman - sağlamlıqdır, sağlam həyat tərzidir, ölkələrə şərəf gətirir, onların ümumi inkişafından xəbər verir. Keçirilən beynəlxalq idman yarışlarının nəticələrinə diqqət yetirsək, əmin olmaq olar ki, əksər hallarda nailiyyət qazananlar, inkişaf etmiş ölkələrin idmançılarıdır".
O, çıxışında Azərbaycanın beynəlxalq yarışlarda ön sıralara çıxması, Bakının mühüm beynəlxalq yarışların keçirilməsi mərkəzinə çevrilməsində dövlət başçısının məqsədli fəaliyyətini diqqət çəkərək qarşıdan gələn prezident seçkilərində gəncliyi reallıqlara söykənərək Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səs verməyə çağırdı.
Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva çıxışında Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafda olduğunu vurğulayıb, əldə olunan uğurları diqqətə çəkdi. Qeyd etdi ki, bu gün ölkə səhiyyəsi yüksək müasir standartlara cavab verir, müasir standartlara uyğun qurulur.
Sonra o, narkomaniyanın cəmiyyətə, insanlara vurduğu ziyandan danışaraq onu bəşəriyyətin bəlası adlandırdı. Y.Vəliyeva eyni zamanda siqaretin, alkoqolun da insan orqanizminə zərəli təsirindən danışdı: "Yeniyetmə və gənclərin atacağı hər bir xoşagəlməz addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. İdman bugünkü həyatımızın ayrılmaz hissəsi olmalıdır. Bəlkə də bu gün biz həyat ritmində belə yaşamasaydıq, idmanın həyatımızda bu qədər dəyərli olduğunu hiss etməzdik. İdman insan orqanizmində elə möcüzələr yaradır ki, hətta heç bir həkim buna müvəffəq ola bilməz".
Tədbir sonra panel iclasları ilə davam etdirildi.
Zümrüd BAYRAMOVA