ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) 1993-cü il avqustun 23-31-də Azərbaycanın üç rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılmasına dair yazılı kampaniyaya start vermişdir.
Bununla bağlı yayılan müraciətdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ regionundan tamamilə qovulub çıxarılmasından bəhs olunur. ABŞ Azərbaycanlıları Şəbəkəsi BMT Təhlükəsizlik Şurasının işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə Ermənistanın qətiyyən məhəl qoymadığını diqqətə çatdırır.
Kampaniya çərçivəsində Amerika qanunvericilərinə, ABŞ hökumətinin üzvlərinə, o cümlədən dövlət katibi Con Kerriyə və yerli kütləvi informasiya vasitələrinə minlərlə məktub göndərilmişdir.
yap.org.az