Sentyabrın ilk günlərində MDB çərçivəsində bir sıra tədbirlər keçiriləcəkdir. Bu barədə Belarus paytaxtında, Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilmişdir.
Beləliklə, sentyabrın 2-də təşkilatın Minskdəki mənzil-qərargahında Birlik iştirakçısı olan dövlətlərdə insan alverinə qarşı mübarizədə 2014-2018-ci illər üçün Əməkdaşlıq Proqramı layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
MDB ölkələrinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Katibliyi və Elmi-Metodik Mərkəzi tərəfindən hazırlanmış layihədə nəzərdə tutulan tədbirlər kompleksi beynəlxalq hüququn prinsip və normalarına, MDB ölkələrində kriminogen şəraitin təhlilinə və onun inkişafının proqnozlarına, insan alverinə qarşı mübarizə praktikasında, o cümlədən Birlik iştirakçısı olan dövlətlərin ekspertləri və səlahiyyətli orqanlarının nümayəndələri tərəfindən layihə müəlliflərinin ünvanına daxil olmuş təkliflərə, birgə fəaliyyət təcrübəsinə əsaslanır.
Sentyabrın 3-dən 5-dək Minskdə müdafiə sahəsində əməkdaşlığa dair sənədlərin layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir. İclasda ekspertlər üç sənədə baxacaqlar. Birinci sənəd 2017-ci ilin Birlik məkanında Vətənin Müdafiəçisi İli elan edilməsi haqqında qərar layihəsidir.
Vətənin Müdafiəçisi İlində hərbi xidmətin nüfuzunun artırılmasına, müxtəlif nəsillərdən olan vətənin müdafiəçilərinin hərbi şöhrətinin populyarlaşdırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirilməsi təklif olunur. Bu tədbirlərin həm milli səviyyədə, həm də MDB formatında keçirilməsi nəzərdə tutulur.
Ekspertlərin müzakirə edəcəyi ikinci sənəd Birlik ölkələrinin silahlı qüvvələrinin mühəndis qoşunlarının ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlığı haqqında saziş layihəsidir .
Üçüncü sənəd təşkilatın iştirakçısı olan dövlətlərin silahlı qüvvələrinin topoloji-geodezik və naviqasiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin layihəsi olacaqdır. Belə bir sazişin işlənib hazırlanması və qəbul edilməsi zərurəti hərbi təyinatlı vahid geoloji informasiya sistemi yaradılması üçün MDB ölkələrinin silahlı qüvvələrinin topoloji-geodezik və naviqasiya təminatının inkişafı və təkmilləşdirilməsi məsələləri üzərində səyləri birləşdirmək ehtiyacından irəli gəlir.
Sentyabrın 5-6-da Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın növbəti iclası keçiriləcəkdir.
İclasın gündəliyinə 10-dan çox məsələ daxil edilmişdir. İclas iştirakçıları təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB Qüvvələri Korpusunun işi ilə bağlı məsələləri nəzərdən keçirəcək, Böhranlı vəziyyətlərdə idarəetmə mərkəzləri arasında qarşılıqlı fəaliyyətin təşkili və informasiya mübadiləsinin Nümunəvi Reqlamentini və MDB ölkələrinin fövqəladə hallar nazirliklərinin operativ növbətçi xidmətləri ilə qarşılıqlı informasiya fəaliyyətinin Alqoritmini, böhranlı vəziyyətlərdə idarəetmə mərkəzləri ilə tanışlıq üzrə gələn il keçirilməsi nəzərdə tutulan toplantı-seminarların qrafikini müzakirə edəcəklər. İclasda Dövlətlərarası Şura haqqında Əsasnamənin, habelə Təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB Qüvvələri Korpusu haqqında Əsasnamənin yeni redaksiyalarının hazırlanmasının gedişi və bir sıra başqa məsələlər müzakirə ediləcəkdir.
Xatırladaq ki, Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şura 1993-cü ildə yaradılmışdır. Şuranın tərkibinə MDB iştirakçıları olan 11 dövlətin hər birinin nümayəndələri daxildir.
yap.org.az