İlham Əliyev: "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən sosial-iqtisadi sahələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəltməliyik"
Ölkə Prezidenti İlham Əliyev bir-birinin ardınca minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamları dövlətin vətəndaşlarına olan diqqət və qayğısının nəticəsidir. Bu gün həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədlər, o cümlədən, həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində uğurlu addımlar atılır. Bir sözlə, güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunmasını əsaslandırıb.
Sosialyönümlü inkişaf strategiyasında insan amili
Sözsüz ki, ölkənin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi inkişaf siyasəti bir neçə il bundan öncə həyata keçirilməsi mümkün olmayan sosial proqramları reallaşdırmağa imkan verir. Çünki vətəndaşların etibarlı sosial müdafiəsi bu siyasətin prioritet xəttinə çevrilmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda, məhz əhalinin rifahı və firavanlığı məsələsini daim diqqət mərkəzində saxlamışdır. Artıq Azərbaycanın insan inkişafı sahəsində mühüm uğurlar qazanmasını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. Dövlət büdcəsindən əhalinin sosial şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının yüksəldilməsi məqsədilə ayrılan vəsaitin ildən-ilə artırılması da ölkədə vətəndaşlara dövlət qayğısının bariz ifadəsidir. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən sosial-iqtisadi sahələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəltməliyik", - deyən Prezident İlham Əliyev ötən 10 il ərzində həmin sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır.
Son 10 il ərzində müşahidə olunan inkişaf
Ümumiyyətlə, son 10 ildə ölkəmizdə əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması daim diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır.
Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində bununla bağlı demişdir: "...Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır...".
Ölkəmizdə məşğulluq probleminin uğurlu həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri məhz işsizliyin aradan qaldırılması idi. Həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirilərək o vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu tendensiya indi də ardıcıl surətdə davam etdirilir. Elə ötən yarım ildə ölkədə 55 min yeni iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yerləridir. Onu da qeyd edək ki, artıq 10 ilə yaxındır ki, büdcə gəlirlərinin artması ÜDM artımını üstələyir. Bu meyil 2013-cü il üçün də nəzərdə tutulur. Xatırladaq ki, 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 17 faiz idisə, 2013-cü ildə isə 34,2 faiz olacaqdır. Hər nəfərə düşən büdcə gəlirləri 147 manat idisə, 2013-cü il üçün bu rəqəm 2037 manat nəzərdə tutulmuşdur. Onu da xatırladaq ki, yeni əsrin əvvəlində Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idi. 2013-cü ildə isə büdcənin gəlir və xərcləri 24,4-25,2 milyard dollar civarında müəyyənləşdirilmişdir. Bu da müstəqil Azərbaycan dövlətinin qüdrəti artdıqca ölkə əhalisinin sosial rifah halı da yüksəlir. Yəni, Azərbaycan iqtidarı, ölkə Prezidenti birbaşa Azərbaycan xalqını düşünən siyasət yeridir. Heç şübhəsiz, dünyanın bir çox ölkələrində Azərbaycanın iqtisadi inkişaf modeli nümunəvi metod kimi maraq kəsb edir və öyrənilir".
Beləliklə, minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, sosial-iqtisadi sahələrdə əldə olunan inkişafla Azərbaycan artıq qüdrətli dövlətə çevrilmək ərəfəsindədir. Artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş, regionda ümumi gəlirin 75 faizi respublikamızın üzərinə düşür. Bütün bunlar isə 2003-cü ildən sonra Azərbaycanın sürətli inkişafını xarakterizə edən ən mühüm göstəricidir.
RƏFİQƏ KAMALQIZI