PDF Oxu

Siyasət

  • 13

Vüqar Bayramov: “Azərbaycan Ermənistanın dağıdıcı fəaliyyətini cilovlamağa çalışmalıdır”

Vüqar Bayramov: “Azərbaycan Ermənistanın dağıdıcı fəaliyyətini cilovlamağa çalışmalıdır”

"Çox təəssüflər ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində (Kəlbəcərdə və s.) təbii sərvətlərin talan edilməsi ilə məşğuldur. Bildiyiniz kimi, Kəlbəcərdə Azərbaycanın qızıl yataqları mövcuddur. Ermənilər tərəfindən Dağlıq Qarabağda təbii ehtiyatların istismar edilməsi və mövcud təbii ehtiyatların satışı Beynəlxalq konvensiyalara ziddir. Yəni, praktiki olaraq Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi birmənalı şəkildə BMT-nin və digər qurumların konvensiyalarının pozulmasına hesablanıb". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin talan olunması məsələsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, işğal altında olan ərazilərin dağıdılması və orada olan təbii sərvətlərin işğalçı ölkə tərəfindən istismar olunaraq dünya bazarlarına çıxarılması praktiki olaraq Azərbaycanın suveren hüquqlarının pozulmasına yönəlik addımdır: "Buna baxmayaraq, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın dağıdıcı siyasətinə son qoyulması ilə bağlı məsələni həm beynəlxalq, həm də regional səviyyələrdə qaldırıb. Amma təəssüf ki, beynəlxalq, regional reaksiyalar da heç bir nəticə vermir və Ermənistan tərəfi yenə də öz fəaliyyətini davam etdirməkdədir. Birmənalı şəkildə Azərbaycan problemin həllini və işğal olunmuş ərazilərdə təbii ehtiyatların dağıdılmasının qarşısını diplomatik yola almaq istəyir. Lakin təəssüf ki, diplomatik yolla Ermənistanın bu siyasətinin qarşısını almaq mümkün deyil. Məlumdur ki, BMT-nin işğal olunmuş əraziləri ilə bağlı 4 qətnaməsi var. Bütün bunlar beynəlxalq arenada Azərbaycana hüquqi baza verir ki, ölkəmiz beynəlxalq məhkəməyə müraciət etsin və bununla da Ermənistanın işğal olunmuş ərazilərində dağıdıcı fəaliyyətinə son qoyulsun. Amma bütün hallarda beynəlxalq məhkəmə vasitəsilə bu prosesi hüquqiləşdirmək və işğalçı ölkə tərəfindən kompensasiya tələb etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan beynəlxalq məhkəmə yolu ilə Ermənistanın dağıdıcı fəaliyyətini cilovlamağa çalışmalıdır".

sia.az

Digər xəbərlər