"Bu gün Azərbaycanın elə regionu, kəndi, yoxdur ki, orada inkiş olmasın və yenidənqurma, abadlıq işləri həyata keçirilməsin"
"Son 10 ili, Azərbaycanın bütün tarixi boyu keçdiyi ən yüksək inkişaf, tərəqqi, ölkəmizin qüdrətlənməsi, dünyaya modern bir dövlət olaraq təqdimatı, ölkə vətəndaşlarını sosial-rifah halının yüksədilməsi kimi qiymətləndirmək olar və s". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə həm paytaxda, həm də bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla bağlı məsələləri xarakterizə edərkən söyləyib.
Parlament üzvünün sözlərinə görə, son 10 il, Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi bir mərhələdir: "Bu mərhələnin davamı ilə ölkəmiz dünyaya inkişaf etmiş dövlət kimi daxil olacaq. Həmin bu il ərzində Azərbaycanın bütün sosial-iqtisadi, ictimai-siyasi həyatında tarixi nailiyyətlər əldə olunub. İlk növbədə Regionların sosial-iqtisadi inkişaf proqramları qəbul olundu. Artıq bu iki proqram fəaliyyətdədir. Üçüncü proqram isə 2014-cü ildən fəaliyyətə başlayacaq. Məhz bu proqramlar əsasında Azərbaycanda qeyri-neft sektorunun inkişafı çox güclü iqtisadi dayaqlar, nəzəri biliklər və səriştəli rəhbərlik, idarəetmə əsasında qurularaq inkişaf etdi. 2003-cü ildən bu yana Azərbaycanda həm iqtisadiyyatın şaxələnməsi prosesi, həm də region və kəndlərin inkişafı mərhələsi başladı. Bununla da Azərbaycanda çox böyük tarixi tikinti bumu dövrü reallaşdırıldı. Bu tikinti isə ölkənin bütün ərazilərini, regionlarını əhatə etdi. Sanki bütün ölkə yenidən qurulmağa və Sovet imperiyasının dağıntıları altından çıxaraq, ucalmağa başladı. Ölkəmizdə tikilən hər bir hündürmərtəbəli bina eyni zamanda inkişaf edən, ucalan Azərbaycanın simvoludur. Eləcə də tikilən hər bir məktəb ölkəmizdə elmin, təhsilin göstəricisindən xəbər verir və s.".
Musa Quliyev deyib ki, bu gün Azərbaycanın elə regionu, kəndi, yoxdur ki, orada inkişaf olmasın və yenidənqurma, abadlıq işləri həyata keçirilməsin: "Hətta ölkəmizdə 5-10 il ərzində olmayan insanlar belə geri döndükləri zaman Azərbaycanın necə inkişaf etdiyinin şahidi olurlar. Ölkəmizin bu qədər inkişafı heç şübhəsiz ki, tək obyektlərə yönəlik inkişaf deyil. Bu inkişafın əsas hədəfi Azərbaycan insanıdır və ölkə vətəndaşının layiqli insan həyatı sürməkdən ötrü əldə etdiyi uğurlardır. Azərbaycanda son 10 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. Eləcə də əhalinin işsizlik səviyyəsi 40 faizdən 5 faizə enib. Bununla belə Dövlət büdcəsi 20 dəfə və ümumi daxili məhsul (ÜDM) 5 dəfə artıb. Beləcə ölkəmiz artıq dünyanın aparıcı dövlətlərinin ən böyük iqtisadi şirkətlərinin maraq dairəsinə çevrilib. Bu gün Azərbaycanın iştirakı, icazəsi olmadan regionda heç bir layihəni reallaşdırmaq mümkün deyil. Eyni zamanda bu inkişaf ölkə vətəndaşlarının sosial həyatında da öz əksini tapıb. Azərbaycan əhalisinin 2001-ci ildən bu yana əməkhaqqları təxminən 20 dəfədən çox artıb. Əgər 2001-ci ildə orta aylıq əməkhaqqı 50 manat idisə, indi bu rəqəm 400 manat təşkil edir. Eləcə də 2001-ci ildə pensiyanın orta məbləği 18 manat təşkil edirdisə, hazırda bu rəqəm 170 manat məbləğindədir. Yəni, bütün bunlar hamısı Azərbaycanın bir dövlət kimi bütövlükdə harmonik inkişafının göstəriciləridir. Təbii ki, bu inkişaf bizim gələcək daha böyük uğurlarımızın bazasını təşkil edir".
sia.az