"Milli Şura"nın mayasında nə isə var. Kimsə ona sədr və ya prezidentliyə namizədlik statusu qazanırsa, o saat onun gəzmək həvəsi yaranır. Başqa dövlətlərə getmək, orda özünə dayaq, pul axtarmaq və ya məni dünyanın digər dövlətləri dəstəkləyir kimi fikir formalaşdırmağa çalışırlar". Bu fikirləri SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Milli Şura"çıları Böyük Britaniya səfərinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, hələ də bu insanlar keçmişlərindən nəticə çıxarmayıblar: "O vaxt Azərbaycan Xalq Cəbhəsi parlament çevrilişi yolu ilə hakimiyyətə gələndə dedilər ki, doqquz dövlətin dəstəyi ilə hakimiyyətə gəlirik. Amma doqquz dövlətin dəstəyi ilə də olsa, bir il hakimiyyətdə qərar tuta bilmədilər və biyabırcasına, ifşa olunaraq əbədi müxalifətliyə məhkum olundular".
B.Sadıqov vurğulayıb ki, heç bir dövlət Azərbaycanda gedən seçki prosesinə təsir göstərib, hansısa bir namizədi xalqa seçdirə bilməz: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı öz prezidentini sərbəst, heç kimdən asılı olmadan verdiyi səslə seçir".
"Gah bir manatdan yığırlar, indi də funt-sterlinq qazanmaq istəyinə düşüblər. Heç bir dövlətin sədəqə kimi verdiyi vəsaitin Azərbaycanda keçiriləcək seçkilərin gedişinə təsiri olmayacaq. Onlar bu üsuldan istifadə edərək anti-Azərbaycançı şəbəkəyə xidmət edirlər. Beləliklə də seçki kampaniyası dövründə onlardan sədəqələr, iyanələr alıb, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Həmin insanlar da onların belə mövqeyindən istifadə edərək ideoloji sahədə öz niyyətlərini gerçəkləşdirməyə çalışırlar", - deyə millət vəkili sözlərinə əlavə edib.
Millət vəkili Rüstəm İbrahimbəyovun Azərbaycanda demokratik seçkilərin keçirilmədiyinə dair fikirlərinə də münasibət bildirib: " "Milli Şura"yaranandan uğursuzluğa məhkum bir qurum idi. Bu qurumun sədri isə başqa ölkənin vətəndaşı olan və bu günə qədər də başqa ölkə qarşısında üzərinə götürdüyü öhdəliklərdən xilas ola bilməyən Rüstəm İbrahimbəyov idi. Onun da başlıca fəaliyyəti müxtəlif dövlətlərə getmək, Azərbaycanın beynəlxalq imicinə kölgə salacaq fikirlər formalaşdırmağa çalışmaqdan ibarətdir. Halbuki, Rüstəm İbrahimbəyov Azərbaycanda nə prezidentliyə namizəd kimi seçkilərdə iştirak edib, nə də seçki mexanizmi ilə tanış olan insan olub. O, həmişə orda-burda gəzib. Onun dediklərinin heç bir əsası yoxdur və şahidi olmadığı məsələlər barədə danışır".
sia.az