"Vətəndaşı olduğumuz ölkənin dövlət başçısının digər bir ölkənin nüfuzlu jurnalı tərəfindən "İlin adamı" seçilməsi əlbəttə ki, bizi çox sevindirir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə Asiyanın nüfuzlu "BizNewsAsia" jurnalı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin "İlin adamı" elan olunması məsələsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Cənab İlham Əliyev tək Azərbaycanda deyil, ölkədən kənarda da kifayət qədər tanınır: "Bu gün Azərbaycan Prezidenti stabilliyin, inkişafın, beynəlxalq aləmdə əməkdaşlığın möhkəmləndirilməsində əsas nümunələrdən biri sayılır. Hesab edirəm ki, ona verilən qiymət ümumilikdə Azərbaycana və ölkə xalqına verilən qiymətdir. Əlbəttə ki, vaxtaşırı ayrı-ayrı ölkələrin dərgiləri tərəfindən Cənab İlham Əliyevə yüksək titulların verilməsi, onun fəaliyyətinə dair məqalələrin çap edilməsi Azərbaycanda gedən inkişafın xarici ölkələrdə də yaxşı görünməsi kimi xarakterizə edilir. Dövlət başçısı İlham Əliyevin "İlin adamı" seçilməsi onun gördüyü işlərin Azərbaycanın sərhəddindən kənarda da yaxşı tanındığına bir sübutdur".
sia.az