İlham Əliyev: "Sahibkarlığın inkişafı dövlət siyasətidir"
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Fərman imzalayıb. Fərmanın qəbul olunmasında məqsəd Azərbaycanda sahibkarlığa dövlət dəstəyini artırmaq, sahibkarlıq sektorunda dövlət-biznes münasibətlərini yeni tələblərə uyğun qurmaq və bu sahədə şəffaflığı artırmaqdır.
Uğurlu iqtisadi islahatlar
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə vurğulayır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların əldə edilməsində özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Ötən müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiqlənməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad və apellyasiya məhkəmələrinin yaradılması kimi tədbirlər bunun əyani təcəssümüdür. Son illər özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisinin 85 faizə çatması da respublikamız üçün kifayət qədər böyük göstəricidir. Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı, dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.
Bu Fərmanın qəbul olunması sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını alacaq
Bu sənəd ölkədə fəaliyyət göstərən sahibkarlara nə vəd edir? Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, adıçəkilən sənəd Azərbaycanda sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə maneə törətməməsi məqsədilə hazırlanıb və sahibkarlıq subyektlərində yoxlamaların müxtəlif aspektlərini tənzimləyir: "Belə bir Fərmanın verilməsi zərurəti sahibkarlığın inkişafına xidmət edir: "Çünki hələ 90-cı illərdə sahibkarlığın inkişafı ilə bağlı bir sıra qanun və qərarlar qəbul edilib və bunun nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Hazırda isə Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində olduğundan və özəl sektor dinamik inkişaf etdiyindən bu sahə yeni baxış tələb edir".
V.Bayramlı, həmçinin hesab edir ki, bu gün ölkəmizdə sahibkarlığa geniş imkanlar yaradılıb: "Onların azad fəaliyyəti üçün bütün imkanlar mövcuddur. Hazırda hökumətin həyata keçirdiyi iqtisadi islahatların əsas istiqamətlərindən biri investisiya mühitinin daha da yaxşılaşdırılmasından, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən, yeni iş yerlərinin açılmasından və nəticə etibarilə əhalinin maddi rifahının yaxşılaşdırılmasından ibarətdir. Məhz bu məqsədlə Azərbaycanın dövlət başçısı davamlı olaraq yerli və xarici iş adamları ilə görüşlər keçirir, görüşlərin nəticəsi kimi çox mühüm qərarlar imzalayır. Həmin qərarlarda ölkənin iqtisadi inkişafına məsul olan dövlət orqanları ilə sahibkarlar arasında müntəzəm dialoqun qurulması ön plana çəkilir. Sahibkarların hüquqlarının qorunması və üzləşdikləri maneələrin aradan qaldırılması dövlətin müvafiq orqanlar qarşısında qoyduğu mühüm vəzifələr hesab olunur. Bununla bağlı normativ-hüquqi baza yaradılıb, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların predmeti, yoxlamanın meyarları müəyyən olunub. Bütün hallarda yoxlamaların aparılmasında birbaşa əsas faktor kimi sahibkarların hüquqlarının qorunmasıdır. Yeni Fərmanın imzalanması da bu kimi məqsədləri özündə ehtiva edir. Müasir dövrdə sahibkarların dövlət qurumları ilə əlaqələrinin tənzimlənməsinin əsas vasitəsi elektron xidmətlərin tətbiqi ilə sıx bağlıdır. Bu sistemin əsas üstünlükləri sahibkarların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr, rüsumlar və digər ödənişləri elektron qaydalarla, yəni internet və digər nağdsız vasitələrlə həyata keçirilməsindən ibarətdir".
Yersiz müdaxilələrə son qoyulacaq
O ki, qaldı yoxlayıcı orqanın hansı hallarda sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edəcəyinə, iqtisadçı bunun üçün bir çox şərtlərin olduğunu bildirib. Onun sözlərinə görə, əgər yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaradarsa, həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün olmazsa, yoxlayıcı orqan sahibkarın fəaliyyətinin təkrar məhdudlaşdırılması barədə qərar qəbul edə bilər.
Bundan başqa, məhdudlaşma ilə bağlı səlahiyyətlər yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutularsa, eləcə də yoxlayıcı orqan bu qanunda göstərilən əsaslarla və müddətlərdə keçirilən plandankənar yoxlama zamanı fəaliyyətin məhdudlaşdırılması haqqında qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxararsa, sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar çıxarmaq hüququnu özündə saxlayır. Ümumiyyətlə, bu Fərman ölkədə sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qoruyacaq.
Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş Cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədir ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.
RƏFİQƏ KAMALQIZI