PDF Oxu

Siyasət

  • 9

Bölgələrin inkişafı diqqət mərkəzindədir

Bölgələrin inkişafı diqqət mərkəzindədir

Prezident İlham Əliyev Sabirabad və saatlı rayonlarına səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfər edib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoydu. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilmiş, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulmuşdur. Burada geniş yaşıllaşdırma işləri görülmüş, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilmiş, oturacaqlar qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2012-ci ilin mayında başlanmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Orijinal layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilmiş üçmərtəbəli bina şəhərin görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində xalqımızın ulu öndəri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stendlər yaradılmışdır. Binanın 60 nəfərlik iclas zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. İkinci mərtəbədəki inzibati otaqlarda da hər cür şərait vardır. Buradakı konfrans zalı, arxiv və digər otaqlar müasir səviyyədədir.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının 1993-cü il yanvarın 16-da 16 ilk ərazi təşkilatının iştirakı ilə təsis yığıncağı keçirilmişdir. Hazırda isə 88 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Hazırda 7 min 256 siyasi həmfikiri birləşdirən YAP Sabirabad rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Yeni Azərbaycan Partiyası təşkilatları üçün belə müasir binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanmışdır. Bu, həm də respublikanın ağır günlərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına göstərilən diqqəti nümayiş etdirir.

Dünən Prezident İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında da iştirak edib. Dövlətimizin başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxdı. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi. Bildirildi ki, bu layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında 2009-cu il iyulun 28-də borc sazişi imzalanmışdır. Saziş Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Borc sazişində 112,5 kilometr uzunluğunda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun Kür çayı ilə kəsişməsində yeni körpünün tikintisi nəzərdə tutulmuşdur. Həmin layihə üzrə Nəqliyyat Nazirliyinin "Azəryolsevis" Açıq Səhmdar Cəmiyyətində beynəlxalq rəqabətli tender keçirilmiş və Türkiyənin "Kolin" şirkəti ilə 2011-ci il mayın 17-də 196,96 milyon manat dəyərində podrat müqaviləsi imzalanmışdır. Tikintiyə texniki nəzarəti İtaliyanın "Engineering" firması həyata keçirir.

Qeyd edildi ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılmışdır. Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir. Diqqətə çatdırıldı ki, ümumilikdə müqavilə çərçivəsində yol üzərində 4 körpünün, 5 piyada keçidinin, 68 suötürücü borunun, 26 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, uzunluğu 62,5 kilometr olan bu hissədə yeddi körpüdən üçündə yenidənqurma işləri başa çatdırılmış, üç körpüdə işlər 60 faiz tamamlanmış, bir körpüdə isə tikinti-quraşdırma işlərinə başlanmışdır. Bu hissə üzrə tikinti-quraşdırma işlərinin dəyəri 110,06 milyon manatdır. Ümumilikdə, yolun bu hissəsində işlərin 60 faizi yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin 2014-cü ilin mayında tamamlanması planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində 7 körpünün, bir piyada keçidinin, 112 suötürücü borunun və 28 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev dünən həmçinin Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu mühüm sahənin dövlət siyasətinin prioritetləri sırasında olmasının bariz göstəricisidir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, yeni korpuslar inşa olunmuşdur. Bu dövrdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış və internetlə təchiz edilmişdir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondu da hərtərəfli dəstəyini əsirgəmir. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Belə təhsil ocaqlarından biri də M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdir. Azərbaycan Prezidenti məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxdı. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır.

Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılmışdır. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılmışdır. Ümumi sahəsi 9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılmışdır. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı vardır. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılmışdır. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilmişdir. Burada müasir idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılmışdır. Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, Sabirabad rayonunun Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi 3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 milyon manat investisiya qoyulmuşdur. Bu layihənin həyata keçirilməsinə sahibkarın vəsaiti ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilmişdir. İstixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulmuş, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilmişdir. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Kompleksdə ilkin olaraq faraş pomidor əkilməsinə başlanılmışdır. Yaxın zamanlarda 4 hektar sahəsi olan istixana və emal sahəsinin tikintisinə başlanacaqdır.

Bildirildi ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınmışdır. İstehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Layihələrin icrası nəticəsində 55 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Sonra Azərbaycan Prezidenti kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana komplekslərinə dair stendlərə baxdı. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat verdi. Qeyd edildi ki, ötən il 1,2 milyon ton tərəvəz, o cümlədən 472 min ton pomidor, 210 min tondan çox xiyar istehsal olunmuşdur. Tərəvəz üzrə özünü təminetmə səviyyəsi 100 faizdir. Ötən il tərəvəz ixracı 2003-cü ilə nisbətən 4,7 dəfə artaraq 55 min tona, o cümlədən faraş pomidor ixracı 36 min tona, xiyar ixracı isə 13 min tona çatmışdır. Eyni zamanda, dövlət tərəfindən 88 hektar ərazidə 148 istixanaya 52,3 milyon, o cümlədən 69 hektar ərazidə 27 müasir istixanaya 47,7 milyon manat güzəştli kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına müasir istixana komplekslərinin yaradılması bundan sonra da davam etdiriləcəkdir. Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonu üzrə 261 sahibkara 8,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1228 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dövlətimizin başçısı hazır məhsullara və gübrələrə baxdı.

Prezident İlham Əliyev kompleksin işçiləri ilə söhbət etdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyevə əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, yenidənqurma işləri çərçivəsində parkın ərazisi 1,5 hektar genişləndirilərək 4 hektara çatdırılmışdır. Müasir səviyyədə qurulan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır. Burada xüsusi dörd guşə tikilmiş, oturacaqlar qoyulmuş, diametri 42 metr olan musiqili fəvvarə yenidən qurulmuş, geniş yaşıllaşdırma işləri görülmüş, drenaj sistemi yaradılmışdır. Parkda 5 min nəfərlik konsert meydanı və attraksionların quraşdırıldığı sahə vardır. Azərbaycan Prezidenti rayonda görülmüş işləri əks etdirən stendlərə baxdı.

Sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli Liderin xatirəsinə ehtiramını nümayiş etdirir. Diqqətə çatdırıldı ki, Mərkəzin inşasına ötən ilin noyabrında başlanılmışdır. Binanın ümumi sahəsi 5,2 min kvadratmetrdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin Sabirabad və rayon sakinləri haqqında fikirlərinin əks olunduğu stendlər quraşdırılmışdır. Buradakı ekspozisiya zalında fotolar və Ulu Öndərin təhsili, fəaliyyəti ilə bağlı digər sənədlər böyük maraq doğurur. Binanın 1094 kvadratmetr sahəsi olan ekspozisiya zalında dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları sərgilənir. Zalda müxtəlif bölmələrdə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdəki fotoları maraqla qarşılanır. "Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər" bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer almışdır. Bu fotolar bir daha sübut edir ki, Ümummilli Lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində Sabirabadın da inkişafına xüsusi diqqət göstərmişdir. Ulu Öndərin Sabirabada 15 dəfə səfər etməsi bunun bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin rayondakı müxtəlif obyektlərin açılışlarında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri sabirabadlıların xatirində dərin izlər buraxmışdır.

Mərkəzdəki "Azərbaycan dövlətçiliyi tarixi kabineti" də diqqəti cəlb edir. Burada ən son elmi-texniki nailiyyətlərə əsaslanan sistem və avadanlıq quraşdırılmışdır. Ekspozisiya zalında Prezident İlham Əliyevin Sabirabada səfərləri və siyasi fəaliyyəti əks olunan fotoguşə də vardır. Bildirildi ki, Mərkəzdə səyyar sərgi zalı fəaliyyət göstərəcəkdir. Burada rayonun rəssamları əsərlərini sərgiləyəcəklər. Mərkəzin 330 yerlik böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Zal bütün zəruri avadanlıqla təchiz edilmişdir. Mərkəzdə dizayn, rəsm və şahmat otaqları, həmçinin elektron kitabxana, fotostudiya və linqafon sinfi də fəaliyyət göstərəcəkdir. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış şəraitdən razılığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Ümumi sahəsi 5,6 hektar olan parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak edib. Son illər ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Bu proses Saatlı rayonunda da geniş vüsət almışdır. Rayonun Qarayevkənd-Sımadakənd yerli əhəmiyyətli avtomobil yolu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuşdur. Dövlətimizin başçısı avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Bildirildi ki, uzun müddət təmir işləri aparılmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 16 iyul tarixli Sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırmışdır. Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir. Qeyd edildi ki, yolun layihə-smeta sənədləri "Azərnəqliyyatyoltikinti" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmışdır. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hazırda yolun 11 kilometrlik hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində qurulan avtomobil yolunda 22 su keçidi tikilmiş, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur. Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri basdırılmışdır. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılmışdır. Kompleksin tikintisi məqsədi ilə "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılmışdır. Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Dövlətimizin başçısı kompleksin üzgüçülük zalı ilə tanış oldu.

Bildirildi ki, burada Türkiyə istehsalı olan hovuz sistemi və "Gonka Klima" markalı xüsusi nəmalma qurğusu quraşdırılmışdır. İki yüz yerlik zalda iki soyunub-geyinmə, duş otaqları vardır. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Hər kottec dörd nömrədən ibarətdir. Olimpiya İdman Kompleksinin ümumi zalının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd olundu ki, kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri "Sosial İnkişaf Lahiyə" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hazırlanmışdır. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq vardır. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə biləcəkdir. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar yerləşir. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı vardır. Bu ilin sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaqdır.

Olimpiya İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyətinin nümayəndələri və idmançılar adından çıxış edən Nərimankənd orta məktəbinin məşqçi-müəllimi Xəyal Əhmədov Azərbaycan idmanının inkişafına, həmçinin Saatlı rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkili çəkdirildi.

Digər xəbərlər