Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr bütün sahələrdə, o cümlədən dini işlər sahəsində inkişaf edir.
Bu fikir Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla Qırğızıstan Prezidenti yanında Dini İşlər üzrə Komissiyanın sədri Abdulatif Jumabayevin görüşündə səslənmişdir.
Abdulatif Jumabayev bu il aprelin 16-17-də Bakıda keçirilmiş "MDB müsəlmanları sülh və sabit inkişafın tərəfdarıdırlar" adlı Beynəlxalq konfrans barədə fikirlərini bölüşmüş, tədbirin əhəmiyyətindən danışmışdır. O, konfrans iştirakçılarının bir qrupunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə xatırlamış və bu görüşün onun qəlbində dərin iz buraxdığını bildirmişdir. Sədr Azərbaycanda bütün sahələrdə həyata keçirilən inkişafdan məmnun qaldığını, dini tolerantlığın yüksək səviyyədə olduğunu xüsusi qeyd etmişdir.
Hidayət Orucov demişdir ki, Azərbaycanda tolerantlıq dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.
Bildirilmişdir ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülhün və əmin-amanlığın, dostluq, qardaşlıq və əməkdaşlığın bərqərar olması dövlətimiz tərəfindən düzgün müəyyən edilmiş milli dini siyasətin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir.
Qeyd olunmuşdur ki, dini ekstremizmə və terrorizmə qarşı mübarizə dini etiqadından asılı olmayaraq hər bir insanın vətəndaşlıq borcudur. Bu sahədə Azərbaycan gerçəkliyi dünyada bir nümunə kimi qəbul edilir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc