PDF Oxu

Siyasət

  • 11

Dəmir yolunun tarixində yeni dönəm

Dəmir yolunun tarixində yeni dönəm

Müsahibimiz "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovdur

- Arif müəllim, 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırırlar. Həmin illəri xarakterizə etdiyinizdə dəmir yolu nəqliyyatında hansı əsaslı və köklü dəyişikliklərin baş verdiyini söyləmək olar?

- Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Ulu öndər ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. İndi bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir.

Sizin də qeyd etdiyiniz kimi Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə Respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün Respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa sürətli təkan verildi.

1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırılması doğru bir dəyərləndirmədir. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi bütün ölkədə, ilk növbədə, sənaye kompleksinin sürətli inkişafının başlanğıcı oldu ki, bu da öz növbəsində respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da aparıcı rol oynayırdı. Onun dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi şəxsi himayə, qısa zamanda öz bəhrəsini göstərdi.

1998-ci il yanvarın 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində, 1998-ci il dekabrın 6-da çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasında olan ulu öndər dəmiryolçuların əməyini yüksək dəyərləndirmişdir.

Ölkəmizin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesinin təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir.

- Siz nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də fəaliyyətinə toxundunuz.

- Son illər ərzində Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli tərəqqisi, xalqımızın rifah halının yüksəldilməsi, davamlı sosial-iqtisadi inkişafın təmin olunması, mühüm və strateji əhəmiyyətə malik olan layihələrin həyata keçirilməsi, köklü islahatların aparılması istiqamətində genişmiqyaslı işlər görülmüş, böyük nailiyyətlər əldə edilmişdir.

Bu dövrdə ölkəmizin nəqliyyat sektoru da sürətlə inkişaf etmiş və müasirləşmiş, bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlmiş, görülən işlərin keyfiyyəti və səmərəliliyi artmışdır. Bu istiqamətdə dəmir yolu nəqliyyatı sistemində görülən işlər də məqsədyönlü şəkildə davam etdirilmişdir. Hazırda icrasına başlanılan "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" ilə müəyyən olunmuş tədbirlərin ardıcıl olaraq uğurla həyata keçirilməsi nəticəsində dəmir yollarımız daha da müasirləşəcək, özünün yeni və sürətli tərəqqi dövrünə qədəm qoyacaqdır.

Son illər ərzində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli tərəqqisi, xalqımızın rifah halının yüksəldilməsi, davamlı sosial-iqtisadi inkişafın təmin olunması, mühüm və strateji əhəmiyyətə malik olan layihələrin həyata keçirilməsi, köklü islahatların aparılması istiqamətində genişmiqyaslı işlər görülmüş, böyük nailiyyətlər əldə edilmişdir.

İdarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan məqsədyönlü islahatların tərkib hissələrindən biri də ulu öndər Heydər Əliyevin 5 avqust 1998-ci il tarixli sərəncamı ilə Nəqliyyat Nazirliyinin yaradılması oldu. Nəqliyyatın bütün sahələrində vahid dövlət siyasətinin formalaşdırılması dəmir yolunun sonrakı fəaliyyətinin tənzimlənməsində mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 10 il ərzində dəmir yolunda həyata keçirilən tədbirlərin xronologiyasına salsaq, bu zaman kəsiyində çox böyük uğurların, tərəqqinin qazanıldığını görmək mümkündür.

2003-cü ilin ilk dövrlərinə nəzər salsaq, bu uğurların davamı kimi həmin ilin yanvar ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin "Saicat S. A." şirkəti arasında Kuznetsk Metallurgiya kombinatından 8400 ton yastıdibli R-65 tipli rels alınması barədə müqavilə imzalanmışdır. 2003-cü ilin aprel ayında "Ekspres" tipli Bakı-Dərbənd qatarı, Bakı-Böyük Kəsik sahəsində Almaniyanın "Siemens" şirkətinin həyata keçirdiyi fibro-optik rabitə sistemi istismara verilmişdi. Sentyabrda isə Bakı-Astara "Cənub" firma qatarı istismara verilmişdir. 2004-cü ilin fevralın 7-də Bakı-Kiyev sərnişin qatarı yeniləşdirilmiş heyətlə xəttə çıxmışdır. 3 iyun 2004-cü ildə 313-314 №-li Bakı-Sankt-Peterburq sərnişin qatarı hərəkətə başlamışdır.

- Arif müəllim son on ildə ölkəmiz yüzlərlə beynəlxalq tədbirlərə evsahibliyi edib. Paytaxt Bakıda dəflərlə nəqliyyat sektorunun inkişafı məqsədilə də beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Bunu həm Azərbaycanın uğuru, eyni zamanda ölkənin nəqliyyat sahəsindəki inkişaf kimi dəyərləndirmək olar?

- Azərbaycanın dünyada artan siyasi, iqtisadi qüdrəti artıq dünyanın da diqqətindən yayınmır. Ölkədəki inkişafla yanaşı, yaradılan sabitlik məhz bir çox dövlətləri, beynəlxalq təşkilatları, nüfuzlu şirkətləri Azərbaycana cəlb edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi münbit məkana çevrilib. Bunların içərisində beynəlxalq nəqliyyat tədbirləri də üstünlük təşkil edir. 26-27 aprel 2004-cü ildə MDB ölkələri Dəmir Yolu Müdiriyyətlərinin Səhiyyə Sahəsi üzrə Qarşılıqlı Əlaqələr Komissiyasının yığıncağı Bakıda keçirilmişdir. Həmin ilin 19-21 may tarixində III Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi keçirilmişdir.

Aprel ayında dəmiryolçuların və nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Şurasının XXII toplantısı və may ayının 21-23-də II Beynəlxalq Nəqliyyat və Logistika sərgisi Bakıda keçirilmişdir. 2003-cü ilin 22-23 oktyabr tarixlərində Bakı daha bir beynəlxalq tədbirə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının XXXIII iclasına ev sahibliyi etmişdir.

2005-ci il 25 may tarixində, Bakı şəhərində, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə Bəyanatı imzalanmışdır. 25 iyul 2005-ci ildə Azərbaycan Dəmir Yolu və "Rusiya Dəmir Yolları" ASC arasında "Dəmir yolu nəqliyyatında sərnişinlərin və yüklərin daşınmasının təşkilinə dair" Razılıq imzalanmışdır. 17-19 may 2006-cı ildə V Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi keçirilmişdir.

1938-ci ildən fəaliyyət göstərən Biləcəri yuyucu buxarlayıcı stansiyasının istehsalat sahəsi 2006-ci ilin may ayının 6-da tam yenidən qurulmuşdur. May ayının 10-da Biləcəri qəsəbəsində ikinci tunelin açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak etmişdir.

2007-ci il fevralın 7-də Gürcüstanda Azərbaycan- Gürcüstan- Türkiyə üçtərəfli Regional Əməkdaşlıq Sammiti sənədlərinin imzalanması mərasimi olmuşdur.

2007-ci ildə noyabr ayında Gürcüstanın Tetriskaro rayonunda - Marabda stansiyasında Bakı - Tbilisi - Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin tikintisinə start verilmişdir.

14 yanvar 2008-ci ildə Mineralnıye-Vodı-Bakı sərnişin qatarının hərəkət marşrutu Kislovodsk stansiyasına qədər uzadıldı. Həmin ilin iyulda Türkiyənin Qars şəhərində Bakı - Tbilisi - Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilmişdir.

2012-ci ildə də ölkəmiz beynəlxalq əhəmiyyətli nəqliyyat tədbirlərinə ev sahibliyi etmişdir. İyun ayının 13-dən 15-dək Bakı şəhərində, "İTECA CASPİAN" MMC tərəfindən Nəqliyyat Nazirliyinin dəstəyi ilə, 11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika və "2-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat" sərgiləri keçirilmişdir. Oktyabrın 30-da daha bir tədbir - Tarif Razılaşmasının iştirakçısı olan MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının XXI Tarif Konfransı Bakıda keçirilmişdir.

13-15 iyun 2013-cü ildə Bakı şəhərində, "İTECA CASPİAN" MMC tərəfindən Nəqliyyat Nazirliyinin dəstəyi ilə, 12-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika ("TransCaspian 2013") və "3-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat" ("Road & Traffic") sərgiləri keçirilmişdir.

- Bakı-Tbilisi-Qars dəmiryolunun inşası istiqamətində hansı işlər aparılır?

- İşlər dörd mərhələdə aparılır. I mərhələ olan Marabda - Tetriskaro - sahəsinin uzunluğu 29,2 km-dir. Bu mərhələdə işlər başa çatdırılmaqdadır.

II mərhələ olan Tetriskaro-Salka sahəsinin uzunluğu - 49,7 km-dir. Bu sahənin 40 kilometrində yolun torpaq yatavında, 113 süni qurğunun 111-də işlər başa çatdırılmış, 33,5 km-də üst quruluşu elementləri (rels, şpal, və. s) dəyişdirilmişdir. Sahədə 64,7 km optik kabel qoyulmuş, rabitə, işarəvermə, mərkəzləşmə və bloklama qurğuları stansiyaya gətirilərək quraşdırılmışdır. Elektrik kontakt sahəsində və elektrik təchizatı xətlərində işlər davam edir. 2 dartı yarımstansiyasına yeni avadanlıq və qurğular gətirilmişdir, hazırda quraşdırma işləri aparılır. Vağzal, mülki və xidməti təyinatlı binalarda su və qaz təchizatı, istilik və çirkab sularının axıdılması xətlərində işlər davam edir.

III mərhələ olan Salka-Axalkalaki - 74,1 km-dir. Sahədə işlər bütün təsərrüfatlar üzrə aparılır. Axalkalaki stansiyasında vağzal binasının, süni qurğuların tikintisi və yolun torpaq yatağının hazırlanması işləri aparılır.

IV mərhələ olan Axalkalaki - Türkiyə sərhədi (Kartsaxi) - sahəsinin uzunluğu 28 km-dir. Sahədə torpaq yatağının hazırlanması, süni qurğuların tikintisi işləri, əsasən, başa çatdırılmış, 5,7 km-də üst quruluşu elementləri qoyulmuş, Kartsaxi stansiyasının vağzal binasının tikintisi başa çatdırılmaqdadır.

Ümumi uzunluğu 4,4 km olan və Gürcüstanla Türkiyə Respublikasını birləşdirəcək tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi başa çatdırılmışdır. Gürcüstan ərazisində tunelin uzunluğu 2070 metrdir. Yaxın günlərdə tunelin Gürcüstan ərazisində olan hissəsinin tikintisinə start verilmişdir.

Azərbaycan qonşu ölkəyə aşağı faizlə və 25 il müddətinə 775 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Dəmiryolsçervis" Məhdud Məsuliyyətli Cəmiyyətinin 46 vaqondan ibarət ilk işçi qatarı 5 may 2010-cu ildən, 63 vaqondan ibarət ikinci qatar isə 21 iyun 2010-cu ildən, üçüncü işçi qatarı isə 10 avqust 2010-cu ildən bağlantının Gürcüstan hissəsinin tikintisində iştirak edir.

2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması" haqqında sərəncam imzaladı.

15 fevral 2010-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olunub. Yeni Nizamnaməyə əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin strukturu formalaşdırıldı. May ayının 17-də nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibi müəyyənləşdirildi. İyulda isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni internet saytı (www/.railway.gov.az) ictimaiyyətə təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi sərəncam imzaladı.

- Arif müəllim, Dövlət Proqramından söz düşmüşkən, bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində nə kimi işlər görülüb?

- "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş Tədbirlər Planının yerinə yetirilməsi məqsədi ilə 1 noyabr 2010-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin birinci müavin Əlirza Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır.

5 avqust 2010-cu ildən etibarən Mərkəzi məlumat bazası yaradılmış, birbaşa və geriyə bilet satışı tətbiq edilmişdir. 13 oktyabr 2010-cu ildə Azərbaycan Dəmir Yolunun 130 illik yubiley tədbiri keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulan ilə dəmiryolçular "Ekologiya İli" elan olunmuş 2010-cu il üçün dəmir yolunun təhkim zolağında 50 min ağac əkmişlər.

Dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan Hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Müqaviləsi imzalanmışdır. Dövlət Proqramı icrası ilə bağlı 10 iyun 2011-ci ildə Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə start verildi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ölkə daxilində sərnişin daşıma tariflərinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət etmişdir. Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciəti əsasında ölkədaxili sərnişin daşıma xidmətlərinə də baxılmış, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilmişdir.

Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin, komissiyon yığımının və sığortanın dəyəri də daxil edilmişdir.

Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunmuşdur. Qərar qəbul edilərkən 1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən xərclərdən dəfələrlə aşağı olması nəzərə alınmışdır.

2011-ci ilə "Bakı - Tbilisi - Qars" yeni dəmir yolu bağlantısı layihəsinin icrası ilə bağlı bağlantının həm Türkiyə, həm Gürcüstan hissəsində layihə üzrə nəzərdə tutulmuş işlər həyata keçirilmişdir.

Dövlət Proqramının tərkib hissələrindən biri olan gələcəkdə beynəlxalq maliyyə hesabatlılığı standartlarının (BMHS) tətbiqi ilə bağlı G&G consulting şirkətinin dəstəyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində fevral və mart aylarında müvafiq mühasibat işçilərinin iştirakı ilə treninqlər keçirilmişdir. Dəmir yolu nəqliyyatının fəaliyyətinin iqtisadi, hüquqi və təşkilatı əsaslarını müəyyən edən "Dəmir yolu nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifləri nəzərə alınmaqla, Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərində ikinci dəmir yolu körpüsünün tikintisi başlanmışdır.

Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi məqsədilə Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası başa çatmışdır.

Dövlət Proqramı çərçivəsində dövlət investisiyaları hesabına həyata keçirilən layihələrin icrası istiqamətində "Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işlərinin görülməsi" tədbiri üzrə 2010-cu ildə dövlət büdcəsindən ayrılmış 2160,0 min manat vəsait hesabına 400 p/m uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.

2011-ci ilin sentyabr ayında Biləcəri lokomotiv deposunda lokomotiv təsərrüfatı üçün olduqca gərəkli hissələrindən sayılan çuqun tormoz qəliblərinin (kolodkaların) istehsalına başlanıldı.

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində - 12 oktyabr 2011-ci ildə Xırdalan stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir.

21 noyabr 2011-ci ildən ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet şəbəkəsi vasitəsilə Online rejimində bilet satışına start verilmişdir.

- Dövlət tərəfindən dəmiryolçuların fəaliyyəti necə qiymətləndirilir?

- Prezident İlham Əliyev 2011-ci ildə noyabrın 24-də Bakı-sərnişin stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olarkən görülən işləri yüksək qiymətləndirmişdir. Dövlət başçısının sərəncamları ilə dəmiryolçularımız dəfələrlə dövlət mükafatları ilə təltif olunub.

Ölkə başçısı İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olundu. 5 noyabr 2005-ci ildə 8-ci kilometr qəsəbəsində dəmiryolçular üçün inşa edilmiş yaşayış binası istifadəyə verilmişdir.

1 avqust 2008-ci ildən etibarən Xaçmaz rayonunun Nabran qəsəbəsində "Lokomotiv" İstirahət Mərkəzi tikilib dəmiryolçuların istifadəsinə verildi. "Lokomotiv" İstirahət Mərkəzinin yaradılması ideyası, torpaq sahəsinin ayrılması 2002-ci ilin yazında məhz cənab nəqliyyat nazirinin təşəbbüsü ilə reallaşmışdı. Məhz ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 263,7 kilometr yol əsaslı təmir olunmuş, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatmışdır. Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində yanvar ayının 23-də Biləcəri stansiyası ərazisində suötürücü qurğuların və kanalizasiya sisteminin rekonstruksiyasına başlanmışdır.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın icrası istiqamətində elektrik təchizatı sahəsinin yeniləndirilməsi işlərinə start verilmişdir. Tenderin qallibi olan Optima-ATEF Birgə Müəssisəsi (Rusiya –Azərbaycan) layihələndirmə işləri aparır.

Yanvar ayında Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin icrası çərçivəsində "Kompüterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) keçidin təmin edilməsi" prosesinə start verilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin həyata keçirilməsinə dair "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə Tədbirlər Planına əsasən Azərbaycan dəmir yolunun Şimal, Cənub və Qərb istiqamətlərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Xaçmaz, Şirvan və Gəncə qovşaqlarına təşviqat qatarının təşkil edilmiş, yubiley tədbirləri keçirilmişdir.

Bu ilin iyun ayında Bakı-Tiflis-Qars dəmir yolunda ilk relslər qaynaq olunmuşdur.

- "Azərbaycan Dəmir Yolları" QSC-də son on ildə sərnişin və yük daşımalarında vəziyyət necədir?

- "Azərbaycan Dəmir Yolları" QSC-nin 2003-2013-cü illərdə sərnişin və yük daşımalarının dinamikası ilə bağlı rəqəmləri mən sizin diqqətinizə çatdırım. Deməli, 2003-cü ildə 4 milyon 736 min nəfər sərnişin, 20 milyon 345 min ton yük daşınmışdısa, 2012-ci ildə 2 milyon 668 min nəfər sərnişin, 23 milyon 116 min ton yük daşınıb. Cari ilin 6 ayı ərzində isə 1 milyon 207 min nəfər sərnişin, 11 milyon 190 min ton yük daşınmışdır.

Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

yap.org.az

Digər xəbərlər