PDF Oxu

Siyasət

  • 5

Sahibkarların maraqlarının müdafiəsi ilə bağlı daha bir mühüm addım

Sahibkarların maraqlarının müdafiəsi ilə bağlı daha bir mühüm addım

Prezident İlham Əliyevin imzaladığı Fərman sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinə və sahibkarların maraqlarının müdafiəsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb. Fərmana əsasən, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini və həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və s. Göründüyü kimi, Azərbaycan dövləti sahibkarların hüquqlarının müdafiəsi üçün bütün tədbirləri görür və formalaşmaqda olan bu təbəqənin inkişafına yüksək diqqət nümayiş etdirir.

Ümumiyyətlə, hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.

Bu, bir faktdır ki, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.

Eyni zamanda xüsusi olaraq, qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.

Aydındır ki, sahibkarlığın inkişafı orta təbəqənin, orta gəlirlərə malik cəmiyyətin güclənməsinə də böyük təkan verən amillərdən hesab oluna bilər. Son illər kiçik və orta sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi avanqard orta təbəqə sektoruna dərin töhfə verir. Sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması, kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən, istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi kiçik və orta sahibkarlığın mühüm statutusu fonunda orta gəlirli cəmiyyətin milli inkişafının alt qatını təşkil edir.

Sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər son illər islahatların əsas istiqamətlərini təşkil edir. Azərbaycan Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Sərəncamı bu sahədə əsil dönüşə səbəb olub.

Bu mənada düşünürük ki, Prezident İlham Əliyevin imzaladığı Fərman sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinə və sahibkarların maraqlarının müdafiəsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər