Azərbaycan Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv qəbul olunub
Azərbaycanda turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər çərçivəsində əhəmiyyətli işlər görülür. Azərbaycan ilə bir sıra dövlətlər arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanılıb. İmzalanmış sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq tədbirlər görülür və digər ölkələr ilə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparılır.
Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, Demokratiya və İqtisadi inkişaf naminə - GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarla təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirir. Eyni zamanda İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRJİJA, SESRTJİJ, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində uğurlu layihələr həyata keçirilir.
Azərbaycan turizmi yüksək bir formada dünya turizminə inteqrasiya olunur, beynəlxalq təşkilatlara üzv seçilir. Bu, Azərbaycan turizminin inkişafına, yeni dövrünü yaşamasına dəlalət edir. Bu günlərdə Azərbaycan turizm sahəsində daha bir uğuru Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının XX Baş Assambleyasında Azərbaycanın qurumun İcraiyyə Şurasına üzvü qəbul olunmasıdır.
Zambiyanın Livinqston şəhərində keçirilən iclasda Azərbaycan təşkilatın İcraiyyə Şurası üzvlüyünə namizədlər sırasında ən yüksək səs almışdır. Şuraya seçilən Avropa qitəsinin 4 dövlətindən (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) Azərbaycan 25 səslə birinci olmuşdur. Sonrakı yerləri Almaniya (24 səs), Serbiya (20) və Bolqarıstan (18) bölüşmüşlər.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak etdiyi sessiyada ölkəmizin təklifi nəzərə alınaraq Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunmuşdur.
Şübhəsiz, bu nailiyyət respublikamızda turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi, Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin, Mədəniyyət və Turizm Nazirliyinin Dünya Turizm Təşkilatı, bir çox tərəfdaş ölkələrlə ardıcıl, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir. Bu əlamətdar qərarların qəbulunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və ölkəmizin İspaniya Krallığındakı səfirliyinin mühüm rolu olmuşdur.
Hazırda dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bu uğurlarda Azərbaycan dövlətinin turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi də mühüm rol oynayır. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısını bir daha sübut edir. "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" Dövlət Proqramının qəbul olunması, Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu kimi tədbirlərin nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycanda turizmin inkişaf etdirilməsi, zəngin turizm imkanlarımızın xarici ölkələrdə təbliği ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir. Nazirlik tərəfindən aparılan təbliğat işləri ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında respublikamızın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili və s. nəticəsində Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınmağa başlamışdır.
Hazırda Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün müvafiq təbliğatın gücləndirilməsi ilə bərabər, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə, ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq edir. 2012-ci ilin və 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünya və Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10 faiz səviyyəsində müşahidə olunmuşdur.
Statistik rəqəmlərə nəzər salsaq görərik ki, təkcə bu ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Belə ki, altı ay ərizində respublikamıza gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 130 nəfər və ya 9,9 faiz artaraq 1196953 nəfər olmuşdur. Onların 418012 nəfəri Rusiya Federasiyası, 400542 nəfəri Gürcüstan, 173861 nəfəri Türkiyə, 70254 nəfəri İran İslam Respublikası, 8298 nəfəri Avropa regionu, 125986 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn əcnəbi vətəndaşların sayında artım MDB ölkələri üzrə 18,7, Avropa İttifaqı üzrə 22,9, Asiya üzrə 7,3, Afrika üzrə 37,5 və Amerika və Avstraliya ölkələri üzrə 19,2 faiz təşkil etmişdir.
Cari ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 olduğu halda, dünya üzrə beynəlxalq ziyarətçilər və ayrıca Avropa regionuna gələnlərin sayında artım cəmi 5 faiz təşkil etmişdir. Bütün bunlar Azərbaycanda turizm sahəsində görülən işlərin, icra olunan məlum Dövlət Proqramının, beynəlxalq turizm bazarına inteqrasiyanın, turizm sahəsində beynəlxalq əməkdaşlığın, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsinin nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI