PDF Oxu

Siyasət

  • 10

HƏR ZAMAN BİRİNCİ PREZİDENT

HƏR ZAMAN BİRİNCİ PREZİDENT

"BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan edib

Filippində çıxan və Asiya qitəsinin inkişaf etmiş ölkələrini, dövlət başçılarını, həyata keçirilən uğurlu islahatları əks etdirən tanınmış "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan edib. Bununla əlaqədar jurnalda "İlin adamı" başlıqlı geniş məqalə dərc edilib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Onun rəhbərliyi ilə həyata keçirilən siyasət haqqında ətraflı məlumat verilir. Yazıda ölkə başçısı İlham Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi 2003-cü illə müasir dövr müqayisə edilir və bu illər ərzində əldə olunmuş uğurlardan danışılır.

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevə həsr edilmiş "İlin adamı" məqaləsinin müəllifi Nepalın keçmiş baş naziri Madhav Kumardır. Jurnalda yer alan "Əliyev erası: Azərbaycanın qızıl dövrü" adlı məqalədə isə son 9 ildə ölkədə aparılan islahatlar, həyata keçirilən çoxşaxəli iqtisadi, sosial siyasət, neft strategiyası və adambaşına düşən ÜDM, büdcə gəlirlərinin tənzimlənməsi və düzgün istifadəsi haqqında geniş məlumat verilir. Məqalədə xüsusi vurğulanır ki, məhz İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutub.

UĞURLU SİYASƏT MODELİ

Son 10 il ərzində Azərbaycan iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Həmçinin, belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Əlbəttə ki, bu, hər bir ölkə üçün nümunə ola bilər. Qeyd edək ki, Azərbaycanda yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb. Bir milyon 100 mindən çox yeni iş yeri açılıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Hökumət artıq "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuldur.

Bununla yanaşı, son on il ərzində Azərbaycanda orta maaş və pensiyalar dəfələrlə artıb. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar siyasətin əsas istiqamətləridir. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür. Ona görə görülmüş işlər deməyə əsas verir ki, hökumət gələcəkdə də bu uğurlu meyilləri daha da gücləndirəcək və Azərbaycanın uğurlu inkişafını təmin edəcək. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf var.

Hakimiyyət tərəfindən atılan addımlar bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Ona görə Azərbaycanda aparılan islahatlar, baxmayaraq ki, çox ciddi xarakter daşıyır və köklü islahatlardır. Hər kəs tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilir ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Azərbaycanda isə həm iqtisadi islahatlar aparılıb, eyni zamanda, çox güclü sosial proqramlar da icra edilib. Bütün bunlar göstərir ki, hakimiyyət Azərbaycanın gələcəyə baxış bucağıdır. Məhz bu gün Azərbaycanda icra edilən layihələr də elə gələcəyə yönəldilib.

KEÇİRİLƏN RƏY SORĞULARINDA ƏBƏDİ BİRİNCİLİK

Azərbaycanda həyata keçirilən məntiqli daxili və xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır. Nüfuzlu beynəlxalq təşkilatlar da əldə olunan uğurları yüksək qiymətləndirir və bunu dövlət başçısının düzgün müəyyənləşdirdiyi strategiya ilə əlaqələndirir. Belə ki, 2011 - ci il sentyabrın 10-dan 30-dək Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləyir. Mərkəzin direktoru Gerald Frost bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri demişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. G.Frost diqqətə çatdırmışdır ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür.

Həmçinin, 2012-ci ilin sonunda Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğunun nəticələri böyük qürur hissi doğurmuşdu. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilmiş, rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inandığını ifadə etmişdir. Prezident İlham Əliyev bu yaxınlarda Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçildi. Qeyd edək ki, "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdi. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında keçirilən sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilmişdir.

Bütün bu uğurlar əhalinin ölkə başçısına olan inamının məntiqi təzahürüdür.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər