"Bu gün Azərbaycanda seçkilər öncəsi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr mövcuddur". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Milli Şura" rəhbərliyi başda olmaqla, qurum üzvlərinin sentyabrın 4-də Londona təşkil edəcəkləri səfəri və burada müzakirə olunacaq məsələləri şərh edərkən deyib.
Partiya sədrinin sözlərinə görə, "Milli Şura"nın üzvləri özlərini hakimiyyətə iddialı kimi göstərirlər: "Bu şəxslər keçmişlərində vurulan, millətinə xəyanət edən bəzi insanlardan ibarət toplanan qruplardır: "Onlar daimi olaraq çalışırlar ki, Azərbaycanda hakimiyyətə gəlsinlər. Həmin insanlar hələ də bir şeyi dərk etmirlər ki, ölkədə hakimiyyətə gəlmək Azərbaycan xalqının rəyindən asılıdır. Bu nə Londondan (Böyük Britaniya), nə Amerikadan (ABŞ) nə də digər dövlətlərin vətəndaşlarının səsindən asılı deyil. Hesab edirəm ki, xarici dövlətlərin Azərbaycana çox ciddi maraqları var. Onlar çalışırlar ki, ölkəmizdə böyük qarışıqlıq yaratsınlar və bunun bünövrəsini qoysunlar. Hətta "Milli Şura" üzvləri Qərb ölkələrinin səfirliklərini ölkəmizə dəvət edib, onlarla görüşlər keçirməklə özlərini xalqa göstərməyə çalışırlar. Həmin insanlar özlərini gözə soxaraq iddia edirlər ki, guya onları xarici dövlətlər dəstəkləyir. Hesab edirəm ki, bu da müxalifətin adi səfərlərindən biri kimi yadda qalacaq. "Milli Şura" üzvləri həmişə olduğu kimi, Londana təşkil edəcəkləri səfərdə də ağızlarına gələni danışacaqlar. Bu insanlar düşünürlər ki, ölkəmizdə vəziyyət çox ağırdır və s. Ölkəmiz müstəqil dövlət kimi öz siyasətini aparır. Düşünmürəm ki, onların səfəri uğurlu addım kimi yadda qalacaq. Həmin insanlar sadəcə olaraq ortaya qoyduqları vahid namizədin təbliği ilə məşğuldurlar. Qurum üzvləri Azərbaycanda qarışıqlıq yaratmağa çox meyillidirlər və bunu da arzu edirlər. Onlar çalışırlar ki, oktyabrda keçiriləcək prezident seçkilərində daha çox güzəştlər əldə etsinlər".
Hafiz Hacıyev deyib ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərindəki namizədi, dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasət müstəqil siyasətdir: "Təbii ki, müxalifət hər zaman olduğu kimi, bu dəfə də buna qısqanclıqla yanaşır. Onlar heç cürə istəmirlər ki, müstəqil siyasətçi Azərbaycanda hakimiyyətdə olsun. Müxalif düşərgənin üzvləri çalışırlar ki, Azərbaycanda hakimiyyətin başında qul bir insan olsun. Beləcə, ölkəmizin yeraltı və yerüstü sərvətləri də onlar tərəfindən talan edilsin. Bu gün ölkə baçısı İlham Əliyevin uğurlu iradəsi bütün dünyaya məlumdur".
sia.az