PDF Oxu

Siyasət

  • 5

Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu keçirilir

Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu keçirilir

Sentyabrın 2-də Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda II Forumu işə başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda dünyanın 21 ölkəsinin dövlət qurumlarından, beyin mərkəzlərindən, elmi-tədqiqat institutlarından, universitetlərindən 70-dən artıq nümayəndə iştirak edir.

Forumun Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun moderatorluğu ilə keçən plenar iclasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək dünyanın müxtəlif ölkələrindən alimlərin, rəsmi şəxslərin, beynəlxalq ekspertlərin səmərəli fikir mübadiləsi baxımından tədbirin əhəmiyyətini vurğulamışdır.

Novruz Məmmədov müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, xüsusilə də ölkəmizin xarici siyasətdəki uğurlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmışdır.

ABŞ-da fəaliyyət göstərən "Stratfor" analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman Azərbaycanın region, bütövlükdə Avropa üçün əhəmiyyətindən, xüsusilə də ölkəmizin uğurlu enerji siyasətindən bəhs etmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış edərək Azərbaycanın tolerantlıq modeli, ölkəmizdə multikulturalizmə verilən önəm haqqında danışmışdır.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski məruzəsində diqqəti Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, əsas aktorlardan biri kimi qəbul edilməsinə yönəltmişdir.

Sonra suallar cavablandırılmış, mövzu ilə bağlı maraqlı müzakirələr aparılmışdır.

Forum "Cənubi Qafqaz ölkələri müstəqilliyin 20 ilindən sonra: region uğrunda geosiyasi rəqaət", "Enerji təhlükəsizliyi: Xəzər regionunun qlobal enerji təhlükəsizliyinə töhfəsi" mövzularında panel iclaslarla davam edəcəkdir.

AzərTAc

Digər xəbərlər