PDF Oxu

Siyasət

  • 16

Azərbaycanın gənclər sahəsində uğurları BMT tərəfindən diqqətlə izlənilir

Azərbaycanın gənclər sahəsində uğurları BMT tərəfindən diqqətlə izlənilir

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransına hazırlıq çərçivəsində gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nazirlik və BMT-nin İnkişaf Proqramı (BMT İP) əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı qərargahında son görüşlərini keçirmişdir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyəti BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşmüşdür.

Görüşdə C.Sultanoğlu qeyd etmişdir ki, Gənclər və İdman Nazirliyi ilə birgə BMT Təhlükəsizlik Şurası Modeli tədbirinin keçirilməsi qurumun İnkişaf Proqramı ilə Azərbaycan Hökuməti arasında münasibətlərin yüksək səviyyədə olmasının sübutudur.

Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin təşviqat bölməsinin direktoru Mahir Nasser və BMT-nin inkişaf və sülh naminə idman ofisinin əlaqələndiricisi Erik Dienes ilə görüşlərdə azərbaycanlı gənclərin dünya idmanında əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Görüşlərdə Bakının 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2015-ci il birinci Avropa Oyunları, 2016-cı il şahmat üzrə dünya çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkədə dinamik və uğurlu siyasətin nəticəsi olduğu xüsusi vurğulanmışdır.

Görüşlərdə, həmçinin Azərbaycanda gənclər sahəsində aparılan islahatlar, Dövlət Proqramı və mövcud təcrübənin digər üzv ölkələrə nümunə kimi tətbiq olunması istiqamətində birgə səylərin gücləndirilməsi də müzakirə edilmişdir.

Səmimi və işgüzar görüşlərdə nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT-nin İnkişaf Proqramı, habelə alt qurumları ilə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu qeyd etmiş və qarşı tərəfi Azərbaycana səfərə dəvət etmişdir.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu-York qərargahına rəsmi səfəri avqustun 30-da başa çatmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransı bu ilin oktyabr ayında Bakıda keçiriləcəkdir. Tədbirdə Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitetin tələbə və məzunları iştirak edəcəklər.

AzərTAc

Digər xəbərlər