"Azərbaycan Prezidentinin yürütdüyü həm daxili, həm də xarici siyasət ümumilikdə bir vəhdət təşkil edib. Onun hər bir addımı, müxtəlif istiqamətlərdə gördüyü işlər ümumi məqsədin reaallaşmasına, Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edir". SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ölkə rəhbərinin son 10 il müddətində Azərbaycanın xarici siyasətində əldə etdiyi uğurlardan danışarkən belə deyib.Onun sözlərinə görə, yürüdülən daxili siyasət nəticəsində ölkə iqtisadiyyatının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar dövlət büdcəsinin artımına, insanların sosial rifahının yaxşılaşdırılmasına, sahibkarlar təbəqəsinin formalaşdırılmasına gətirib çıxarır: "Bu isə güclü dövlət kimi Azərbaycanın beynəlxalq dairələrdə effektiv xarici siyasət yürütməsinə, beynəlxalq aləmdə nüfuz qazanmasına yardım edir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi və bunun 155 ölkə tərəfindən dəstəklənməsi də mövcud nüfuzdan irəli gələn məsələdir".Millət vəkili Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin beynəlxalq aləm tərəfindən güclü müdafiə edildiyini və bunun da yürüdülən xarici siyasətin ən mühüm göstəricisi olduğunu deyib: "Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycan tərəfi öhdəliyinə düşən bütün vəzifələri yerinə yetirib, lazımi işlər görülüb. Məsələ ilə bağlı beynəlxalq aləmə məlumat göndərilib, lazımi bəyanatlar səsləndirilib, beynəlxalq dairələrin fikri nəzərə alınaraq sülh danışıqlarına üstünlük verilib. Bu gün problemin həll edilməməsi, məhz Azərbaycandan asılı olmayan problemlərin varlığının nəticəsidir. Hesab edirəm ki, aparılan daxili siyasətin effektivliyi, beynəlxalq siyasətin çevikliyi və bu siyasətə milli maraqlarımızın cavab verməsi bir çox məsələlərin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxaracaq".
sia.az