PDF Oxu

Siyasət

  • 9

Şahmar Mövsümov: Azərbaycan Respublikasının Dövlət Neft Fondu vəsaitlərin rasional istifadəsi sahəsində təcrübəsini xarici həmkarları ilə bölüşməyə hazırdır

Şahmar Mövsümov: Azərbaycan Respublikasının Dövlət Neft Fondu vəsaitlərin rasional istifadəsi sahəsində təcrübəsini xarici həmkarları ilə bölüşməyə hazırdır

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) neft və qazın hasilatı, emalı və satışından əldə edilən böyük həcmdə vəsaitlərin rasional istifadəsi sahəsində xeyli təcrübə toplamışdır və bu təcrübəni xarici həmkarları ilə bölüşməyə hazırdır.

Bu sözləri ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Bakıda "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda təşkil etdiyi forumda demişdir.

Ş.Mövsümov bildirmişdir ki, ARDNF-nin idarəçiliyində olan vəsaitlərin xərclənməsi istiqaməti hər il Milli Məclis və Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən təsdiq edilir. Biz ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini maliyyələşdiririk. ARDNF-nin resursları hesabına daha əvvəl çadır şəhərciklərində pis şəraitdə yaşamış qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qəsəbələrin tikintisinin maliyyələşdirilməsi davam etdirilir. Biz 150 mindən artıq insanı layiqli mənzil şəraiti ilə təmin edərək Azərbaycanda çadır şəhərciklərinin ləğvinə nail olmuşuq.

İcraçı direktor bildirmişdir ki, ARDNF-nin vacib investisiyaları neft kapitalının insan kapitalına çevrilməsidir. Hər il müəyyən qədər vəsait Azərbaycan vətəndaşlarının xaricdə dövlət xətti üzrə təhsilinin maliyyələşdirilməsinə ayrılır. Bu resurslar sayəsində hər il bir çox azərbaycanlı tələbə dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq imkanı əldə edir. Onlara qarşı irəli sürülən yeganə tələb təhsillərini başa vurduqdan sonra Vətənə qayıtmaları və Azərbaycanda işləmələridir.

Bu və ya digər nümunələr ARDNF-nin yaradılması ideyasının uğurlarından xəbər verir.

yap.org.az

Digər xəbərlər