Müstəqillikdən sonra Azərbaycan modernləşmək, bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük müvəffəqiyyətlər qazanmışdır. Əlbəttə ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin nəzəri və praktiki əsaslarını hazırladığı dövlətçilik siyasətinin nəticəsidir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab İlham Əliyev də bu siyasi kursu uğurla tətbiq edərək, Azərbaycan üçün böyük işlər görməkdədir. Bütün bu fəaliyyətlər eyni zamanda quruculuq kontekstində etik aspektdən əhəmiyyət kəsb edir. Bu qısa məqalə çərçivəsində regionların inkişafının etik əsasları və inkişaf üçün funksional roluna dair bəzi mülahizələrimi təqdim edəcəm.
İlkin olaraq onu qeyd etməliyəm ki, möhkəm dövlətçilik ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaqla mümkündür. Bu baxımdan Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi strategiya eyni zamanda etik əsasları da özündə cəmlləşdirir. Belə ki bu çaxşaxəlilik nəticəsində gəlirlərin ədalətli şəkildə bölüşdürülməsi etik aspektdən dövlətçilik üçün önəmlidir. Bu mənada yaxın günlərdə dövlət başçımız tərəfindən 10 faiz artımla maaşların və pensiyaların artırılması bunu sübut edir. Çoxşaxəlilik iqtisadi strategiyaya əsaslanaraq regionların inkişafını təmin etmək, yeni su qurğularının və yolların çəkilməsini, mədəniyyət mərkəzlərinin və parkların salınması da dövlətçilik səviyyəsində etik dəyərlərin bütün sahələrdə tətbiq olunmasına gətirib çıxarır. Təsadüfi deyil ki, müasir vətandaş cəmiyyətlərində və sivilizasiyalarında hər bir sahənin öz etik kodeksləri formalaşmaqdadır. Bu baxımdan Azərbaycanda regionların inkişafı və görülən quruculuq işləri də öz növbəsində etik və ümumbəşəri dəyərlərin Azərbaycanda daha da dərindən kök salmasına öz töhfəsini verməkdədir. Bütün bunlar dövlət başçımız tərəfindən aparılan uğurlu iqtisadi çoxşaxəli siyasi strategiyanın və ədalətli bölgü sisteminin tətbiq olunmasının nəticəsidir.
Məhz son nailiyyətlərdən biri olaraq yolların yenilənməsi və çəkilməsi ilə bağlı görülən işlərdən danışmaq olar. Belə ki, son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq görülür.
Burada qeyd edə bilmədiyimiz yüzlərlə yeni işlərin görülməsi və xalqın istifadəsinə verilməsi onu göstərir ki, Cənab Prezident İlham Əliyev uzagörənliklə iqtisadi siyasət kursunu həyata keçirir. Məhz bu kontekstdə dövlət başçımızın son çıxışlardan birində qeyd etdiyi fikirlər əhəmiyyət kəsb edir: "Gələcəkdə hələ ki, görüləsi işlər çoxdur. Bakının yol infrastrukturunun yeniləşməsi, qurulması istiqamətində hələ böyük işlər görüləcəkdir. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşirlər. İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq vardır. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə. Təkcə şəhərin mərkəzində deyil, şəhərin bütün yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində də böyük qovşaq tikilir. Burada da -"Gənclik" metrosunun ətrafında əvvəllər də iki yol açılmışdır: iki istiqamətə aparan yollar.
Bu yollar da elə bu qovşağın tərkib hissəsi olaraq indi fəaliyyət göstərir. Bütün binalar yenidən qurulub, abadlaşıb. Bu meydan doğrudan da yeni görkəm alıb. Futbol stadionu da əsaslı təmir edilibdir. Burada digər infrastruktur tikilir. Yəni, Bakının ən gözəl meydanlarından biri olacaqdır".
Nəticədə yuxarıda Cənab Prezident İlham Əliyevin qeyd etdiyimiz "Bizim amalımız qüdrətli Azərbaycandır"- fikri hal-hazırda Azərbaycanda bütün sahələrdə tətbiq olunan iqtisadi-siyasi islahatların vasitəsilə öz əməli nəticələrini göstərməkdədir. Təsadüfi deyil ki, hər cəhətdən qüdrətli Azərbaycan regionda və qlobal arenada öz sözünü deyəcəkdir. Müşahidələr əsasında onu qeyd edə bilərik ki, hal-hazırda Azərbaycan Cənab Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində bu istiqamətdə müvəffəqiyyətli addımlar atılmaqdadır. Əlbəttə ki, bu uğurların ən böyük praktiki bəhrəsi onların etik-mənəvi dəyərlər baxımından cəmiyyətimizin inkişafı üçün model təşkil etməsidir.
Rəşad İlyasov,
fəlsəfə doktoru