PDF Oxu

Siyasət

  • 7

Pensiya və minimum əmək haqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir

Pensiya və minimum əmək haqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir

İlham Əliyev: "Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur"

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb.

Sosial siyasətin real uğurları

Milli Məclisin Sosial Siyasət Komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyev ölkədə həyata keçirilən sosial siyasətin nəticələri barədə məlumat verərək bildirdi ki, neft kapitalını qeyri-neft sektoruna yatırmaq və regionları inkişaf etdirmək, son nəticədə bu inkişafı insan kapitalına yönəltmək uğurla öz təsdiqini tapır : "Hər bir dövlətin sosial siyasətinin başlıca məqsədi əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dünyada bununla bağlı bir sıra göstəricilər var ki, bunlar inkişaf etmiş ölkələrdə əhalinin rifah halının səviyyəsini göstərir. Azərbaycanda son on ilin göstəricilərinə nəzər salanda görürük ki, insan inkişafı indekslərində biz hər il pillə-pillə irəliləməkdəyik. Azərbaycan müstəqilliyini çox az müddətdir ki əldə edib, torpaqlarımızın 20 faizi hələ də işğal altındadır, ölkəmizdə qaçqın və məcburi köçkünlər problemi var. Bütün bunlara baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlı hal alması, müstəqil, balanslaşdırılmış siyasətin aparılması, iqtisadiyyatın diversifikasiyası siyasətinin uğurla həyata keçirilməsi imkan verir ki, sosial rifah halımız ildən-ilə yüksəlsin. Rifah halının yüksəlməsi ilə bağlı həm rəqəm göstəricilərinə müraciət etmək olar, həm də real həyat müşahidələri bunu parlaq göstərir. Azərbaycanda son on ildəki intensiv və sürətli inkişaf göz qabağındadır. Bunu təkcə ölkə daxilində müşahidə etmək və deməklə iş bitmir, həm də beynəlxalq aləmdə sosial rifah məsələləri ilə məşğul olan institutlar, beynəlxalq təşkilatlar, Azərbaycanla maraqlanan, bizi istəyən və istəməyən qüvvələr bizim bu yöndəki ciddi uğurlarımızı və nailiyyətlərimizi etiraf edirlər. Təkcə son on iki ildə bizim büdcəmiz iyirmi dəfə artıb. Əgər 2000-ci ildə büdcəmiz 1 milyard dollar idisə, indi artıq 25 milyard dollardır. Ümumdaxili məhsul da təxminən bir o qədər artıb, əhalinin pul gəlirləri dəfələrlə artıb. 90-cı illərin sonlarına qədər əmanət banklarında əhalinin demək olar ki, pulları yox idi, çünki birincisi, əhalinin banklara qoymağa pulları yox idi, ikincisi isə banklar bir o qədər də etibarlı sayılmırdı. İndi isə banklarda 20 faizə qədər əhalinin əmanət pulları qoyulub. Bu da o deməkdir ki, əhalinin həm pulları artıb, həm də bank sistemi təkmilləşib. 2003-cü ildən bu yana işsizlik göstəricisinin aşağı salınması, məşğulluğun artırılması yönündə çox ciddi uğurlar əldə edilib. Həmin dövrdən bu yana ölkədə bir milyon civarında yeni iş yerləri açılıb. Belə bir göstərici dünyanın heç bir ölkəsində yoxdur. Yoxsulluğun aşağı salınması məsələsində də çox ciddi nəticə əldə olunub. Əgər 2000-ci illərin əvvəlində yoxsulluq göstəricisi 49 faiz təşkil edirdisə, indi yoxsullar ölkədə cəmisi 5 faiz təşkil edir. Bu da dünyada bu məsələdə analoqu olmayan ciddi bir göstəricidir. Digər bir məsələ isə orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın artımıdır ki, bu da çox vacib bir məqamdır. Bunlar da əhalinin sosial rifah halını müəyyən edən əsas faktorlardan biridir. Ola bilər ki, bir sıra ölkələrlə müqayisədə bu maaş və pensiya göstəriciləri çox da böyük görünməsin. Amma əsas məsələ istehlak mallarının qiymətinə nisbətən maaş və pensiyaların ildən-ilə daha çox artmasıdır. Bizdə istehlak mallarının qiyməti o qədər də artmır. Bu, inflyasiyanın dərəcəsindən də görünür. Bu isə o deməkdir ki, əhalinin sosial rifah halı yüksəlir. Bu gün bizdə orta aylıq əməkhaqqı artıq 400 dolları ötüb. Sosial harmoniyanın başqa ciddi indekslərindən biri orta aylıq əmək haqqı ilə orta aylıq pensiyanın nisbətidir. Hər bir ölkə bu baxımdan o vaxt inkişaf etmiş ölkələr sırasına düşə bilir ki, o ölkədə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti qırx faiz olsun. Yəni orta aylıq pensiya orta aylıq əməkhaqqının qırx faizindən az olmasın. Azərbaycan artıq ötən il bu göstəriciyə nail oldu. Onu da xüsusi vurğulamaq lazımdır ki, postsovet ölkələrindən yalnız Azərbaycan və Qazaxıstan bu göstəriciyə nail olub, digərləri isə hələ bu səviyyəyə çatmayıblar".

Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artıb

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da pensiyaçılar ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqə hesab edilir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətidir. Pensiyaçıların sosial müdafiəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirib. Son 10 il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq, 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılmışdır. Qeyd edək ki, Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var və ölkə Prezidenti Cənab İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncam təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Onu da vurğulayaq ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 90 min nəfər) pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfər) üzrə artım 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə (I qrup gözdən əlillər) 7763 nəfər) isə 31 manat 50 qəpik təşkil edəcəkdir. Həmçinin, milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq, 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaqdır. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaqdır.

Beləliklə də, bütün bu uğurlu nəticələr onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər