"Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyanı strateji prioritet hesab etməsi Rusiya tərəfdən təkcə iqtisadi təzyiqlərlə məhdudlaşmayacaq". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, Ukrayna etnokonfessional münaqişələrin yaranması üçün potensial namizəddir: "Böyük ehtimalla Zaporojye rusinləri məsələsi yenidən aktivləşdiriləcək. MDB məkanında etnik münaqişələrin sayı 4-dən 5-ə arta bilər. Buna baxmayaraq, Ukrayna MDB məkanında etnik münaqişələrin sayının azalması istiqamətində mühüm işlər görə bilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində effekt yaratmaqla Ukrayna özünü yeni münaqişə mərkəzinə çevirməkdən sığortalaya bilər. Zaporojye rusinləri münaqişəsinin qarşısının alınmasının ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".Politoloq deyib ki, ATƏT-in Minsk Qrupu vasitəçiləri bu vaxta kimi tənzimlənmə ilə deyil, Dağlıq Qarabağ münaqişəsi regionunda müharibənin qarşısını almaqla məşğul olublar və bu, onları obyektiv vasitəçilikdən uzaqlaşdırıb, ermənipərəstliyə yaxınlaşdırır: "Ukrayna ATƏT sədri kimi Minsk Qrupunun fəaliyyətini aktivləşdirməlidir. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin missiyasının və ATƏT MQ-nin mandatı ciddi dəyişiklik tələb edir. 20 ildən çoxdur ki, bu nizamnamələrə əl gəzdirilməyib. A.Kaspşikin missiyası bu zamana kimi Ermənistan-Azərbaycan, yoxsa Dağlıq Qarabağ-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq apardığını müəyyənləşdirə bilmir. Ukrayna bu dəqiqləşmələrə nail ola bilər".M.Əhmədoğlu bildirib ki, Ukrayna Minsk Qrupunun 11 üzvünün iştirakı ilə iclas keçirməklə həmsədrlərin müəyyən təkliflərə qərəzli yanaşmasının, ortalığa yeni ideyalar qoymamasının səbəbini müəyyənləşdirə bilər. Bununla da Minsk Qrupunun iclası həmsədrlərin fəaliyyətinə yeni stimul verə bilər. Ukrayna Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu öz ərazisində və ya dünyanın digər yerlərində təşkil edə bilər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını müntəzəm görüşdürməklə möhkəm dialoq mexanizmi yaradıb, bu dialoq mexanizmini Dağlıq Qarabağ ərazisinə keçirmək olar. Nəticədə Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin körpüsünə çevrilə bilər. Beləliklə, regionda iqtisadi əməkdaşlığın yeni mərhələsi başlaya bilər. Bununla yanaşı Ukrayna ermənilərin işğal etdiyi 7 rayondan qovulmuş azərbaycanlıların dədə-baba yurdlarını, qohum-əqrəbalarının məzarlarını ziyarət etməsini təşkil edə bilər. Vaxtilə, Azərbaycan ərazisində yaşamış ermənilər Bakıda və digər yerlərdəki erməni qəbiristanlıqlarını ziyarət etmək istəsələr, Ukrayna bunu da təşkil edə bilər".Politoloq vurğulayıb ki, Ukrayna ucuz qaz, regional layihələrə qoşulmaqla bağlı Azərbaycanın təkliflərini Ermənistanın qəbul etməməsi ilə ciddi məşğul ola bilər: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinin başlanmasına imkan verən "Böyük Sülh Sazişi"nin imzalanmasına nail ola bilər".
sia.az