Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahında YAP Gəncə şəhər təşkilatı tərəfindən müəyyən edilmiş məşvərətçi səs hüquqlu komissiya üzvləri üçün təlim kursu keçirilmişdir.Təlimdə Gəncə şəhərində fəaliyyət göstərən seçki dairələri və məntəqələrinə təyin olunmuş məşvərətçi səs hüquqlu komissiya üzvləri iştirak etmişlər.
Təlimdə məşvərətçilərin hüquq və vəzifələri haqqında, seçki prosesinə qanunsuz müdaxilələrin qarşısını almaq üçün geniş təbliğati izahat verilmişdir. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək demişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən böyük siyasi partiyası olmaqla bərabər, həm də öz xalqına yaxın olan siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Yarandığı vaxtdan partiyamız bütün seçkilərdə qələbə qazanıb. Bu qələbələri şərtləndirən əsas amillərdən biri də partiyamızın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır.
Şəhər təşkilatının sədri YAP İcra Katibliyi tərəfindən verilən tapşırıq və təlimatlara uyğun olaraq görülən işlərdən, bundan sonra həyata keçiriləcək tədbirlərin qrafikinin müəyyənləşdiyindən və partiya fəalları ilə keçirilən treninqlərin onların seçkiyə tam hazırlığına, qarşıda dayanan vəzifələrin uğurlu həllinə yönəlməsindən bəhs edib.
Şəhər təşkilatının sədr müavini, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, AzMİ Gəncə filialının direktoru, professor Ramiz Məmmədov çıxış edərək ölkəmizdə azad, ədalətli seçki mühitinin, insanlarımızın öz iradələrini sərbəst formada ifadə edə biləcək imkanlara malik olmasından, qarşıdan gələn prezident seçkilərinin demokratik, şəffaf keçirilməsi üçün hər bir şəxsin üzərinə düşən vəzifələri layiqli formada yerinə yetirməyin önəmliyindən danışıblar. Tədbirdə Azərbaycan Respublikasının seçkiləri haqqında Qanunun müddəalarına, seçkilərin azad, demokratik və şəffaf keçirilməsinə dair müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Tədbir qarşılıqlı fikir mübadiləsi, seçki ilə bağlı təcrübi məsələlər ətrafında müzakirələrlə yekunlaşıb.
Süsən Tağıyeva,
YAP Gəncə şəhər təşkilatı