İlham Əliyev: "Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür"
Bu gün Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Təbii ki, ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır. Qeyd edək ki, keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Qeyd edək ki, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. Statistik göstəricilərə görə, 2013-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 5,0 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb. ÜDM-in 63,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında yaradılıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 10,9 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 16,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9 faiz artdığı halda, neft sektorunda 0,3 faiz azalıb.
Sektorunun inkişafı istiqamətində uğurlu nailiyyətlər
Dövlət başçımızın regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Həmin proqramların icrasına başlanandan, yəni 2004-cü ilin fevralından indiyə qədər ölkəmizdə bir milyondan çox iş yeri açılmışdır. Eyni zamanda, ötən dövrdə əldə olunan makroiqtisadi nəticələr milli iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Bununla əlaqədar Prezident İlham Əliyev demişdir: "Son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Doqquz ildə iqtisadiyyat da, sənaye istehsalı da üç dəfə artmışdır. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə də bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir".
Bu dövrdə Azərbaycanda 2,5 min kilometrdən artıq respublika əhəmiyyətli, 4 min kilometrdən çox yerli əhəmiyyətli avtomobil yolları, eyni zamanda 170-dən artıq körpü, tunel və yol bağlantıları istifadəyə verilmişdir. Son 10 il ərzində Azərbaycanda yük daşımalarının orta illik artımı 3,8, tranzit daşımaların orta illik artımı 6,6, sərnişin daşımalarının orta illik artımı isə 6,1 faiz təşkil etmişdir. Hazırda nəqliyyat sektorunun ÜDM-də payı 5,6 faizə çatmışdır.
Kənd təsərrüfatının inkişafını sürətləndirən mühüm amil
Yeri gəlmişkən bildirək ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. 2013-cü ilin birinci yarısında aqrar bölmədə müşahidə olunan artım 5 faiz təşkil edib. Aqrar sahənin inkişafı isə mühüm olan ərzaq təhlükəsizliyinin təminatının qarantı kimi çıxış edir. Ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabət qabiliyyətli məhsulların istehsalını stimullaşdırır.
Beləliklə, deyilənlər bir daha onu göstərir ki, gələcəkdə Azərbaycanda ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 2 dəfəyədək artırılması üçün münbit şərait yaranıb. Ölkə Prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı bildirmişdir: "Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir".
RƏFİQƏ KAMALQIZI