PDF Oxu

Siyasət

  • 13

BMT Baş Assambleyasının plenar iclasında Azərbaycanın təşəbbüsünü dəstəkləyən Qətnamə qəbul edilmişdir

BMT Baş Assambleyasının plenar iclasında Azərbaycanın təşəbbüsünü dəstəkləyən Qətnamə qəbul edilmişdir

Sentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının yaradılmasına dair müzakirələrin başlanılmasına dair qətnamə yekdilliklə qəbul olunmuşdur.

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Qətnaməyə Azərbaycan ilə yanaşı, Belarus, Əfqanıstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Şri-Lanka, Türkiyə və Yeni Zelandiya həmmüəllif kimi qoşulmuşlar.

Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında 2012-ci ilin dekabrında Baş Assambleya tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılmasının vacibliyini vurğulamışdır.

Bildirilmişdir ki, sözügedən təşəbbüs informasiya və kommunikasiya texnologiyaları sahəsində trans-regional əməkdaşlığın genişləndirilməsi, bu sektorda mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafiq sahədə bilik mübadiləsi üçün regional bir platformanın yaradılması məqsədini daşıyır.

Qətnamənin qəbulundan sonra Azərbaycanın təşəbbüsü əsasında Avrasiyada rabitənin təkmilləşdirilməsi mövzusunda panel müzakirələr keçirilmişdir. Müzakirələrdən əvvəl, Baş Assambleyanın 67-ci sessiyasının prezidenti V.Yeremiç, BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini V.Honqbo və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov çıxış etmişlər.

Daha sonra Macarıstanın Milli İnkişaf Nazirliyinin dövlət katibi V.Valyi-Nagi, Dünya İqtisadi Forumunun informasiya texnologiyaları və telekommunikasiya sənayesi bölməsinin direktoru D.Kerimi, Orbit Elmləri Korporasiyasının böyük vitse-prezidenti K.Riçmond və "Turk Telekom İnternational" şirkətinin baş icraçı direktoru Ç.Öztelcan təqdimatlarla çıxış etmiş və müvafiq sahədə mövcud əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparılmışdır.

Tədbirdə iştirak edən üzv dövlətlər regionda İKT infrastrukturunun inkişafı sahəsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirmiş və gələcək əməkdaşlığa hazır olduqlarını bildirmişlər.

AzərTAc

Digər xəbərlər