""Human Rights Watch" kimi təşkilatlar hər zaman yerləşdiyi və ya təsir dairəsində olduğu ölkənin maraqlarına xidmət edən açıqlamalarla çıxış edirlər". Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, "Human Rights Watch"un Azərbaycanla bağlı yaydığı son bəyanat müəyyən təsirlər altında verilib. Onun fikrincə, bəzi ölkələr var ki, Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilmirlər. Bu baxımdan da onlar hər zaman Azərbaycana təzyiq etməklə təsir altında saxlamağa cəhd edirlər.
"Bu hesabatda QHT-lərə qarşı yaradılan məhdudiyyətlərlə bağlı bir məsələni xüsusi qeyd etmək istərdim. QHT-lərlə bağlı qanun layihəsini parlamentə çıxaran, müəyyən dəyişikliklər edilməsini təklif edən mən olmuşam. Mən özüm də QHT sədri və hüquq müdafiəçisiyəm. Onların ölkəmizdəki hansı məhdudiyyətdən danışdıqlarını anlamıram. Əvvəlcə onu xatırladım ki, biz çirkli pulların yuyulması, terrorizmə qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyalara qoşulan dövlətik. İkincisi, onlar seçkiöncəsi ölkədəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan açıqlamalar verib qarışıqlıq yaratmağa heç cəhd etməsinlər. Hesabatdakılarn hamısı həmişə olduğu kimi Azərbaycana qarşı olan mövqelərinin tərkib hissəsidir. Düşünürəm ki, ümumiyyətlə, bu cür hesabatlara əhəmiyyət vermək lazım deyil"-deyə, Ç.Qənizadə qeyd edib.
yap.org.az