Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzdə 30 nəfərlik akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiya və kompyuter otağı yaradılmışdır. Burada Ümummilli Liderin xatirəsinə həsr olunmuş muzey təşkil edilmişdir. Muzeydəki fotostendlərdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunmuşdur. Mərkəzdə Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərlərini əks etdirən fotoguşə də yaradılmışdır. Bundan başqa, Mərkəzdə 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuter və linqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcəkdir. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaq. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə də iştirak edib. Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, parkda istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü:
"Yenidən Yardımlıda olmağımdan çox şadam. Bu, Yardımlıya mənim prezident kimi artıq üçüncü səfərimdir. Buraya gələrkən birinci səfərimi xatırlayırdım. O vaxt - 2005-ci ildə biz Masallı-Yardımlı yolunun yenidən qurulmasını qeyd edirdik. O vaxt bu, böyük layihə idi. Çünki yol o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yol çəkildi. Ondan sonra 2006-cı ildə Yardımlıya təbii qazın verilməsini qeyd etmişik. O da tarixi bir gün idi. Çünki heç sovet dövründə də buraya təbii qaz verilməmişdi. O vaxt xətlər çəkildi. Bu gün məndə olan məlumata görə, Yardımlı şəhərinin böyük hissəsi qazlaşdırılıbdır. Bir neçə kənddə də qaz xətləri çəkilibdir. Gələcəkdə əlbəttə ki, tam şəkildə qazlaşdırma aparılacaqdır. Bu gün isə biz növbəti vacib layihənin icrasını - Yardımlıya içməli suyun verilməsini qeyd edirik.
Yəni, baxın bu tarix özlüyündə bir göstəricidir. Yol, qaz və içməli su həyatdır. Təmiz içməli su isə sağlam həyat deməkdir. İndi verilən məlumata görə, bütün xətlər artıq bu ilin sonuna qədər qurulacaqdır. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaqdır. Bununla bərabər, yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldurlar. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin. Eyni zamanda, bu gün biz kənd yolunun açılışını qeyd edəcəyik. Yeni elektrik xətlərinin çəkilişi də başlamışdır. Çünki Yardımlıda bərk külək əsəndə köhnə dirəklər yıxılır, elektrik kəsilir. İndi yeni, möhkəm dayaqlar tikilir ki, artıq bu problem də olmayacaqdır.
Bütün bu əsas layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu təşəbbüslər əminəm ki, xalq tərəfindən də yüksək qiymətləndirilir. Çünki rayon qarşısında duran əsas infrastruktur məsələləri qısa müddət ərzində öz həllini tapır. Əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Biz bütün bu işləri davam etdirməliyik. Xüsusilə növbəti illərdə sahibkarlığın inkişafı ilə bağlı daha da böyük tədbirlər görülməlidir. Ölkə üzrə bütövlükdə sahibkarlıq sürətlə inkişaf edir. Yeni kənd təsərrüfatı müəssisələri yaradılır. Hesab edirəm ki, Yardımlı rayonunda da bu istiqamətdə əlavə tədbirlər görülməlidir. Kənd sakinlərinə maliyyə yardımı göstərilməlidir ki, onlar daha da böyük şəkildə və özləri üçün daha da səmərəli qaydada bizneslə məşğul ola bilsinlər. İçməli su layihəsi isə rəmzi xarakter daşıyır. Çünki bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Digər tərəfdən, Azərbaycanın dövlət siyasətini göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İçməli su insan orqanizmi üçün əsas məsələdir. Ona görə, Yardımlıya təmiz içməli suyun çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Yardımlı dağlıq rayondur. Burada da başqa yerlərdə olduğu kimi bütün infrastruktur layihələri icra edilir və edilməlidir. Dediyim kimi, son yeddi-səkkiz ilin tarixi onu göstərir. Yol, işıq, qaz, su, əlbəttə ki, rayonun abadlığı. Bu istiqamətdə də işlər görülübdür. Yardımlı inkişaf edir. Gözəl binalar tikilir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. Əvvəlki səfərlərimdə məktəblər, uşaq bağçaları açılmışdır.
İndi buna ehtiyac vardır. Gələcəkdə bu işlər də görüləcəkdir. Mən bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Gələcəkdə bizim görüşlərimiz hələ çox olacaqdır. Çünki Yardımlıda başqa müxtəlif layihələr də icra ediləcəkdir. Bütün açılışlarda bərabər olacağıq. Ancaq hələ həll olunmalı məsələlər vardır. Biz onları bilirik. Rayonlara, bölgələrə səfərlərimin səbəblərindən biri də ondan ibarətdir ki, biz bu problemləri aşkar edək, mən sizdən eşidim əlavə nə etmək lazımdır. Hansı məsələlər insanları narahat edir, növbəti illərdə onları da həll edək. Çünki biz indi uğurla inkişaf edirik. Belə güclü iqtisadiyyat yaratmışıq ki, biz istənilən məsələni həll edə bilək. Biz dağlara yollar, su və qaz xətləri çəkirik. Elə məsələ yoxdur ki, biz onu həll edə bilməyək. Çünki güclü iqtisadiyyat yarada bilmişik. Bu iqtisadiyyat imkan verir ki, biz sosial məsələlərin həllinə də vəsait ayıraq. Bax bütün bu layihələr böyük vəsait tələb edir. Bu dağlarda çəkilən su, qaz, elektrik xətləri, yollar - bütün bunlar dövlət büdcəsi, yaxud da ki, Prezidentin ehtiyat fondu hesabına, - o da dövlət büdcəsinin bir hissəsidir - reallaşır. Güclü iqtisadiyyat olmasa, bu layihələr icra edilə bilməz. Bu gün Azərbaycan elə bir sürətlə inkişaf edir ki, istənilən məsələ öz həllini tapa bilər. Təki biz bilək ki, hansı məsələlər vardır və onlar necə həll edilməlidir. İnsanları narahat edən əsas məsələlər nədir ki, onlar öz həllini tapsın. Bax, indi hazırlanan üçüncü regional inkişaf proqramı da daha çox yerlərdən gələn təkliflər əsasında tərtib olunacaq və 2014-2018-ci illəri əhatə edəcəkdir. Çalışmaq lazımdır ki, qalan bütün sosial infrastruktur məsələlər növbəti beş il ərzində öz həllini tapsın."
Rayon sakini Feyruz Sultanov Yardımlıya göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu. Dövlətimizin başçısına məlumat verən "Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Əhalini içməli su ilə təmin etmək məqsədilə Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.
Prezident İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, inzibati bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır.
Qeyd edildi ki, 50 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanmışdır. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolboyu 26 su keçidi quraşdırılmışdır. Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev sentyabrın 4-də Yardımlıya səfərini başa çatdıraraq Masallı rayonuna gəlib. Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, birinci mərtəbədə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir. Bildirildi ki, mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir.
Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır. Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılmışdır. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilmişdir.
Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanmışdır. Dövlətimizin başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulmuşdur.
Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi. Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırdılar. Sonra "Halay" folklor kollektivi "Ay lolo" xalq mahnısını ifa etdi. Sonda xatirə şəkilləri çəkdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılmış, tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar və havalandırma sistemi ilə təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend vardır. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası və gənclər birliyi üçün də otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin inzibati otaqlar da vardır. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir səviyyədə qurulmuşdur.
Bildirildi ki, hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfər üzvü vardır. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallı Regional Boks Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, boks mərkəzinin təməli 2012-ci ilin əvvəlində qoyulmuşdur. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərildikləri qayğını əks etdirən fotostend yaradılmışdır. Dövlətimizin başçısı boks zalı ilə tanış oldu. Məlumat verildi ki, burada trenajor və ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar vardır. Mərkəzdə müxtəlif treninqlər və digər tədbirlər keçiriləcəkdir. Daha sonra Prezident İlham Əliyev Masallı rayonunda yeni inşa olunan Regional Taekvondo Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısına məlumat verildi ki, son illərdə Masallıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür mərkəzlərin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artırır. Ərazisi 5613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılmışdır. İnşaat işləri yüksək səviyyədə aparılmışdır. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır. Dövlətimizin başçısı sonra taekvondo zalı ilə tanış oldu.
Burada 120 nəfərlik trenajor zalındakı avadanlıq da müasirliyi ilə diqqəti cəlb edir. İndi ölkəmizdə ənənəvi olmayan idman növlərinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Azərbaycanda bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edən Milli Strategiya bu baxımdan geniş imkanlar açır. Prezident İlham Əliyev daha sonra mərkəzin ərazisi ilə tanış oldu. Bildirildi ki, ətrafda böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Astara şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlətimizin başçısına məlumat verdi ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Parkda istirahət üçün hərtərəfli şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həkim Aytən Şiriyeva tibb ocağının müasir tələblər səviyyəsində istifadəyə verilməsinə və bütövlükdə Astaranın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə rayon sakinlərinin minnətdarlığını çatdırdı. Sonra xatirə şəkli çəkdirildi. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın yerləşdiyi ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Burada müasir infrastruktur formalaşdırılmışdır. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, uşaq bölməsi, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ali Baş Komandana məlumat verdi ki, yeni şəhərciyin ərazisi 5 hektara yaxındır. Buradakı səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil vardır. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılmışdır. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da vardır.
Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etdi. Burada 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan "Astara" sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilmişdir. "Astara" sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gilan İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzin tikintisinə cari ilin fevralında başlanmış və avqustunda yekunlaşdırılmışdır. İdman qurğusunun ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Süni örtüklü yeni açıq mini futbol meydançası yaradılmışdır. Meydançanın işıqlandırma sistemi də müasirliyi ilə seçilir. Diqqətə çatdırıldı ki, ikimərtəbəli binanın birinci mərtəbəsində işçilər üçün hərtərəfli şəraiti olan otaqlar da vardır. Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına verilmişdir. Mərkəzdə məşqlər üçün hər cür şərait yaradılmışdır. Binanın infrastrukturu da müasir standartlara cavab verir. Prezident İlham Əliyev sentyabrın 4-də Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, 2013-cü il 15 iyul tarixli müvafiq Sərəncam ilə Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının inşasına 3,3 milyon manat vəsait ayrılmışdır. Ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanmış və bu günlərdə başa çatdırılmışdır. Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca 1 körpü və 20 su ötürücüsü tikilmişdir. Bildirildi ki, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir. Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.