Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkənin təhsil və elm naziri Kanat Sadıkovla görüşündə ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinin və bunun üçün bütün imkanlardan maksimum istifadə olunmasının vacibliyi vurğulanmışdır. Səfir demişdir ki, ölkələrimizin təhsil nazirlikləri arasında əməkdaşlığa dair çox mühüm sənədlər imzalanmışdır və bu sahədə işlər davam etdirilir. Bildirilmişdir ki, hazırda Azərbaycan Diplomatik Akademiyasında və digər təhsil ocaqlarında qırğızıstanlı tələbələr təhsil alırlar. Eyni zamanda, Qırğızıstanın ali təhsil ocaqlarında 34 nəfər azərbaycanlı tələbə oxuyur. Bununla yanaşı, Qırğız-Türk "Manas" Universiteti azərbaycanlı tələbələr üçün bu il daha on nəfərlik kvota ayırmışdır.
Kanat Sadıkov bildirmişdir ki, Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq əsasən, MDB və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəzdində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Rektorlar Şurası çərçivəsində həyata keçirilir. Nazir demişdir ki, Qırğızıstan neft və qaz ölkəsi olmasa da, bu sahədə mütəxəssis hazırlanması mühüm məsələdir və Azərbaycan Neft Akademiyasında Qırğızıstan üçün kvota ayrılmasına ciddi ehtiyac vardır. Qırğızıstan Dövlət Tibb Akademiyasında və Qırğızıstan-Rusiya Slavyan Universitetində azərbaycanlı tələbələr üçün kvota ayrıla bilər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc