Azərbaycanda bank və kommersiya bazarlarında faktorinqin inkişafının təhlilinə keçməzdən əvvəl ilk növbədə faktorinqin nə olduğunu açıqlamaq istərdim. Beləliklə, daha dəqiq və aydın mənada ifadə etsək, faktorinq – ödənişin müəyyən müddət ərzində həyata keçirilməsi şərtilə ticarət fəaliyyəti ilə məşğul olan idxalatçı və ixracatçı üçün göstərilən maliyyə xidmətləri kompleksidir. Faktor sözü latın facio felindən əmələ gəlmişdir ki, bu da hərfi tərcümədə "hərəkət edən şəxs" deməkdir. Faktorinq 14-cü əsrdən İngiltərədə inkişaf etməyə başlamışdır, bu da bilavasitə toxuculuq sənayesinin inkişafı ilə əlaqədar olmuşdur. Bununla da faktorlar artıq o zaman istehsalat müəssisələri ilə məhsulun son alıcıları arasında əlaqələndirici halqa rolunu oynayırdı.
Faktorinq müəssisələrinin böyük hissəsi artıq XIX əsrin sonunda ABŞ-da yaranmışdır, XX əsrin ortalarından isə beynəlxalq faktorinq inkişaf etməyə başlamışdır. Beləliklə 1968-ci ildə Factors Chain International (FCI) yaradımışdır ki, o, dünyanın 68 ölkəsində 254 üzvü olan miqyaslı dünya faktorinq assosiasiyasına çevrilmişdir. Faktorinq təchizatçılarda yaranmış dövriyyə vəsaitlərinə olan tələbata vaxtlı cavab olmuşdur. Lakin, yaxın zamanda işgüzar münasibətlərin iştirakçıları faktorinq üzrə əməliyyatların hüquqi tənzimlənməsinin mövcud olmamağı ilə rastlaşmış oldular.
Bununla da 1988-ci ilin may ayında Ottavada beynəlxalq konfransda Beynəlxalq xüsusi hüququn unifikasiyası institutu tərəfindən hazırlanmış Beynəlxalq faktorinq haqqında Konvensiya qəbul olunmuşdur. Qeyd olunan Konvensiya faktorinq üzrə əməliyyatların iştirakçılarının hüquqi münasibətlərini tənzimləyən bir sıra normaları unifikasiya edə bilmişdir, və milli hüquq sistemlərində öz həllini tapmayan məsələləri tənzimləyirdi.
Hal hazırda faktorinq üzrə sazişlərdə ilk növbədə faktorinq şirkətinin öz üzərinə götürdüyü risk dərəcəsinə görə bir-birindən fərqlənən çoxsaylı xidmət növləri mövcuddur. Məlum olduğu kimi, kiçik və orta sahibkarlıq mənbələri məhduddur, bununla da onlara faktorinq üzrə müqavilə bağlamaq imkanı verilir ki, bu müqavilə özündə maddi girov əsasında kreditləşməni deyil, debitor borcu əsasında kreditləşməni əks etdirir.
Faktorinq qısa müddət ərzində satış həcmini bir neçə dəfə artırmaq imkanını verir və şirkət üçün kreditləşmə zamanı olduğundan daha effektiv inkişaf etmək imkanını yaradır. Bank tərəfindən faktorinq üzrə kreditləşmənin əsas məqsədi – müştəriyə fikrini maliyyə məsələlərinə daim yayındırmadan əsas fəaliyyətlə, yəni, satışla məşğul olmaq imkanını təmin etməkdir.
Faktorinq təchizatçıya rəqabət qabiliyyətli mühitdə öz mövqelərini möhkəmləndirmək, daha dəqiq desək, öz müştərilərinə təqdim edilmiş mallara və ya göstərilmiş xidmətlərə görə daha uzun ödəniş müddətlərini təklif etmək imkanını verir ki, bu da hal hazırkı vəziyyətdə mühüm rəqabət üstünlüyüdür.
Bir çoxları düşünə bilər ki, faktorinq sxemləri müəyyən olunmuş və uzun çəkən razılaşdırmalar tələb edir, lakin, bununla razılaşmaq istəməzdik, çünki faktorinq sxemi özü özlüyündə bank zəmanətlərinin və ya kreditlərin verilməsindən daha asandır. Səbəbi?
Birincisi, kreditdə olan kimi yüksək faizlərə malik deyil; ikincisi, ödənişin vaxtının uzadılması barədə müqavilənin uzunmüddətli bağlanması mümkündür; üçüncüsü, benefisiar malın göndərildiyi andan pulunu alır; dördüncüsü, maddi girov tələb edilmir, beşincisi, faktorinq biznesin kifayət qədər qısa müddət ərzində genişlənməsinə yardım edir və bununla da biznesin inkişafını stimullaşdırır və əlverişli şərait yaradır.
Lakin, Azərbaycanın kommersiya banklarında tez-tez rast gəlinən ixtisaslaşmış kadrların az olması və sənəd dövriyyəsinin zəif təşkil olunması regionda faktorinqin inkişafına mənfi təsir edir. Ümumilikdə isə bu gün yaxın keçmişdə baş vermiş dünya iqtisadi böhranından sonra Azərbaycanda bank sektorunun inkişaf tendensiyası müşahidə olunur. Lakin, kreditləşdirmə şərtləri təəssüf ki, daha yaxşı ola bilərdi.
Fikrimizcə, burada məsələ ondadır ki, diplomlu və ixtisaslaşmış kadrların çatışmazlığı bank sisteminin işinin elastikliyini çətinləşdirir, bu da öz növbəsində kommersiya bankları tərəfindən həyata keçirilən faktorinq əməliyyatlarının aşağı gəlirliliyini qeyd edir. Faktorinq sxemləri ümumilikdə çox sadə olsa da, əksər insanlar, təəssüf ki, az məlumatlı olduqları səbəbindən bu sxemlərin mürəkkəb olduğunu və səsverməsi üçün uzun müddətin tələb olunduğunu hesab edirlər.
Adətən faktorinq şirkətləri istənilən işə sözün əsl mənasında fərdi nöqteyi nəzərdən yanaşırlar və istənilən sazişi uğurla başa çatdırmağa çalışırlar, bununla da öz növbələrində əhəmiyyətli maliyyə tövsiyələrini edirlər, bu da nəticədə müəssisə və təşkilatların mühasibat hesabatının hiss olunacaq şəffaflığına gətirib çıxarır.
Bu gün Azərbaycanda faktorinq xidmətlərini göstərən banklar elə də çox deyil. Daha dəqiq desək, bir-iki bank istisna olmaqla, belə banklar praktiki olaraq yoxdur. Beləliklə, kommersiya bankları arasında kiçik monitorinq apararaq, aşkar etdim ki, bizdə sahibkarlara demək olar ki, faktorinq xidmətləri göstərilmir. Digər tərəfdən, elə hesab olunur ki, bu xidmətlərə tələbat yoxdur. Lakin, iqtisadiyyatda belə bir məfhum var ki, tələbat təklifi yaradır. Deməli, necə olur, bizim bazarda faktorinq üzrə əməliyyatlara tələbat azdır? Bilirsinizmi, istənilən qədər müzakirə etmək olar, əsas odur ki, effekt olsun. Bu halda mütləq şəkildə ölkədə kiçik və orta sahibkarlığın təkmilləşdirilməsi üçün faktorinq əməliyyatlarını və xidmətlərini təkmilləşdirmək lazımdır. Bu cür maliyyə əməliyyatları ilə təkcə kommersiya bankları deyil, həmçinin, konkret faktorinq profilli şirkətlər də işləmək hüququna malikdir.
Hörmətli oxucular, mən faktorinqi kredit ilə zəmanət arasında bir məqam kimi qeyd edərdim, ki, bu məqam məhz inkişaf edən müəssisələr, kiçik və orta sahibkarlıq üçün çox cəlbedicidir, çünki, məhsulun sonradan reallaşdırılması üçün zəruri vəsaitləri faktor vasitəsilə əldə etmək olar, yəni, müştəri banka və ya faktorinq ilə bilavasitə məşğul olan digər maliyyə müəssisəsinə gəlir, təchizatçı ilə müqavilə əsasında saziş bağlayır, bu zaman alıcı debitor borcunu faktorinq şirkətinə ötürür. Hətta ən sadə hesablamalardan aydın olur ki, faktorinq vəsaitlərin artırılması üçün kreditləşdirmə ilə müqayisədə eyni şəraitdə bir il ərzində mal dövriyyəsini iki dəfə daha tez artırmaq imkanını verir.
Faktorinq üzrə sazişin əsas iştirakçıları faktor (bank), müştəri (satıcı) və ödəniş vaxtının uzadılması şərtləri əsasında fəaliyyət göstərən debitordu (alıcı). Faktor müştəriyə kredit şəklində tələblərin 90% qədər yerində ödəyir, ödənişin qalığı isə xidmətlərə görə komissiya çıxılmaqla bütün borc alındıqdan sonra ödənilir. Bu zaman debitor faktorinq müqaviləsini bağlayaraq, borcu kommersiya krediti ilə müqayisədə daha uzun müddətdən sonra qaytarmaq imkanını əldə edir, həmçinin, borcun hissələrlə ödənilməsinə də icazə verilir.
Adətən ərizəçi qismində çatdırılmış mallara və ya göstərilmiş xidmətlərə görə faktora ödənişi almaq hüququnu ötürən müştəri çıxış edir. Faqtorinq üzrə əməliyyatların şərtləri iştirakçılar üçün kifayət qədər sadədir, onun əsas tələbləri maliyyələşdirmə predmetinin özü və maliyyələşdirmənin həyata keçirilməsi üçün güzəşt olunan tələbdir. Bundan sonra müştərinin sabit mövqeyi nəzərə alınır, debitor isə öz növbəsində ödəniş qabiliyyətinə və nüfuza malik olmalıdır. Bank tərəfindən faktorinq xidmətinin göstərilməsinin əsas məqsədi müştəriyə öz əsas fəaliyyəti ilə - satışla məşğul olmağın və bu zaman maliyyə məsələlərinin həllinə diqqətini yayındırmamağın təmin olunmasından ibarətdir. Yəni, yuxarıda qeyd olunan kimi, faktor biznesin tam miqyaslı inkişaf etməsi və genişləndirilməsi üçün şərait yaradır, və bu zaman saziş iştirakçılarına şəffaf mühasibatlıq aparmağa yardım edir.
Rüstəm Rüstəmov,
Sosial iqtisadiyyat üzrə ekspert
yap.org.az