PDF Oxu

Siyasət

  • 6

Serbiyanın nüfuzlu “Cord” jurnalında Azərbaycanın uğurlarından geniş bəhs olunub

Serbiyanın nüfuzlu “Cord” jurnalında Azərbaycanın uğurlarından geniş bəhs olunub

Bildiyimiz kimi, Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf göstəriciləri, xarici siyasət uğurları beynəlxalq miqyasda böyük maraq doğurur. Bunun təsdiqi olaraq, Serbiyada dərc olunan nüfuzlu "Cord" jurnalının növbəti sayında Azərbaycanın son illərdəki nailiyyətlərinə geniş yer ayrılıb. Jurnalın "Dünya bazarları və imkanlar: Azərbaycan, Odlar diyarı" adlı xüsusi bölümü Azərbaycanın son dövrlər qazandığı möhtəşəm uğurlara həsr edilmişdir.

"Diplomatiya ustası" başlıqlı yazıda Prezident İlham Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilir, dövlət başçısının peşəkar xarici siyasət fəaliyyətinin ölkəyə verdiyi töhfələrdən bəhs olunur. Qeyd edilir ki, Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı sayəsində Azərbaycan bütün xarici tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə nail olub.

Nəşrdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın iqtisadi uğurlarından geniş bəhs olunur, ölkənin hazırkı sosial-iqtisadi inkişafının və dünya iqtisadiyyatına inteqrasiyasının əsasında Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı göstərilir. Qeyd olunur ki, reallaşmaqda olan beynəlxalq əhəmiyyətə malik enerji və nəqliyyat layihələri Azərbaycanı dünya birliyinin və Avroatlantik qurumların mühüm tərkib hissəsinə çevirib. Jurnalda Azərbaycanın çoxşaxəli beynəlxalq əməkdaşlığının genişlənməsi dinamikasını əks etdirən müsahibələr də yer alır. Azərbaycanın Serbiya, Monteneqro, eləcə də Bosniya və Hersoqovina respublikalarındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun "Cənubi Qafqazın inkişafında lider" sərlövhəli müsahibəsində respublikamızın Balkan regionu dövlətləri ilə artan əməkdaşlığından bəhs olunur, ölkəmizin bütün sahələrdə sürətlə modernləşməsi, hərtərəfli inkişafa nail olması, demokratik islahatları uğurla həyata keçirməsi vurğulanır.

Serbiya Ticarət Palatasının Prezidentinin müavini Mixaylo Vesoviçin ölkəmizə həsr olunan müsahibəsində isə Azərbaycan ilə Serbiya arasında ticarət əlaqələrinin inkişaf səviyyəsindən, bu ölkənin iş adamlarının Azərbaycana olan marağından və mövcud qarşılıqlı iqtisadi əlaqələri genişləndirməyin yollarından bəhs olunur.

Qeyd edək ki, jurnalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Tomislav Nikoliç arasındakı dostluq münasibətlərindən bəhs edən "Dostluğun tarixçəsi", ölkəmizin sürətli və dinamik iqtisadi inkişafına həsr edilmiş "Cənubi Qafqazın lideri", özündə Şərq ənənələrini yaşatmaqla sürətlə modernləşən Azərbaycan mədəniyyətindən danışan "Qərblə Şərqin vəhdəti", eləcə də ölkəmizin geniş turizm imkanlarını göstərən "Yeddi iqlim qurşağının gözəlliyi" sərlövhəli yazılar dərc edilmişdir.

Oxucularda Azərbaycan haqqında geniş təsəvvürün yaradıldığı jurnalda ölkəmizin mədəniyyəti, tarixi abidələri, müasir tikililəri, təbiəti və milli mətbəxi barədə də zəngin məlumatlar verilir.

yap.org.az

Digər xəbərlər