Qədim və zəngin tarixə malik Azərbaycan idmanı xalq mədəniyyətinin ayrılmaz hissəsini təşkil edərək milli-mədəni irsimizin çox sayda abidələrində öz əksini tapıb. Qobustan qayaüstü rəsmlərindəki təsvirlərdə, Dədə Qorqud dastanlarında və digər folklor mənbələrində fiziki kamillik və sağlam həyat tərzi ilə yanaşı, milli oyunların və idmanın uzaq keçmişindən xəbər verən qəhrəmanlıq nümunələri tərənnüm olunur. Orta əsrlərdə Azərbaycanın Xaqani Şirvani və Nizami Gəncəvi kimi görkəmli söz ustalarının əsərlərində o dövrün geniş yayılmış atçapma, qılıncoynatma, oxatma, güləş, şahmat, daşqaldırma, sürpapaq və çövkən kimi xalq oyunlarından ətraflı bəhs edilir. Tarixən Azərbaycanın bölgələrində qədim idman oyunları və yarışlarının keçirildiyi zorxanalarda ən güclü pəhləvanlar yetişmiş, məhz onların sayəsində güləş ənənələri nəsildən-nəslə ötürülərək dövrümüzədək gəlib çatıb. Ötən əsrin əvvəllərində pəhləvanlarımızdan Sali Süleyman və Rəşid Yusifovun adları geniş şöhrət tapıb.
İlk Olimpiya uğurlarımız...
XIX əsrin ortalarından etibarən Bakıda neft sənayesinin misli görünməmiş yüksəlişi nəticəsində başlanan iqtisadi dirçəliş, ölkəmizdə həm də idmanın bütün sahələr üzrə inkişafına və yeni idman növlərinin yayılmasına təkan verib. XX əsrin əvvəllərində Azərbaycanda artıq idman təşkilatları və cəmiyyətləri yaradılıb, ilk rəsmi şəhər birincilikləri və digər yarışların keçirilməsinə başlanılmışdır. Həmin vaxtdan respublikanın digər rayon və şəhərlərində də müxtəlif idman növləri üzrə bölmə və klublar təşkil olunmuş, əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün idman-sağlamlıq mərkəzlərinin qurulması istiqamətində işlər aparılmışdır. Sovetlər İttifaqının Beynəlxalq olimpiya hərəkatına 1952-ci ildə qoşulması ilə Azərbaycan idmanı daha da inkişaf etməyə başlamışdır. Həmin ildən etibarən idmançılarımız SSRİ yığma komandasının tərkibində 9 Olimpiadada iştirak edərək yüksək nəticələr göstərmiş və 10 qızıl, 11 gümüş, 7 bürünc medal qazanmışlar. Ölkəmizdə idmanın maddi-texniki bazasının yaradılması sahəsində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində həyata keçirilən məqsədyönlü işlərin nəticəsində şəhər və rayonlarımızda idman məktəbləri açılmış, ənənəvi idman növləri ilə yanaşı, idmanın başqa növləri də inkişaf etməyə başlamış, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olanların sayı xeyli artmışdır.
1997-ci ildən başlayan Olimpiya zəfərləri...
Azərbaycan müstəqillik qazanandan sonra da idmanımız uğurlu inkişafa nail olub. Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü idman siyasəti, Cənab Prezident İlham Əliyev tərəfindən hazırda böyük uğurla davam etdirilir. 1997-cı ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Cənab İlham Əliyevin gərgin əməyi və əzmkar təşəbbüsləri nəticəsində hazırda Azərbaycan dünya arenasında ən böyük idman ölkəsi kimi tanınır. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində böyük inam yaradıb. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Azərbaycan Olimpiya hərəkatının fəal üzvüdür, Olimpiya hərəkatının ideallarını bölüşür. Olimpiya Oyunları dünyanın ən böyük beynəlxalq tədbiridir. Ölkələrin orada iştirakının sayına görə, eyni zamanda, Olimpiya Oyunları zamanı hökm sürən dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühiti nadir xarakter daşıyır. Dünyada ikinci belə beynəlxalq tədbir, beynəlxalq yığıncaq yoxdur ki, bu dərəcədə xeyirxahlıq, mərhəmət, sülh, dostluq ideyalarını özündə ehtiva etsin. Olimpiya Oyunları dünya miqyasında nadir və təkrarolunmaz bir formatdır. Çox sevindirici haldır ki, Azərbaycan Olimpiya Oyunlarında uğurla iştirak edir və idman şöhrətini daim yüksəklərdə saxlayır.
London Yay Olimpiya Oyunlarında qazanılan böyük qələbə!
Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlayıb. Bizim komandamız 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə 10 medal (onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür) qazanıb. Heç şübhəsiz ki, London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları uğurlar böyük əhəmiyyətə malikdir. Belə ki, ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülüb, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutub. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya Hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir. Əgər biz ölkəmizdə idmanın iyirmi il ərzində inkişaf tarixinə nəzər salsaq görərik ki, idman uğurlarımızı ardıcıllıqla artırmışıq. Eyni zamanda, beynəlxalq əlaqələrimiz də genişlənir, möhkəmlənir. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya Komitələrinin fəal üzvüdür. Azərbaycan artıq idman dövlətidir. Bizim uğurlarımız beynəlxalq idman qurumları tərəfindən qiymətləndirilir. İdmanın, Olimpiya Hərəkatının inkişafına verilən beynəlxalq dəstək və qiymət çox yüksək səviyyədədir. Beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə ölkəmizdə çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm Olimpiya, eyni zamanda, qeyri-Olimpiya idman növləri üzrə çempionatlar keçirilib. 17 yaşadək qadınlar arasında futbol üzrə dünya birinciliyi Bakıda, Azərbaycanda çox yüksək səviyyədə keçirilib. Bu təcrübə isə, ölkəmizə imkan verəcək ki, gələcəkdə bundan da böyük beynəlxalq yarışlara ev sahibliyi edək.
Bu gün Azərbaycan dünya birliyində ən qabaqcıl idman dövləti kimi tanınır
Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir. Ölkəmizdə idmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində ən qabaqcıl idman dövləti kimi tanınır. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir. Olimpiya oyunlarında ölkələr bir-biri ilə yarışırlar. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilibdir. Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur. Vaxtilə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, Milli Olimpiya Komitəsinin təşəbbüsü kimi yaranmış bu proqram artıq ölkə üzrə geniş vüsət alıb. Birinci olimpiya idman kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılıb. Ondan sonra Azərbaycanda 35 regional olimpiya kompleksi tikilib istifadəyə verilib. Artıq tam əminliklə demək olar ki, yaxın gələcəkdə ölkəmizdə elə bir şəhər, elə bir yaşayış məntəqəsi qalmayacaq ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək öz peşəkarlıqlarını artırırlar.
Hədəf 2015-dir!
Keçən ilin sonunda - dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, yuxarıda dediklərimizi əyani şəkildə təsdiq edir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib. Bu qərar , böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməyib. İlk oyunların Bakıda keçirilməsi böyük nailiyyət sayılmalıdır. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Həm də nəzərə alaq ki, bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır. Ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, həm də Azərbaycanın dünyada təbliğ olunması baxımından da olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, yariş günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaqdır. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır. Bütün bunlar isə, onu deməyə əsas verir ki, artıq Azərbaycan dünya Olimpiya Hərəkəatının mərkəzinə çevrilir.
Mətləb Salahov
"Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"