PDF Oxu

Siyasət

  • 13

İlham Əliyev: “Bütün iqtisadi uğurlar məqsədyönlü şəkildə ölkəmizin, regionların inkişafına yönəldilir”

İlham Əliyev: “Bütün iqtisadi uğurlar məqsədyönlü şəkildə ölkəmizin, regionların inkişafına yönəldilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə Yevlax şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü: Prezident qeyd edib ki, son illərdə Yevlax rayonunun inkişafı çox sürətli olub: "Böyük quruculuq işləri aparılmışdır, Yevlax müasir şəhərə çevrilmişdir. Böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, xiyabanlar, bulvar tikilmişdir. Keçən dəfə burada olarkən bulvarda da oldum. Çox şadam ki, bu müsbət təcrübə artıq burada da tətbiq olunur. Bakı bulvarı bildiyiniz kimi, genişlənir və artıq yaxın zamanlarda 14 kilometrə çatacaqdır. Yevlax bulvarı tikilib. Kür çayı üzərində yerləşən digər şəhərlərdə bulvarlar tikilir. Bu, gözəl bir təşəbbüsdür və istirahət yeridir, insanların rahatlığı üçün yaradılan yerlərdir. Yevlaxda digər istirahət zonaları yaradılmışdır, parklar, bağçalar, iş yerləri. Bu, mənim Yevlaxa altıncı səfərimdir və son müddət ərzində mən dəfələrlə burada müxtəlif açılışlarda iştirak etmişəm. Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Burada qazlaşdırma uğurla gedir. Şəhər tam qazlaşdırılıbdır və hesab edirəm ki, yaxın aylarda bütün kəndlər də qazlaşdırılacaqdır. Yəni, qazlaşdırma 100 faizə çatacaqdır. İçməli su-kanalizasiya layihəsinin icrası gözlənilir və hesab edirəm ki, bir il ərzində, yaxud da, il yarım ərzində bu məsələ də öz həllini tapacaqdır. Çünki bu, çox ciddi məsələdir. Bildiyiniz kimi, indi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, o cümlədən Yevlaxda da bu, icra ediləcəkdir. Kənd yollarının tikintisi gedir. Bu gün biz bir kənd yolunun açılışını qeyd edəcəyik. Yəni, bütün infrastruktur layihələrinin icrası müsbət istiqamətdə gedir. Bu layihələrin mütləq əksəriyyəti Azərbaycanın dövlət büdcəsi hesabına reallaşır və büdcəmiz də son 10 il ərzində 20 dəfə artmışdır. Yəni, hesab edirəm ki, dünya miqyasında belə artım heç bir yerdə müşahidə olunmur. İqtisadi artım əlbəttə ki, büdcə xərclərinin artımına gətirib çıxarmışdır və bütün iqtisadi uğurlar məqsədyönlü şəkildə ölkəmizin, regionların inkişafına yönəldilir. Şadam ki, ikinci regional inkişaf proqramı uğurla başa çatır. Növbəti proqram hazırlanır və növbəti 5 il ərzində hər bir rayon üzrə, o cümlədən Yevlax rayonu üzrə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Əminəm ki, gələcəkdə biz sizinlə hələ çox görüşəcəyik. Çünki burada açılışlar çox olacaqdır və gözəl tədbirlərdə bir-birimizi təbrik edəcəyik. Azərbaycan dinamik şəkildə, təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində inkişaf edir. Sabitlik əsas idi. Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O vaxt sabitlik yox idi. Müstəqillik əldə edən gənc dövlət demək olar ki, müstəqilliyini əldən verirdi. Ancaq Heydər Əliyevin rəhbərliyi altında sabitlik yarandı. Azərbaycan inkişafa qədəm qoydu və bu gün də bu yolla gedir."

Rayon ictimaiyyəti adından çıxış edən Şahin Kərimov Prezident İlham Əliyevə Yevlaxın inkişafına verdiyi dəstəyə görə təşəkkür etdi. Gənclər adından çıxış edən Əli Quliyev isə ölkəmizdə yürüdülən gənclər siyasətinə verdiyi töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxdı.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşamışdır. Birinci mərhələ 1978-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilmiş, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılmışdı. Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulmuşdu. Uçuş-enmə zolağı işıq-siqnal sistemi ilə təchiz edilmiş, uzaq və yaxın ötürücülər, radiomayak, pelenqator və dispetçer radiolokatoru quraşdırılmışdı. Bu, "Yak-40" reaktiv təyyarələrinin gecə-gündüz qəbulunu təmin etməyə və hava gəmilərində Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax, Yevlax-Minvod-Yevlax istiqamətlərində uçuşların açılmasına imkan vermişdi. Sərnişinlərə xidmət göstərilməsi üçün saatda 100 sərnişin buraxılış qabiliyyəti olan aerovağzal binası da inşa olunmuşdu. Həmin vaxtlar perronda, eyni zamanda, 4 "Yak-40" təyyarəsi yerləşə bilirdi. İkinci istiqamət üzrə "AN-2" tipli kənd təsərrüfatı təyyarələrinə xidmət göstərilməsi üçün baza yaradılmış, onlar üçün anqar, bu təyyarələrin aviasiya və radio avadanlıqlarına xidmət laboratoriyası və akkumulyator binası tikildi. O dövrdə yanacaq-sürtkü materialları anbarı və "AN-2" təyyarələri üçün 60 dayanacaq inşa edilərək hava limanı genişləndirilmişdi. Uçuş və texniki-mühəndis heyətləri, onların ailələri üçün istirahət və yaşayış şəraiti yaradılmışdı. Aviaşəhərciyin ərazisi abadlaşdırılmış, buradakı klub və digər sosial təyinatlı obyektlər təmir edilmişdi.

Prezident İlham Əliyevin diqqət və qayğısı Yevlax hava limanının inkişafında mühüm mərhələ olmuşdur. Məhz bu diqqət və qayğı nəticəsində qısa müddətdə yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilmiş, aerovağzal müasirləşdirilmiş, yardımçı bina və tikililər yenidən bərpa olunmuşdur.

Bildirildi ki, milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulmuşdur. Burada həyata keçirilən işlər ölkəmizdə gedən inkişaf proseslərinin əyani sübutudur.

Hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırıldı ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur.

Qeyd olundu ki, vağzalyanı meydan abadlaşdırılmış, 60 avtomobil tutumlu dayanacaq tikilmişdir. Hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyası inşa olunmuş, 1300 metr uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilmişdir. Bundan əlavə, radionaviqasiya sistemlərinin və işıq-siqnal avadanlığının elektrik enerjisi ilə təmin olunması üçün transformator yarımstansiyası tikilmiş və 250 kilovolt gücündə dizel generatoru quraşdırılmışdır.

Burada təhlükəsizliyin təmin olunması üçün aeroport boyu 9 kilometr uzunluğunda mühafizə hasarı çəkilmişdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələb və normalarına cavab verən, Avropa istehsalı olan radio və meteoavadanlıq - enmə sistemi, meteosistem, hava hərəkətini idarəetmə sistemi və rabitə sistemi quraşdırılmışdır. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaqdır. Hava limanına yeni yol salınmış, böyük abadlıq işləri görülmüşdür.

Sonra xatirə şəkilləri çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Tibb ocağında poliklinika, yoluxucu xəstəliklər, şüa-diaqnostika, qadın məsləhətxanası və ailə planlaşdırma, doğum, qəbul, laboratoriya, urologiya, cərrahiyə, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Bundan əlavə, xəstələr ginekologiya, sterilizasiya, anesteziologiya, reanimasiya, lor, oftalmologiya, daxili xəstəliklər şöbələrinin xidmətlərindən də istifadə edə biləcəklər. Burada müxtəlif cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır. Ən müasir avadanlığın quraşdırıldığı bu tibb ocağında kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, flüoroqraf, 4D və 3D ultrasəs müayinə aparatları, oftalmoloji kombayn və digər müasir qurğular vasitəsilə xəstələrə keyfiyyətli tibbi xidmət göstəriləcəkdir. Bütün bunlar 2003-cü ildən sonrakı dövrün Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi kimi yadda qaldığını təsdiqləyir. Bu dövr ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi böyük və şərəfli yol, ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Həyata keçirilən bu islahatlar isə ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir. Dövlətimizin başçısı xəstəxanada yaradılmış şəraitdən razılığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Prezidenti avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanılmışdır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq bu yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir. Artıq Qaramanlı və digər kəndlərə məsafə 23 kilometr qısalmışdır.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 866 məcburi köçkün ailəsi üçün Bərdədə salınan yeni məhəllədə yaradılan şərait də təsdiqləyir.

Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, son 10 ildə 1,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 61 müasir qəsəbə salınmış, 25,5 min ailə və ya 129 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da indiyədək yeni salınan qəsəbələrə köçürülənlərin 81 faizini təşkil edir. Yeni qəsəbələrin salınmasına Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 547 milyon manat ayrılmışdır ki, bu da ümumilikdə bu məqsədlərə ayrılan vəsaitin 97,6 faizini təşkil edir. Yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmişdir. Minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 82 müasir qəsəbə salınmış, 33 min ailə və ya 159 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ümumilikdə 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Həmin vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı son 10 ildə istifadə olunmuşdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ildəkinə nisbətən 9 dəfə çoxdur.

Dövlətimizin başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış oldu. Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış oldu. Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir.

Bağça ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olundu. Həyətyanı sahədə də abadlıq tədbirləri görülmüş, uşaqlar üçün xüsusi guşələr yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur. Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər quraşdırılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur. Dövlətimizin başçısı məhəllənin baş planı ilə tanış oldu. Bildirildi ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılmış və bu ilin sentyabrında başa çatdırılmışdır. Məktəblə tanışlıq zamanı qeyd olundu ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir.

Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə özünəməxsusluğu ilə diqqəti çəkir. Dövlətimizin başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində oldu. Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət etdi. Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə gəlib. Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verdi. Bildirildi ki, ümumi ərazisi 4 hektar olan bu istirahət məkanında fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Son illərdə bu park sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Prezident İlham Əliyev sentyabrın 10-da Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, bu Mərkəzin yaradılması Azərbaycanın bütün bölgələri kimi, Naftalanın da inkişafına daim diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədinə xidmət edir. Şəhərin Heydər Əliyev Parkında yerləşən Mərkəzin inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 722 kvadratmetrdir. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotostendlər yaradılmışdır. Bu stendlərdə Ümummilli Liderin Naftalana səfirlərini, eləcə də mədəniyyət və idmana göstərdiyi diqqət və qayğını əks etdirən fotolar yer almışdır. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illəri əks etdirən fotolar da böyük maraq doğurur. Bu fotolardan məlum olur ki, Azərbaycanı ən çətin sınaqlardan şərəflə çıxararaq onun müstəqillik dayaqlarını daha da möhkəmləndirən Heydər Əliyevin qoyduğu miras bu gün etibarlı əllərdədir. Xalqımız da böyük oğlunun bu misilsiz xidmətlərini unutmur. Onun ölkə və xalq qarşısındakı xidmətləri hər zaman ehtiramla yad olunur. Naftalan da daxil olmaqla, ölkəmizin bütün bölgələrində yaradılan Heydər Əliyev mərkəzləri də bu amala xidmət edir. Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən bu layihə nəticəsində gənc nəsil Ulu Öndərin irsini daha dərindən öyrənir və bütün bunlar da Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini göstərir.

Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı, elektron kitabxana, xarici dil kursları, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı da yaradılmışdır. Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalanda "Qarabağ" sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sanatoriyanın ümumi sahəsi 5 hektardır. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaqdır. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Tikintialtı sahəsi 9500 kvadratmetr olan sanatoriyada inşaat işlərinin yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bu layihənin icrası nəticəsində təbii ki, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı daha da artacaqdır. Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın da nəhəng turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir. Azərbaycan Prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev və "Qaşaltı" sanatoriyasının həkimi Şahin Babayev Prezident İlham Əliyevə Naftalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər. Sonra Prezident İlham Əliyev "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsini əks etdirən stendlərə baxdı. "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirdi ki, burada su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılmışdır. Şəhərə içməli su Çəkil kəhrizindən və subartezian quyulardan verilir. Naftalanda su şəbəkəsinin uzunluğu 47 kilometrdir. 16 kilometrlik kanalizasiya şəbəkəsi şəhərin kiçik bir hissəsini əhatə edir və istismara yararsızdır. Naftalan şəhəri əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir. "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində həyata keçirilir. Qeyd olundu ki, layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilmişdir. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaqdır. İndiyə qədər kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaqdır. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi. Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamladılar. Sonra aşıq İsfəndiyar Rüstəmov çıxış etdi. Dövlətimizin başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olundu.

Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etdi. Professor Məhərrəm Qasımlı rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi. Daha sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinlədi. Sonra xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Bu musiqi ocağının təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Bildirildi ki, bu ilin iyununda başa çatdırılan tikinti işləri çərçivəsində ikimərtəbəli binada bütün şərait yaradılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. Burada kitabxana və qiraət zalı yaradılmış, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilmişdir.

Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunmuşdur. Burada səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq vardır. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı Sərəncamlarının surətləri asılmışdır. Dövlətimizin başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak edib.

Dövlətimizin başçısı körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış oldu. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, körpü Gədəbəy şəhərinin girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində 1988-ci ildə tikilən üçaşırımlı, 60 metr uzunluğunda olan körpü uzunmüddətli istismardan və təbii aşınmalardan sonra qəzalı vəziyyətə düşmüşdü. Gədəbəy şəhərinə giriş üçün alternativ yol olmadığından yeni körpünün tikilməsinə zərurət yaranmışdı. Körpünün tikintisinə 2012-ci ilin noyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Körpünün uzunluğu 95 metr, eni isə 14 metrdir. Dördaşırımlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan Prezidenti Gədəbəydə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxdı.

Qeyd edildi ki, körpü ilə yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulmuşdur. Yoldakı hərəkət zolaqlarının eni 11,5, piyadalar üçün nəzərdə tutulmuş səkilərin eni 2,5 metrdir. Birinci mərhələdə yolun Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulmuşdur. Yeni yol yatağı tikilərək üzərinə asfalt-beton örtük salınmışdır. Sel sularının təsirindən uçmuş yol kənarları bərpa edilmişdir. Yolun bu hissəsinin uzunluğu 27 kilometrdir. İki hərəkət zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti işləri tamamlanmışdır. İkinci mərhələdə yolun Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcəkdir. Bu hissənin uzunluğu 29 kilometrdir. Layihəyə uyğun olaraq 10 metr enində torpaq yatağının üzərində eni 6 metr olan ikizolaqlı yol tikiləcəkdir. Bundan əlavə bəzi hissələrdə beton suaxıdıcı novların, yol çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə tutulmuşdur. Yolun bu hissəsində hazırda tikinti işləri davam etdirilir. Hər iki layihə "Gəncəkörpütikinti-2" ASC tərəfindən uğurla icra olunmuşdur.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə "Azerbaijan International Mining Company Limited" şirkətinin yeni zavodunun açılışında iştirak edib.

Bildirildi ki, yeni zavodun tikintisinə ötən il başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaqdır ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaqdır. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilmişdir.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilmişdir. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulmuşdur. Bildirildi ki, Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olmuş, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilmişdir. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılmışdır. Həmin dövrdə Almaniyanın "Siemens" şirkəti yataqda mis hasilatı ilə məşğul olmuş, təxminən 2 milyon ton filiz çıxarılmışdır. 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev zavodu işə saldı. Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gədəbəydə "Halal Qida" süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin ümumi dəyəri 4,1 milyon manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilmişdir. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilmişdir. Soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın təmin olunmasına imkan yaradacaqdır. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnologiyası əsasında qurulmuşdur. Burada Gədəbəy və ətraf rayonlardan tədarük olunacaq kartofun yuyulması, çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan çıxarılaraq doğranmış formalarda vakuum qablaşdırılması həyata keçiriləcəkdir. Bildirildi ki, istehsal olunacaq süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Müəssisənin xammal bazası yerli fermerlərdən tədarük olunacaq məhsullar hesabına təmin ediləcəkdir. Bu layihələrin icrası nəticəsində 74 nəfər yeni iş yeri ilə təmin olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə kompleksin tərkibində fəaliyyət göstərən və regionun digər rayonlarında olan istehsal və emal müəssisələri barədə məlumat verdi. Bildirildi ki, Gəncədə "Elba" və "Halal Qida" brendi ilə 5 növdə, 30-a yaxın çeşiddə kolbasa və sosiska, 2 çeşiddə yarımfabrikat - çiy və bişməmiş dönər istehsal edən, illik istehsal gücü 5 min ton olan ət emalı fabriki, Daşkəsəndə illik istehsal gücü min ton olan ət kəsimi fabriki və min tonluq soyuducu anbar, Samuxda illik istehsal gücü 1,6 min ton olan broyler fabriki fəaliyyət göstərir. Hazırda Gəncədə illik 12 min ton ət kəsimi və 3,2 min ton ət emalı gücünə malik olan, Almaniya və Türkiyə texnologiyası əsasında müasir ət kəsimi və emalı fabriki də inşa olunur. İstehsal olunan ət məhsullarının Gəncə-Qazax iqtisadi rayonu ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da satışı həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış dövlət güzəştli kredit vəsaitləri mühüm rol oynayır. Dövlətimizin başçısı gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, müasir texnologiyalar əsasında qurulan süd emalı müəssisəsində ilkin olaraq pendir, qatıq, xama və digər süd məhsullarının istehsalı nəzərdə tutulur. Gələcəkdə İsveçrənin "Tetra Pak" şirkətinin müasir avadanlığı ilə təchiz edilməklə süd məhsullarının ekoloji təmiz qablaşdırılması və daha uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi planlaşdırılır. Burada istehsal olunan məhsullar "Gədəbəy" brendi adı altında buraxılacaqdır.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər